“Hər kəs öz vəzifəsini narkomanlar qədər dəqiq yerinə yetirsəydi…” - - Qarabağlılar

her-kes-oz-vezifesini-narkomanlar-qeder-deqiq-yerine-yetirseydi-
Oxunma sayı: 4672




Tanınmış jurnalist İlqar Rəsul yeni yazdığı “Qarabağlılar” hekayəsini “Qafqazinfo”ya təqdim edib. Həmin hekayəni oxucuların ixtiyarına veririk:  


Onların üçü də narkoman idi. Müharibə gedən şəhərin narkomanları. Səhərlər evdən çıxıb gəzib dolaşar, pulları olanda satandan, olmayanda dost tanışdan bir-iki baş nəşə tapar, o da olmasa kiminsə hesabına pivə içər, ya da kənddən-kəssəkdən pay gələn meyvə arağı ilə günü yola verərdilər. İçlərinin savadlısı Toğrul idi. Bakıda texnikum bitirmişdi. Bəşirlə Rüstəm orta məktəbi güclə başa vurmuşdular. Üçü də o fikirdə idilər ki, nəşə tapmadıqları günlərin birində öləcəklər. Deyirdilər hallı ölməyin ayrı ləzzəti olar. Yəqin adam heç nə hiss eləməz. Amma nəşə tapanda ölüm heç yadlarına da düşməzdi...

Elə ki tapdılar, tez məhəlləyə qayıdar, gözdən uzaq bir yerdə oturub hallanardılar. Nəşə çəkmək özü də bir incəsənət idi onlar üçün. Otu kazbek papirosuna doldurmaq, yandırmaq, çəkmək. Biri kazbekin tüstününü boşaldır, kağızıını çəkib papirosu uzadır, tütünün yarısını otla qarışdırır, sonra sağ əlinin barmaqları arasında tutduğu kazbeki sol əlinin ovcunda fırlada-fırlada aşağı-yuxarı gəzdirərək oradakı nəşə qarışıq tütünü tələsmədən əvvəlkindən xeyli uzun olan kazbekə doldururdu. Kimsə danışmırdı. Ta ki, proses başa çatıb kazbekin başı çeçələ barmağın uzadılmış dırnağı ilə səliqəli bağlananadək. Sonra nəşəni dolduran kezbeki kibrit qutusunun üstünə qoyub uzadırdı yanındakıların birinə. Hörmət əlaməti olaraq. O da alıb yandırır, bir iki qullab vurur, kazbekin közərmiş ucundakı külü üfürüb onu üçüncü yoldaşına ötürürdü. Beləliklə kazbek son tütününə qədər yanananadək üç nəfərin arasında fırlanırdı. Bütün bu proses səssiz səmirsiz davam edirdi. Əyilib kazbeki yoldaşına ötürən kəs yenə kürəyini divara söykəyir, ciyərlərində saxladığı tüstünü boğazında sıxaraq havaya buraxır, gözləri yol çəkirmiş kimi fikrə gedirdi. Ta ki, kazbek fırlanıb yenidən ona çatana qədər. Bu nəşə çəkmənin pozulmaz qaydası idi onlar üçün. 

Əgər hansısa bir ölkədə hər kəs öz vəzifəsini narkomanların öz ənənələrinə sadiq qaldığı qədər dəqiqliklə yerinə yetirsəydi, yəqin ki, o ölkədə nəinki problem, heç narkoman da olmazdı.

Onları heç kim sevmirdi. Nə döyüşə gedir, nə şəhərin bir çox sakini kimi bütün günü işləyib axşamlar qazanclarından əsgərlərə qonaqlıq verir, nə də gələcək üçün

perspektivli sayılırdılar. Yaşları otuzbeş, qırx arası olardı. Subay idilər. Evlənmək fikirləri də yox idi. Müharibədi, kim nə bilir nə olacaq-deyib yaşayırdılar. Guya ki, müharibə olmasa kimsə onlara qız verəcəkdi...

