İlham Əliyevdən ciddi tapşırıqlar- - Fotolar

ilham-eliyevden-ciddi-tapsiriqlar-
Oxunma sayı: 3698


Xəbər verdiyimiz kimi, bu gün Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak edib. 

“Qafqazinfo”nun xəbərinə görə, Prezident İlham Əliyev müşavirədə nitq söyləyib.

Dövlət başçısı Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyib. O bildirib ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açıb. Prezident bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğuladı. Gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizi tarixi hadisə adlandıran dövlətimizin başçısı bildirdi ki, bu, ölkəmizin qısa müddətdə nə qədər böyük yol keçdiyini göstərdi. Azərbaycan iki il ərzində bu nüfuzlu təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə etdi və bundan sonra da hər zaman müdafiə edəcəkdir. Beynəlxalq imicimizin çox müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev diplomatik orqanların uğurlu fəaliyyətinin bu amildə rolunu qeyd etdi.

Xarici siyasətlə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu bildirən Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, bu istiqamətdə nəticələr yoxdur. Dövlətimizin başçısı Azərbaycanın məsələni dinc yolla həll etmək istəyini bildirdi və qeyd etdi ki, bununla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi, eləcə də beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir. Azərbaycan Prezidenti bu səbəbdən də ordu quruculuğumuzla bağlı aparılan ardıcıl siyasətimizin düzgün olduğunu vurğuladı. 

Prezident İlham Əliyev bildirdi ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcəkdir.

Xarici siyasətimizlə bağlı əsas istiqamətlərdən danışarkən Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini dedi. Daim axtarışda olub yeni əməkdaşlıq formaları barədə fikirləşməyin vacibliyini qeyd edən Prezident İlham Əliyev müsəlman ölkələri ilə əlaqələrdən danışdı və qeyd etdi ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir.

Avropa ölkələrinin ənənəvi tərəfdaşlarımız olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğunu söylədi, Asiya dövlətləri ilə də əməkdaşlığın son illərdə sürətlə inkişaf etdiyini bildirdi.

Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışdı, diaspor təşkilatları ilə səfirliklərimizin birgə fəaliyyətinin önəmini qeyd etdi. Prezident İlham Əliyev, həmçinin enerji diplomatiyasındakı uğurlara diqqəti cəlb etdi, bu imkanların xarici siyasətimizə müsbət təsir göstərdiyini dedi. Bildirdi ki, ölkəmizin bütün istiqamətlərdə düşünülmüş konseptual yanaşmaya söykənən siyasəti vardır və uğurlarımız buna əsaslanır.

Azərbaycan Prezidenti diplomatlara fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.