“Hakim dedi ki, Türkiyənin qapısına 2 penalti verəcəm” - Şok iddia

hakim-dedi-ki-turkiyenin-qapisina-2-penalti-verecem
Oxunma sayı: 2627

UEFA Millətlər Liqasının B divizionu çərçivəsində baş tutan Türkiyə - İsveç oyunu ilə bağlı qalmaqallı iddia ortaya atılıb.  

"Qafqazinfo" xəbər verir ki, bu iddia ilə İsveç milli komandasının üzvü Markus Berq çıxış edib. Futbolçu bildirib ki, qarşılaşmanın rumıniyalı baş hakimi İstvan Kovaç ona ikinci yarıda Türkiyənin əleyhinə iki penalti təyin edəcəyinə söz verib.  

Ölkəsinin mətbuatına açıqlama verən Markus Berq ilk yarıda bir epizodda cərimə meydançası daxilində ayağından zərbə aldığını və bu epizodla bağlı fasilədə hakimlə danışdığını bildirib: "Fasilədə hakimlə söhbətimiz oldu. Mənə "əgər etiraz etdiyin epizod penalti idisə, sənə ikinci hissədə iki penalti verəcəm" dedi".
Berq jurnalistin "Hakimlə danışdıqdan sonra sizə kömək etdi" sualına "Bilmirəm. Mənim bildiyim odu ki, oyunda iki penaltmiz var idi. Amma hakim birini verdi" cavabını verib.  

Qeyd edək ki, İsveç Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qola 71-ci dəqiqədə penaltidən Andreas Qranqvist imza atıb. Nəticədə Türkiyə C Liqasına düşüb, İsveç isə ikinci pilləni tutub.