Horadiz xalçaçılıq filialı öz fəaliyyətini genişləndirir

horadiz-xalcaciliq-filiali-oz-fealiyyetini-genislendirir
Oxunma sayı: 654

“Azərxalça” ASC-nin Füzuli rayonunda Horadiz şəhərindəki filialında hazırda 70  toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərir. 

Füzuli İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 70 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxuyurlar. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də rayonun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. 

Horadiz xalça filialında füzulili toxucular tərəfindən istehsal olunan xalçaların Medain Azərbaycan brendi altında  müxtəlif ölkələrə ixrac olunması nəzərdə tutulur.

Horadiz xalça filialında istehsalın artırılması üçün əlavə 80 xalça toxucusunun işə qəbuluna başlanılıb. Hazırda rayonun müxtəlif kəndlərindən olan həmin xalça toxucuları üçün tədris kursları keçirilir.