Amma bir kimsə ilə işləri də olmazdı. Əksinə siqaret çəkən uşaq görəndə tərgitməyi tövsiyyə edərdilər. Qıza, gəlinə sataşanı salamat buraxmazdılar. Oğrularla araları olmazdı. Yaxşı sənətkar idilər üçü də. Maşın ustası. Biri maşının əzik işlərinə baxırdı. O biri mühərrik, digəri də elektrik ustası idi. Amma pul onlara çox lazım olanda işləyirdilər. Deyək ki, kimsə toya çağıranda. O da başqa ustanın sifariş götürdüyü maşınlardan birini düzələdərək. Yoxsa kim idi onlara öz maşınını etibar edən.

Müharibə artıq şəhərin astanasına qədər gəldiyi üçün son vaxtlar heç toy da olmurdu. Hamı arvad-uşağını şəhərdən çıxartmışdı. Kafelərin, çayxanaların həndəvərində adamlar olmasa elə bilərdin şəhərdə heç kim yoxdu. Xüsusilə də bu aralar. Yayın cırhacırında. Axşam sərinləyənədək hamı başını evə soxub küçəyə çıxmırdı. Hərdən orda-burda düşüb partlayan mərmilər də artıq kimsəni qorxudub küçəyə çıxara bilmirdi. Ölüm özünə çox laqeyd münasibətli günlər yaşayırdı bu şəhərdə...

Bu gün nəşə tapmamışdılar. Düzü heç çox axtarmamışdılar da. Səhər evdən çıxıb yaxınlıqdakı çayxanaya dəyib çay içmişdilər. Tanışlardan kimsəni görməyincə günortaya az qalmış məhəlləyə qayıtmışdılar. Toğrula anası Bərdədən bir qazan yarpaq dolması (anası və bacısı bu aralar xalasıgildə qalırdılar) xalası oğlu Kamil də üç litirlik balonla bir tut arağı göndərmişdi. Yanında da təndir çörəyi, motal pendiri və camış qatığı. Pomidor, xiyar, soğan, göy göyərtini Bəşir öz həyətlərindən yığıb gətirmişdi. Kələm turşusu evdə var idi. Rüstəm həmişəki kimi süfrəni hazırlamaq işinə baxırdı. Bacısı olmadğı üçün o belə şeyləri yaxşı bacarırdı. Süfrəni yerdən sərmişdilər ki, təsadüfən yaxınlığa mərmi düşsə arağı dağıtmasın. Ortada yekə boşqabda dolma buğlanırdı. Yanında da soyuducudan indi çıxardılmış üstü tərli dolu üç litirlik balon. Səliqə ilə doğranmış pomidorla xiyarın üstünə göyərti düzlmüşdü. Motal pendiri, qatıq, kələm turşusu, təndir çörəyi də öz yerində.

Rüstəm süfrəyə bir də diqqətlə baxdı. Hər şey yerində idi. Armudu stəkanlara arağı süsüb açıq pəncərədən uşaqları səslədi: - Ə di gəlin görək! Birinci Toğrul özünü yetirdi. Üstü başı su idi. Möhkəmcə əl-üzünü yuduğu hiss olunurdu. Onun ardınca da Bəşir özünü yıxdı süfrənin kənarına. Yerlərini rahatlayan kimi stəkanları götürdülər. Rüstəm təklif elədi ki, bir iki tikə yesinlər, sonra vursunlar. Təklif keçmədi. O da məcbur olub stəkanı götürdü. Üçü də birdən -həminki sağlığa-deyib badələri toqquşdurmaq istəyirdilər ki, bayaqdan ara-sıra eşidilən atışma səsləri xeyli çoxaldı. Dayanıb qulaq verdilər. Hə, döyüş xeyli güclənmişdi. Sanki bir az yaxından gəlirdi güllə səsləri. Bir qədər dinlədikdən sonra Toğrul səbirsizlənib - ə boş şeydi, vurun görək - deyərək dizinin üstündə tutuğu stəkanı süfrənin ortasına tərəf uzatdı. Dostlar da stəkanları uzatmışdılar ki, güllə səsləri daha da yaxından eşidilməyə başladı. Rüstəm yenə dilləndi: - Durun çıxaq görək nə məsələdi.

