Gürcüstana səfəri olan şəxslər yolda qala bilər

gurcustana-seferi-olan-sexsler-yolda-qala-biler
Oxunma sayı: 648

Çünki Gürcüstan Respublikasının müvafiq qanunvericiliyinə edilmiş yeni dəyişikliyə əsasən, bu ölkənin ərazisindən tranzit keçən və ya bu ölkəyə səfər edən şəxslər sərhəd-keçid məntəqəsində yoxlanılarkən, əgər onların üzərində xüsusi həkim resepti olmayan ağrıkəsici dərmanlar və ya tərkibində ağrıkəsici maddələr olan dərmanlar aşkar edilərsə, bu zaman onlar saxlanılır və müvafiq istintaq (təhqiqat) araşdırmalarına məruz qalırlar.

“Qafqazinfo” Milli.Az-a istinadən xəbər verir ki, belə bir xoşagəlməz hadisə ötən həftə Gürcüstan-Azərbaycan sərhəddində yaşanıb.
Ötən həftə Gürcüstandan keçməklə avtobusla Türkiyəyə getmək istəyən yaşlı qadın (qadın həm də 2 dəfə insult keçirmiş şəkər xəstəsidir) çantasında ağrıkəsici dərman olduğuna görə Gürcüstan gömrükçüləri tərəfindən sərhəddə 1 sutkadan artıq saxlanılıb. Polis məsələyə müdaxilə edib, araşdırma-təhqiqat işlərinə başlanılıb. Nəhayət, Bakıdan həkimin yazdığı reseptlər və xəstəliyə dair epiqrizlər ora çatdırıldıqdan sonra, qadını sərbəst buraxıblar. Həmin qadınla bərabər eyni avtobusda gedən 30 nəfər üzərində dərman olduğuna görə Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən belə araşdırmalara məruz qalıblar.

Qeyd edilir ki, bu qadının, həmçinin digərlərinin üstündə olan dərmanlar qadağan olunmayan, hətta, bizim apteklərdə reseptsiz satılan adi dərmanlardır.

Gürcüstan sərhəddində dərman qadağasının soydaşlarımız üçün önəmini nəzərə alıb məsələni araşdırdıq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli qəzetə açıqlamasında belə bir qadağadan xəbərsiz olduğunu bildirdi. Ağrıkəsici preparatların uzun siyahısının olduğunu deyən A.Qədirli bu dərmanlardan istənilən şəxsin sərbəst istifadə edə biləcəyini vurğuladı:

- «Analgin» də ağrıkəsicidir, «Baralgin» də… O qədər belə dərmanlar var. Onları istənilən aptekdən reseptsiz almaq olur. Düzü, mən eşitməmişəm ki, Gürcüstan ağrıkəsici dərmanlara qadağa qoyub. Bu, narkotik maddə deyil ki. Mən özüm də tez-tez xarici ölkələrə gedib-gəlirəm. Ailəmlə gedirik, uşaq olur yanımızda. Müxtəlif dərman preparatları götürürük özümüzlə. Başağrısı üçün, təzyiq salmaq üçün. Səfərə çıxan, üstəlik də uşaqla səfərə çıxan adam bunları etməlidir.

Hər ehtimala qarşı özümüzlə dərmanlar götürürük. Bəzən lap reseptlə olan dərmanlar da götürmüşəm. Bu yaxınlarda İngiltərədə olmuşdum. 2 həftə əvvəlsə Rusiyadan gəlmişəm. Xeyli də dərman aparmışdım özümlə. Amma heç bir problemlə qarşılaşmadım. Ona görə də Gürcüstan sərhəddindəki hadisə mənə təəccüblü gəlir. Həm də dərmanların satış həcmində olmadığı da yəqin bilinirmiş. Bəlkə, gömrükçülər nədənsə şübhələniblər, ona görə yoxlama aparılıb? Hər halda mən bu məsələni araşdıracağam.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə Gürcüstan sərhəd-keçid məntəqəsində yaşanan olayı qanuni adlandırdı:

