“Hakimiyyət hərisliyi bizi elə cəlb edir ki...”

hakimiyyet-herisliyi-bizi-ele-celb-edir-ki
Oxunma sayı: 640

“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, bu fikirləri 5 müxalifət partiyasının birliyindən danışarkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Onun sölərinə görə, birliyin yarana bilməməsinə səbəb vahid hədəfin olmamasıdır: “Biz deyəndə ki, müxalifətin birliyi lazımdır prezident seçkilərində müxalifətin vahid namizədlə, vahid komanda ilə çıxış etməsini nəzərdə tuturuq. İndiki halda beşlikdə olan qüvvələrdən ikisi-ADP ilə Ümid Partiyası prezident seçkilərinin hədəf kimi seçilməsini və bunun ətrafında birliyin yaradılmasını istəyir. Digər üç partiya-ALP, KXCP və VİP isə parlament seçkiləri üçün birliyin yaradılmasını istəyir. Belə olan təqdirdə isə 2013-cü il prezident seçkiləri məsələsi açıq qalır. Bu, isə birliyin taleyini bəri başdan sual altın salır. Beş partiyanın birliyi bu səbəbdən rəsmiləşmir, açıq qalır”.

S.Cəlaloğlu bildirib ki, beş partiya Müsavat və AXCP olmadan da birlik yarada bilər. Ancaq bu birlik Azərbaycan müxalifətinin vahid güc mərkəzi olmayacaq. Məlum olacaq ki, müxalifətin iki güc mərkəzi var: “Biz Müsavatla AXCP-nin də birlikdə təmsil olunmasını müxalifətin vahid güc mərkəzinin nəhayət yaranması üçün lazımlı hesab edirik”.

Partiya sədri açıqlamasında müxalifətin prezidentliyə vahid namizəd məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycan müxalifətində vahid namizəd məsələsinin problem olması vahid namizəd, prezident olan şəxsin özünü Allahdan sonra əlçatmaz hesab etməsi ilə bağlıdır: “Biz vahid namizədi Allah kimi seçmirik. Elə siyasi islahatlar nəzərdə tutacağıq ki, seçdiyimiz şəxs indiki kimi avtoritar olmayacaq. Birinci şəxsin kim olması simvolik məna daşıyacaq. Biz düşüncələrimizdə demokrat deyilik. Hakimiyyət hərisliyi bizi elə cəlb edir ki, heç kimi özümüzdən güclü hesab etmirik”.

S. Cəlaloğlu vurğulayıb ki, vahid namizədin kim olması ən axırıncı həll edilməli məsələdir. Bundan əvvəl 3-4 ən vacib məslə var ki, onlar həll edilməlidir: “Biz isə problemlərin heç birini düşünmədən sonuncu məsələni birinci həll etməyə cəhd edirik. Nəticədə heç nə həll edilmir. Birinci adamın kim olmasının ciddi əhəmiyyəti yoxdur. Biz elə şərtlə birliyi yarada bilərik ki, birinci adam olaraq seçdiyimiz şəxs başa düşər ki, birinciliyi müvəqqətidir və ona qeyri-məhdud səlahiyyətlər vermir. Vahid namizədi seçki yolu, ağsaqqallar şurasının yaradılması və vahid namizədi onların seçməsi, püşkatma və digər yollarla seçmək olar”.

Fatimə Kərimli