Toğrul - bunu vuraq, sonra çıxaq baxaq-deyib stəkanı başına çəkmək istəyəndə atışma səsləri sanki küçədən gəldi. Rüstəmlə Bəsir stəkanı süfrəyə qoyub ayağa qalxdılar. Toğrul təkid elədi ki, mən ölüm gəlin bunu vurub çıxaq, dostlar məhəl qoymadılar. Baxaq görək nə məsələdi, qayıdıb vurarıq -deyib özlərini bayıra atdılar. Toğrul da onların arxasınca bayıra çıxdı. Həyət qapısı çox da geniş olmayan dalana açılırdı. Aralığın başından küçə ilə əsgərlərin geri çəkildiyi görünürdü. Demək ermənilər şəhərə girmişdilər. Toğrul aralıqdan küçəyə çıxanda Bəşir arıq, balaca boylu bir əsgərin qolundan tutub saxlamışdı. Əsgər nə qədər yalvarsa da buraxmırdı. Hara gedirsiniz-deyib qışqırırdı. Əsgər -vallah mənlik deyil-deyirdi-hamı çəkilir. Toğrul özünü yetirib əsgərin əlindən avtomatı və ehtiyat güllələri aldı. Bəşirə-burax onu getsin-dedi. Bəşir əsgəri buraxan kimi geri çəkilən başqa bir əsgərin yaxasından yapışdı. Rüstəm də qaçanların birini tutdu. Avtomatlarını, qumbaralarını alıb Toğrulun ardınca düşmən gələn tərəfə qaçdılar. Döyüş artıq şəhərin girəcəyində gedirdi. Əsgərlər yalan demişdilər. Hamı döyüşürdü. Qaçan qorxaqlar idi. Yəni küçədən tutulub zorla cəbhəyə gətirilənlər.

Dostlar hərəsi özünü güllə tutmayan bir yerə verib döyüşməyə başladılar.

Yarım saata yaxın idi vuruşurdular. Aralarındakı məsafə çox deyildi. Ona görə danışmağa da imkan tapırdılar. Toğrul növbəti dəfə qalxıb bir neçə güllə ataraq yerə oturdu. Bəşirə baxıb gülümsünərək:

- Amma vurub gəlsəydək lap yaxşı vuruşardıq.

Bəşir günahı atdı Rüstəmin üzərinə: - Rüstəmdi də, imkan vermədi.

Rüstəm onları eşitməsə də söhbətin özündən getdiyini və təxminən nə olacağını anladı. Gözünü avtomatıın nişangahından çəkmədən - vuruşub gedib vurmağın da öz ləzzəti var - dedi.

Toğrul kinayə ilə - amma dolma o vaxta soyuyacaq, gərək yenidən qızdırasan Rüstəm bacı - deyib bərkdən güldü. Rüstəmdən cavab gəlmədi. Bəşir özünü Rüstəmə yetirəndə o artıq keçinmişdi. Güllə alnından dəymişdi. Ermənilərin yaylım atəşi Toğrulun onlara yaxınlaşmasına imkan vermirdi. Ona görə qorxmuş halda sual dolu nəzərlərini Bəşirin üzünə dikib durmuşdu. Bəşir əlini havada yellədib - Rüstəm getdi - dedi. Ani çaşqınlıqdan sonra ikisi də çığırıb düşmənə atəş açmağa başladılar. Bəşir arxasında gizləndiyi daşın üstünə çıxıb söyərək atırdı. Amma qalxmağı ilə də düşməyi bir oldu. Güllə sinəsindən dəymişdi. Toğrul özünü yetirb başını dizinin üstünə aldı. Bəşir bir kəlmə -sağlıq həmin sağlıqdı-deyib gülümsünürmüş kimi canın tapşırdı...

