İranda qalstuk qadağası sərtləşdirilir

iranda-qalstuk-qadagasi-sertlesdirilir
Oxunma sayı: 649

“Media forum” saytının məlumatına görə, son günlər İran polisi geyim dükanlarının sahiblərinə xəbərdarlıq edərək onlardan satışda olan qalstukları yığışdırmağı tələb edir. Polislər mağazalarda ardıcıl reydlər keçirir, qalstukları satışdan yığışdırırlar.

İranda köynək istehsalçıları və topdansatış ittifaqına rəhbərlik edən Cavad Durudiyan qalstuk yasağının güclənməsi ilə bağlı jurnalistlərə deyib: “İran islam inqilabı baş verəndən qalstuk satışına qadağa qoyulsa da, bu qadağaya ciddi nəzarət edilmirdi. Vaxtaşırı bu məsələ gündəmə gəlir, polis də əlavə tədbirlər görür”.

Bəzi mənbələr xəbər verir ki, qalstuk yasağına baxmayaraq son illərdə İranın iri şəhərlərində, xüsusən paytaxt Tehranda qalstukdan istifadə edənlərin sayı artıb. Qadağaya toy şənliklərində riayət olunmaması, şənliyə qatılanların qalstuk bağlaması halları da çoxalıb. İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) təşkilatının üzvləri vaxtaşırı Tehranın əsas küçə və meydanlarında gəzir, kişilərin bağladığı qalstukları qayçı ilə kəsib atırlar.