İlham Əliyevin Qarabağ bəyanatı nədən xəbər verir?

ilham-eliyevin-qarabag-beyanati-neden-xeber-verir
Oxunma sayı: 6490



“Qafqazinfo” xəbər verir ki, “Media forum” saytına danışan politoloq bildirib ki, bəzi fikirləri dövlət başçısı əvvəllər də səsləndirib. Məsələn, “münaqişə həll olunmayana qədər Ermənistanı iqtisadi və regional layihələrdən təcrid edəcəyik”, “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik” və ya “Minsk qrupunun 20 illik fəaliyyəti nəticəsiz qalıb”: “Ancaq İlham Əliyevin sərt üslubda Ermənistana və beynəlxalq aləmə ünvanladığı başqa mesajlar diqqət çəkir. Azərbaycan prezidenti əvvəlki “biz başqa vasitələrdən istifadə edərək də torpaqlarımızı azad edə bilərik” fikrini ayrı cümlə ilə əvəz edib: “Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın”.

İlham Əliyev müharibəni ehtiva edən “başqa vasitələr” ifadəsini konkret olaraq “ikinci mərhələ” ifadəsi ilə əvəz edib. İlham Əliyevin “əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir” ifadəsi isə ondan xəbər verir ki, rəsmi Bakının indiki Ermənistan hakimiyyəti ilə ortaq məxrəcə gəlməsi mümkün deyil.

Və nəhayət, İlham Əliyevin ən yadda qalan digər mesajı: “Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcək”. Bu ifadə nə deməkdir? Azərbaycan danışıqlarda güzəşt olaraq Dağlıq Qarabağ üçün aralıq statusa razılaşıb. Bu təklif Minsk qrupunun hazırladığı Madrid planında da yer alıb. Ancaq İlham Əliyevin 27 may açıqlamasından aydın olur ki, rəsmi Bakı bu məsələdə uzun müddət İrəvandan cavab gözləməyəcək. Dövlət başçısının ifadəsi gələcəkdə də Dağlıq Qarabağda referendum keçirmək haqqının tanınmayacağına işarədir.

Beləliklə, İlham Əliyevin son açıqlamasından bu nəticəyə gəlmək olar. Birincisi, Azərbaycanın güzəşt limiti bitib və Bakı həmsədrlərin “Sərsəng su anbarını birgə istifadə edin”  kimi hansısa yeni “təkliflərini” müzakirə etməkdə maraqlı deyil. İkincisi, münaqişə həll olunmayana qədər Azərbaycanın Ermənistanla hər hansı ortaq layihədə və ya Gömrük İttifaqı kimi təşkilatlarda birgə iştirakı mümkün deyil. Üçüncüsü, rəsmi Bakı hazırkı şəraitdə müharibənin başlamasında maraqlı olmasa da, ordunun silahlandırılmasına və müasir texnika ilə təchizatına milyardlarla dollar xərcləməkdə davam edəcək”.