- Gürcüstan qanunvericiliyində belə bir tələb varsa, bu ölkə ərazisinə daxil olan şəxslər ona riayət etməlidir. Gürcüstan qanunvericiliyinə görə, kimyəvi, narkotik tərkibli, hətta yuxugətirici dərmanlar da, məsələn, «Dimedrol», həkim təyinatı üzrə qəbul edilməlidir. Bu dərman preparatları insanda asılılıq yaradır və ətrafdakı insanları da mənfi təsir altına alır. Ona görə də vətəndaşımızın ağrıkəsici dərman preparatına görə yoxlamalara məruz qalması təbii və qanuni haldır. Azərbaycan hökuməti bu barədə vətəndaşları məlumatlandırmalıdır ki, insanlar məlumatlı olsun və belə çətin vəziyyətə düşməsinlər.

Bu səbəbdən Gürcüstan ərazisindən tranzit keçməyə və ya bu ölkəyə səfər etməyə hazırlaşan şəxslərə tövsiyə edilir ki, əlavə problemlərlə üzləşməmək üçün diqqətli olsunlar və özləri ilə reseptsiz dərman preparatları aparmasınlar.

«Borçalı» Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, Gürcüstanda yeni hökumət formalaşdıqdan sonra məmurların əvvəlki elit davranışlarından yayınmalar artıq müşahidə olunur. O cümlədən sərhəd-keçid məntəqəsində də bundan əvvəlki şəffaflıq bir qədər daralıb. Lakin bu, məsələnin siyasiləşdirilməsinə və həmin qadının sırf azərbaycanlı olduğuna görə əlavə yoxlamalara məruz qalmasını deməyə əsas vermir:

- Məsələni siyasiləşdirmək niyyətində deyiləm. Baxmayaraq ki, əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətin həm davranışlarında, həm də şəffaflıq məsələsində mənfi meyllər müşahidə olunur. Görünür, həmin qadının çantasında olan dərman preparatları gömrükçülərdə müəyyən şübhələr yaradıb. Biz işin detallarını bilmirik. Bəlkə dərman preparatlarının həcmi onları şübhəyə salıb. Hər şey ola bilər. Sərhədçinin vəzifəsidir ki, yoxlama aparsın. Sadəcə, mən bunu deyə bilərəm ki, narkotik və psixotrop maddəli, həmçinin sinir sistemini keyləşdirmək gücündə olan dərman preparatları xaric, bir orqanizmin müalicəsi miqyasında dərman preparatı götürmək heç bir ölkədə qadağan deyil. Daşınan dərman preparatları iri həcmdə olmamalıdır.

Yəni yola çıxan adam özüylə hər preparatdan uzaqbaşı bir qutu götürər yəqin. Bu, epizodik bir haldır. Əgər həmin qadın hesab edirsə ki, hüquqları pozulub, ona əsassız təzyiq olub, aidiyyətli qurumlara, eləcə də bizə müraciət edə bilər. Biz məsələni araşdırarıq. Həmin qadın siyasi partiya üzvü, ictimai fəal deyil ki, ona hansısa məqsədli təzyiq olduğunu düşünək. Ümumiyyətlə isə, mən Azərbaycan və Gürcüstan vətəndaşları üçün sərhəd-keçid rejiminin tamamilə sadələşdirilməsini vacib sayıram. Baxmayaraq ki, hazırkı vəziyyəti sadə adlandırırlar, bu, belə deyil. Gürcüstanda yaşayan azərbaycanlıların pasportuna hər səfərdə giriş-çıxış möhürü vurulmamalıdır. Çünki bu insanlar məlum səbəblərdən tez-tez Azərbaycana və Gürcüstana gedib-gəlirlər. Heç olmasa, müəyyən məsafə daxilində bu qayda tətbiq olunmalıdır. Yoxsa ki, hər səfərdə giriş-çıxış möhürü vurulur, insanların pasportu çox qısa bir müddətdə dolur. Məncə, Azərbaycan-Gürcüstan strateji əməkdaşlığı sadələşdirilmiş keçid xidmətinin tətbiqinə tam əsas verir.