Artıq ermənilər cəbhəni yarmışdılar. Toğrul avtomatında qalan güllənin hamısını qəfildən başı üzərində peyda olan erməninin bədəninə boşaltdı. Sonra meyitini üstündən kənara itələyib bir müddət də onun avtomatı ilə döyüşərək geri çəkilməyə başladı. Yalnız gülləsi qurtaranda fərqinə vardı ki, evlərindən çox da aralıda deyil. Gözlədi, atışma azca səngiyəndə əyilə-əyilə qaçıb evə girdi. Süfrə necə qoyub getmişdilər, eləcə də qalırdı. Amma dolma daha buğlanmırdı...

Keçib öz yerində orurdu. Dolu stəkanları götürüb ikisini bir, birini də bir əlində tutdu. Sağlıq həmin sağlıqdı-deyib üçünü də toqquşdurdu, sonra bir-bir başına çəkib süfrəyə qoydu. Üzündə tut arağının əzabı gəzişdi. Dolmanın birini götürüb möhkəmcə iylədi, qatığa batırıb ağzına qoydu. Yenə stəkanlara araq süzdü. İkisinin üzərinə çörək kəsib qoydu...

Yarıya qədər dolu stəkan əlində fikrə getmişdi ki, qəfildən evə özü boyda buxunda, təxminən özü yaşda, üzü qırxılmamış, tozun-torpağın içində bir erməni girdi. Otağın ortasında dayanıb avtomatın lüləsini Toğrula tuşlayaraq əvvəl rusca, sonra da azərbaycanca - əllərini qaldır - deyə həyəcanla qışqırdı.

Toğrul bir ayağı dikinə qatlanmış vəziyyətdə oturmuşdu. Dizini dirsəkdən sağ qolunun altına dayaq vermişdi. O biri əlini yerə dayamışdı. Halını pozmadan elə oturduğu yerdən stəkanı tutduğu əli ilə erməniyə süfrəni göstərib-keç otur-dedi.

Erməni bir də əllərini qaldır deyib qışqırdı. Amma bu dəfə səsi bir qədər zəif və tərəddüdlü çıxdı. Toğrulun ona məhəl qoymadığını görüb süfrəyə baxdı. Bu vurhavurda qafqazlı ola, dolma ola, yanında da salatı, turşusu, göy-göyərtisi, pendiri, qatığı, təndir çörəyi, üstəlik də bir balon arağı...

-Tut arağıdı? - erməni süfrədən gözün çəkmədən udqunaraq soruşdu.

- Tut arağıdı - Toğrul cavab verdi.

Erməni sol əli ilə papağından yapışaraq onu qulağına, boynuna sürtə-sürtə başından götürüb alnının tərini sildi. Sağ əlindəki avtomatı Toğrulun avtomatının yanında divara söykədi. Vay mamat kunem - deyərək keçib Toğrulun yanında oturdu. Süfrədə üzərinə bir parça çörək qoyulmuş araq dolu armudu stəkanlara baxıb - bu gün öldülər - deyə soruşaraq cavab gözləmədən təəssüf edirmiş kimi astaca başını yırğaladı. Sonra stəkanın birinin üstündəki çörəyi götürüb iylədi, ciyərlərinə doldurduğu havanı buraxıb - təndir çörəyi-dedi və süfrəyə qoydu. Stəkanı qaldırıb Toğrula baxdı və ucadan dedi:

-Hansı sağlığa içək elli!

Toğrul -sağlıq həmin sağlıqdı-deyib stəkanı başına çəkdi. Erməni də eyni sözləri təkrarlayıb arağı içdi. Üz gözünü turşudub - ara bu nə yaman bərk araqdı - deyərək dolmanın birini qatığa batırıb barmaqları qarışıq ağzına soxdu...

