Hindistanla əməkdaşlıq genişlənir

hindistanla-emekdasliq-genislenir
Oxunma sayı: 670

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan tərəfindən nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini X.Xələfov, Hindistan tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə Dövlət Katibi Sancay Sinqh başçılıq edib. Tərəflər müxtəlif sahələrdə, xüsusilə də siyasi, ticarət, iqtisadi, neft-kimya, kənd təsərrüfatı, əczaçılıq, mədəni, humanitar, təhsil və enerji sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər. Eyni zamanda qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nazir müavini X.Xələfov Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesi barədə Hindistan tərəfinə məlumat verib. Azərbaycanın Hindistanla əlaqələrə önəm verdiyini və mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan X.Xələfov, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirərək, parlamentlərarası dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının faydalı olacağını qeyd edib.

Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edən Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə Dövlət Katibi Sancay Sinqh Azərbaycan Respublikasının müstəqillyinin 20-ci ildönümü münasibətilə Hindistan Hökumətinin təbriklərini çatdırıb.

Məsləhətləşmələr zamanı informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması, cari ilin noyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının gündəliyi barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda iki ölkə arasında müqavilə hüquq bazasanın genişləndirilməsi məqsədilə hazırda müzakirə mərhələsində olan ikitərəfli sənədlərin razılaşdırılmasının tezləşdirilməsinə dair ümumi razılıq əldə edilib.