Hacı İlqar ittihamlara cavab verdi

haci-ilqar-ittihamlara-cavab-verdi
Oxunma sayı: 653


"İlk olaraq onu qeyd edim ki, Qafqazinfo-da gedən müsahibəmizin başlığı bir qədər kontekstdən çıxarılıb. Bəzən mətbu orqan yazıya diqqət cəlb etmək üçün epataj səciyyəli gedişlər edir, başlıqlar çıxarır. Müsahibənin daxilində idə hər şey doğrudur və fikirlərim əks olunub. Lakin, müsahibəyə qəribə, hətta qeyri-adekvat reaksiyalar da edildi. Görünür bəziləri müsahibəni heç əsla mütaliə etməyiblər. Amma əgər mütaliə edərək belə reaksiya veriblərsə, bu zaman da xüsusi təəccüblənməyə əsas yoxdur. Belə ki, reaksiya verənlərin bu kimi yeri gəldi-gəlmədi hakimiyyətə vəkillik cəhdi etməsi də ilk dəfə baş vermir. Müəyyən tip insanlar haqqımızda müsbət fikir desəydilər, bu, daha təəccüblü olardı.

Narahatlıqlarına səbəb olan nöqtələrə gəldikdə, bir daha bildirirəm ki, hakimiyyətin İslama din olaraq o vaxt qarışmaq hüququ var ki, ölkədə İslam rəsmi din olaraq qəbul olunsun. Bu, bir hüquqi normadır. Hüquqdan ibtidai səviyyədə anlayışı olanlar bilir ki, dövlət-din münasibətləri necə formatlarda, hansı müstəvilərdə, hansı hüquqi konstruksiyalar çərçivəsində tənzimlənir. Ölkədə dövlət orqanlarının dinlə bağlı yürütdüyü xətt o zaman yerində olar ki, rəsmi din amili olsun. Qeyd etdim ki, belə bir ənənə bəzi Avropa ölkələrində xristianlıqla bağlı var. Amma bizdə belə bir məsələ yoxdursa, hakimiyyətn dindaxili məsələlərə birbaşa və ya dolayısı müdaxiləsi - əsassızdır. Ya qanunvericilik dəyişməlidir, ya belə müdaxilələr - dini icmaların münasibətlərindən, iyerarxiyasından tutmuş, təyinat məsələlərinədək - istisna olunmalıdır. Vəkillik cəhdləri edənlərə də bu, tam aydındır. Dövlət orqanlarının dini sahədə işi - dini etiqad və vicdan azadlıqlarının təmini ilə bağlı olmalıdır.

Ümumilikdə isə, bayrağımızın fəlsəfəsinə uygun olaraq, qeyd etdiyim kimi, bəzi Avropa ölkələrində xristisnlığın rəsmi olduğu kimi, bizdə də İslamın bayrağımız kontekstində rəsmi din olaraq qəbul olunmasına müsbət baxıram. Təbii ki, bu, xalqın seçiminə bağlıdır.

O ki, qaldı QMİ-yə - bu qurumun Çar dönəmində yaranmasına, imperiya maraqlarının təmini üçün meydana çıxmasına və tarixən iqtidarların xidmətində olmasını vurğulamağımıza - bu məsələ o qədər aydın və aksiomatikdir ki, buna etiraz etmək istəyənlərlə bağlı aydın təəssürat yaranır.

Eyni zamanda, həbsdə olan inanclı insanları müdafiə etməyimizdən narahatçılıq ifadə etmələri ilə də bağlı da xüsusi şərh verməyə ehtiyac görmürəm. Bir daha bəyan edirəm ki, DEVAMM olaraq həbsə alınmış inanclı insanları siyasi və vicdan məhbusu hesab edirik.

İranla bağlı və digər absurd ittihamlara gəldikdə isə, bu kimi 37-ci ilə xas, bolşevik təfəkküründən irəli gələn yarlıqqoymalara, təbii ki, immunitetimiz var. Görünür bəziləri üçün özünüifadə geyri-mümkün göründüyü üçün, digərləri haqqında başqa cür düşünə bilmirlər. Belələri çox vaxt heç bir mövqeyə, şəxsi təhlilə, özəl baxışa malik olmadıqları üçün, başqalarına da belə haqqı tanımaq istəmirlər. Dərk etmək lazımdır ki, belə reqress təfəkkürlə, dözümsüzlüklə, qıcıqla yaşamaq - artıq mümkünsüzdür. Bu cür yanaşmalar onillər öncə artıq aktuallıqlarını itirmişlər, biriləri isə günümüzdə bunlarla gündəmdə qalmağa cəhd edirlər”.