Gürcüstan sərhədindəki tıxac aradan qaldırılıb - Yenilənib+ Video

gurcustan-serhedindeki-tixac-aradan-qaldirilib
Oxunma sayı: 1111

Bu dəqiqələrdə Azərbaycan-Gürcüstan sərhədində bir neçə kilometrlik tıxac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakupost.az-a sərhəddə gözləyən Azərbaycan vətəndaşları məlumat verib. Onlar bildiriblər ki, səhər saatlarından bu vaxta kimi Qırmızı körpüdə növbədə dayanıblar.

Buna səbəb kimi Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsində bitib-tükənməyən yoxlamalar, əməkdaşların ləng fəaliyyəti göstərilir. Gürcüstana dincəlməyə gedən əhali istirahət həvəsinin burunlarından gəldiyini bildirir:

"Qadın, uşaq, hamı səhərdən tıxacda oturub. Gürcüstan tərəfi bizdəki bu qədər yoxlamalara və növbəyə gülür. İnsanlara əzab verirlər. Yük daşıyan "Qazel"lər üçün orta yol var. Gəlib rahat keçirlər. İstirahətə öz avtomobili ilə gedənləri isə belə zülmə düçar edirlər. Yoxlamalarına bir şey demirik, qanun belə deyirsə, olsun. Amma ya işçinin sayını artırsınlar, ya da başqa bir yol düşünsünlər. Belə olmaz axı..."

Qeyd edək ki, Gürcüstan sərhəddində belə anormal, dözülməz vəziyyətə tez-tez rast gəlinir.

***

Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq bu gün səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.
 
Dövlət Gömrük Komitəsinin aidiyyatı qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb.
 
Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.