Hamamda qanunsuz su...

hamamda-qanunsuz-su
Oxunma sayı: 647

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər. Təəssüflər olsun ki, bu cür hallara daha çox şadlıq evlərində, restoranlarda, hamam, camaşırxana, avtoyuma, və s. obyektlərdə rast gəlinir.
“Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının təkcə iyul ayı ərzində həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 75-i Bakı şəhərində, 14-i isə müxtəlif rayonlarda olmaqla içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 89 fakt aşkarlanıb. Müəyyən edilən faktlar aktlaşdırıldıqdan və dəymiş zərər hesablandıqdan sonra 89 fakt üzrə ümumilikdə 160 420 manat dəyərində cərimə tətbiq olunub.

Ümumilikdə 2012-ci ilin yanvar-iyul aylarında “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 914 fakt aşkar edilib, dəymiş zərər qiymətləndirilərək abunəçilər 627 743 manat cərimə olunublar.

Nigar Məmmədli