İnformasiya Texnologiyaları sahəsində elektron təhsil imkanları artacaq

informasiya-texnologiyalari-sahesinde-elektron-tehsil-imkanlari-artacaq
Oxunma sayı: 638

Oktyabrın 23-də Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi daha bir layihəni gənclərin ixtiyarına verib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, “eTədris” adlanan layihənin məqsədi www.etedris.az internet portalı üzərindən informasiya texnologiyaları sahəsində tədrisi təklif etmək məqsədi daşıyır. Bu layihə çərçivəsində hər kəs onu maraqlandıran İT istiqamətləri üzrə öz biliklərini artırmaq imkanı əldə edəcək. Məlumat üçün bildirək ki, layihə çərçivəsində Azərbaycan dilində İT sahəsinə aid elektron məlumatlar hazırlanaraq portalda yerləşdiriləcək, təlimçilərlə müxtəlif mövzular barəsində video konfranslar təşkil ediləcək, elmi məqalələr və elmi işlər üzrə materiallar da saytda yerləşdiriləcək.
Qeyd edək ki, üç ildən çoxdur açılan Barama İnnovasiya Mərkəzi İT sahəsindəki gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verir. Bu müddət ərzində mərkəzin ofisində müxtəlif proqramlar həyata keçirilib, onlarla gənclər hər gün yenilənən texnologiyalar sahəsində biliklərini artırmaq, təcrübə toplamaq imkanı qazanıblar. Barama İnnovasiya Mərkəzində il boyunca layihə və ideyalar qəbul edilir, bəyənilən təşəbbüs müəlliflərinə onların gerçəkləşdirmək imkanı yaradılır.

Nigar Məmmədli