Erməni Qurgen idi. 38 yaşı vardı. Ağdərədə doğulmuşdu. Kəskin erməni ləhcəsi hiss olunsa da digər Qarabağ erməniləri kimi Azərbaycanca yaxşı danışırdı. Müharibə başlayanda aradan çıxıb Rusiyaya gedib. Azərbaycan ordusu Ağdərəni nəzarətə götürəndən sonra valideynlərinə görə geri qayıdıb döyüşməyə başlayıb. O da subay idi. Yəqin ki, müharibəyə görə...

Adama bir stəkan da vurmuşdular. İkisi də süfrəyə baxıb susurdu. Qurgen dolmanın birini götürüb baxdı, baxdı, sonra burnuna tutub qoxladı, - elə bil anam bişirib - deyərək ağzına qoydu...

Növbəti dəfə içməyə hazırlaşanda Qurqen Toğruldan soruşdu: - Ara bu nədi hər dəfə -sağlıq həmin sağlıqdı-deyirsən?

Qarabağ savaşı başlayandan bəri -Toğrul cavab verdi- hər dəfə dostlarımla içəndə - müharibədə ölən azərbaycanlıların və ermənilərin salığına - deyirdik. Toyda, məclisdə olanda da başqaları düz başa düşməz deyə öz aramızda, üstüörtülü yəni - sağlıq həmin sağlıqdı - deyirdik. Sonradan elə belə də qaldı: sağlıq həmin sağlıqdı.

Toğrul bunu deyib Qurqenə baxdı. Qaşlarını ağsaqqalcasına çataraq gülümsünüb stəkanı Qurqenin stəkanına vurdu və başına çəkdi...

Qurqen deyəsən kövrəlmişdi. Arağı içib kələm turşusundan bir çəngə ağzına basdı. Çeynəyə -çeynəyə başını qaldırmadan Toğrula dilləndi: -Ara bir söz deyim? -De. -Ara mənim avtomatımda "patron" yoxdu.

-Narahat olma-Toğrul gülümsündü-mənimki də boşdu.

-Ara mən o patronlarla sizin azəriləri vurmuşam. Bəlkə də bu -stəkanlara işarə edib-sənin dostlarını da. Qurqenin səsi boğulurdu sanki. Arağın insanlığı araya gətirdiyi məqamlardan idi.

-Çörəyini ye, heç mən də avtomatımı havaya boşaltmamışam- Toğrul əlini havada yellədi..

Bir müddət süfrəyə sakitlik çökdü. Bayırda güllə səsləri xeyli zəifləmişdi. Ermənlər yəqin ki, artıq Ağdamın o biri başına qədər irəliləmişdilər. Küçədən hərdən tank, BTR mühərrikinin gurultusu eşidilib yox olurdu. Birdən Qurqen başını qaldırdı, artıq xeyli sərxoş gözlərini Toğrulun gözlərinə zilləyərək - ara biz niyə belə olduq ara-deyib hönkürdü...

Toğrul bir siqaret yandırıb - bilirsən ara - dedi - biz düşüncə etibarı ilə balaca millətlərik. Nə qədər ki, böyüməmşik və Qafqaz Rusiyanın ətəklərindədir, başımıza belə oyunlar çox gətiriləcək. Çarə qalır ona ki, belə qəzalardan mümkün qədər az zərərlə çıxaq...

Yenə sudular... Birdən ikisi də bir birinin üzünə baxıb, bic-bic qımışdılar, Qurqen - eh, cəhənnəm olsun hər şey - deyib sanki özündən nəyisə uzaqlaşdırırmış kimi havada əlin yellədi. Sonra elə həmin əlinin şəhadət barmağını Toğrulun gözləri qarşısında havada saxlayaraq sözlü adam kimi bir an susdu, daha sonra səbri tükənmiş kimi ucadan - hə başla - deyib gözlədi. -Saçın ucuuuuun - Toğrul astadan oxumağa başladı - hööörməzlər..

