İcra başçısı hesabat verdi

icra-bascisi-hesabat-verdi
Oxunma sayı: 1843

2017-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə Şura yığıncağı keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Şurada çıxış edərək hesabat dövründə ölkə üzrə nəzərdə tutulmuş işlərin vaxtında görüldüyünü bildirib. Bu dövrdə qeyri-neft sektorunda məhsul istehsalının artdığını, iqtisadi göstəricilərin yüksəldiyini diqqətə çatdıran natiq bütün bölgələri kimi, Lənkəranın da sosial-iqtisadi və mədəni həyatında ciddi uğurların qazanıldığını söyləyib. 

İcra başçısı yığıncaq iştirakçılarının diqqətini həmçinin hesabat dövründə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə yönəldərək ötən 9 ay ərzində rayonda ümumi məhsul buraxılışının 2,1 faiz artaraq 310,5 milyon manat, sənayedə 24,8 milyon manatlıq  məhsulun istehsal edildiyini,  sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 19 milyon manat və ümumi həcmdə onun xüsusi çəkisinin 76,8 faiz  təşkil etdiyini qeyd edib. Bildirilib ki, kənd təsərrüfatında işlərin daha  da sürətlənməsi hesabına məhsul istehsalının həcmi artıb. Yeni çay və sitrus plantasiyaları salınıb, çəltik zəmiləri genişləndirilərək 526,5 hektara çatdırılıb, çəltik emalı zavodu tikilib istifadəyə verilib. Cari ildə 1443 ton çəltik məhsulu tədarük olunub və hal-hazırda yığım davam etdirilir. Sahibkarlığa kömək Milli Fondunun xəttilə sahibkarlara və iş adamlarına    352 min  manat güzəştli kreditlər verilib. 

Cari ildə Təngivan kəndində 36 yerlik yeni modul məktəb binası, Moloja kəndində 100 şagird yerlik əlavə tədris korpusu tikilib istifadəyə verilib. Eyni zamanda evləri qəzalı vəziyyətdə olan ailələr üçün rayonun ayrı-ayrı yaşayış mənqətələrində Föfqəladə Hallar Nazirliyi tərəfindən 5 fərdi ev tikilib istifadəyə verilib. Şəhərdə yol-abadlıq işlərinə diqqət artırılmış, Göyşaban yol dairəsindən Heydər Əliyev prospektinə qədər məsafədə 10 min/kvm sahəyə isti asfalt döşənmişdir. Eyni zamanda şəhərdaxili küçələrdə 14,7 min kv/m sahə əsaslı təmir edilərək asfaltlanmışdır. 

Şura iclasında çıxış edən digər natiqlər də ötən 9 ayda rayonun aqrar sektorunda və xidmət sahələrində görülmüş işlər barədə ətraflı məlumat verərək qarşıda duran vəzifələrdən danışıblar. 

İcra başçısı şura iclasını yekunlaşdıraraq qarşıdakı dövrdə nəzərdə tutulmuş vəzifələrin icrasından ötrü bütün imkanların səfərbər olunmasını ilə bağlı müvafiq tapşırıqlarını verib.