- Gülü suuulu, dəəərməzlər - Qurqen ona qoşuldu....

Tut arağının təsirindən havalanan “Sarı gəlin” həyəti götürmüşdü başına. Bir şəhərlik sükutun ortasında iki fərqli səsin rəqsi idi bu həmdə...

Cavan rus əsgəri əlində avtomat qapıya təpik vurub donuz kimi içəri girəndə Qurqen şəhadət barmağını Toğrulun sifəti qarşısında yellədərək - yoox, elə deyil, elə deyil, ay nənən ölsün yox, ay nənənq ölsündü, Rəşid Behbudov da elə oxuyurdu -deyib etiraz edirdi.

Səsə çevrilib qapıda dayanaraq təəccüblə onlara baxan rus əsgərini altdan yuxarı süzdülər, sonra ikisi də eyni vaxtda əllərini havada yellədərək - "nu eqo na xren" - deyib oxumağa davam etdilər...

Əsgər gözünü onlardan çəkmədən – tovariş polkovnik!-deyə qapıdan çölə səsləndi. Çox keçmədi ki, içəri yekəpər bir rus polkovniki girdi. Əvvəl Toğrulla Qurqenə, sonra heyrətlə süfrəyə baxıb dedi: Nu kavkazsı, kayfuem?

Toğrulla Qurqen ona da əhəmiyyət vermədən əllərini və başlarını ahənglə yellədərək davam edirdilər: -Bu sevda nə sevdadı, səni mənə veeerməəəəzlər, saaaarı gəəəəlin aman, saaaarı gəəəəlin vay -vay...

Əsgər :

- Tovariş polkovnik, a kto oni, Azerbarjansı ili armyane? Polkovnik: -Da çert yeqo znaet. Etix çernomazıx ne otliçiş. Vse poxoşi druq na druqa. Kajetsa

armyane. No poyut vrode po azerbarjanski. Əsgər:

- A mojet rastrellyat ix? Polkovnik: -Da poşli oni na xuy. Vse ravno oni sami iniçtojyat druq druqa. Nam veleli vzyat qorod, i mı eqo vzyalı. Poydyom soldat...

Qapıdan çıxanda bayaqdan udquna - udquna danışan əsgər dözməyib - tovariş polkovnik, davayte i mı po sto qram vıpyem? Voyna je -deyib süfrəyə işarə etdi.

Eto ne voyna soldat. Eto pozor vsem nam. Poydem poluçim svoyu dolyu i smatıvaemsa iz etoqo proklyatoqo qoroda... Ruslar içməyib gedəndə erməni ilə azərbaycanlı təəccüblə qapıya baxdılar. Toğrul Qurqenə: -Onlar rus deyildilər? -Biz hücuma başlayanda rus idilər. Rənglərini görmürsən ara, sarı gəlin kimi sap sarıdılar-Qurqen güldü. Toğrul da gülərək - bəs necə içmədən getdilər - soruşdu.

Sonra ikisi də birdən daha ürəkdən gülərək - da çort snimi - dedilər, stəkanları götürüb ucadan oxumağa başladırlar:

Ay nənənq ölsün, saaaarı gəəəəlin aman, saaaarı gəəəəlin vay-vay saaaarı gəəəəlin...

Həmin yay gecəsi - işğal olunub yandırılmış şəhərdəki- bütün evlərdən havaya tüstü qalxırdı. Yalnız bir evdən aylı-ulduzu tüstünün altında qalmış səmaya, bir dildə, iki fərqli ləhcədə "Sarı gəlin" mahnısı ucalırdı. Qarabağın ermənisi ilə azərbaycanlısı dolmadan yeyib, tut arağından içib oxuyurdular. Lap o dünyanın düz vaxtlarında olduğu kimi. Birazdan bayaq gözü süfrədə qalan rus əsgərinin atdığı mərmi "Sarı gəlin"i susduracaqdı...

İlqar Rəsul 

Bakı-avqust 2013