İş çox, işçi az olanda

is-cox-isci-az-olanda
Oxunma sayı: 2080

Dünya SAKİT

Kəndimizin qadın sakinləri üçün yeni iş imkanı yaranıb: Şəmkir aqroparkında. Bu günlərdə eşitdim ki, kəndimizin bir neçə qadın sakini Şəmkir rayonunda yerləşən aqroparkda qablaşdırıcı işində işləməyə başlayıblar. Yolun uzaqlığına – kənddən rayon mərkəzinə, oradan da Şəmkirə - baxmayaraq, qadınlar yaranmış iş imkanından beş əlli yapışıblar. Dediklərinə görə, ilk əvvəl mal çox olanda əmək haqları da yaxşı olub – 350 manat. İndi qış gəlib, yalnız xiyar-pomidor yetişdirilir deyə əmək haqqı 270 manata düşüb. Onun da minimum 70 manatı yol xərcinə gedir. Amma başqa heç bir yerdən gəliri olmayan kənd ailələri üçün 200 manat da böyük məbləğdir.

Nəzərə alsaq ki, tezliklə Tovuzun özündə də aqropark fəaliyyətə başlayacaq, onda kəndimizin daha çox sakininin işlə təmin olunacağını gözləmək olar.
Sovet dövrünün son illərində kəndimizin gənc sakinləri Gəncədə yerləşən pambıq emalı kombinatında işləyirdilər – xüsusi avtobusla gedib-gəlirdilər. Haradasa 15-dən yuxarı gənc oğlan və qız həvəslə hər gün 3 saata yaxın yol gedib-gəlirdilər, amma öz qazancları vardı. Deməyim odur ki, işləmək, ailəni saxlamaq üçün iş imkanı olanda insanlar heç bir ağırlıqdan çəkinmirlər...

İndi böyük müəssisələr çox azdır. Olanlar da işçini mümkün qədər yaxın ərazilərdən  cəlb etməyə çalışırlar. Lakin buna hər zaman nail olmaq olmur – bir sıra sahələr spesifik ixtisaslaşma tələb edir. Belə sahələrdən biri kimi istixana təsərrüfatlarını göstərmək olar. Son illərdə ciddi şəkildə genişlənən, hələ yaxın bir neçə ildə də böyüyəcəyi gözlənilən bu təsərrüfat sahəsində işləmək ixtisaslaşma tələb edir – həm mütəxəssisi, həm fəhləsi üçün. Xüsusilə də müasir texnologiyalar əsasında qurulan istixanalarda ixtisaslı kadr çatışmazlığı indidən hiss olunmaqdadır. Təsərrüfat rəhbərləri istifadə etdikləri arılara, xüsusi suvarma, istilik sistemlərinə keyfiyyətli qulluq göstərə biləcək adamlara ciddi ehtiyac duyurlar.

Azərbaycanda yaradılmaqda olan sənaye-texnologiya parkları, zonaları, məhəllələri, 42 aqropark, azad iqtisadi zonalar... Bunların hamısı ixtisaslı işçilərə ehtiyac yaradacaq. Ən pis variantda belə ixtisaslı işçilərə tələbat indikindən xeyli çox olacaq. 

Ölkənin əmək bazarında tənzimləyici funksiyasını daşıyan dövlət qurumlarının bu amili nəzərə alıb-almadıqlarını bilmirəm. Bildiyim odur ki, həmin qurumlar ən qısa müddətdə əmək bazarının ixtisaslaşma istiqamətlərini öyrənib, yaranmaqda olan sahələr üzrə kadrların hazırlanması üçün işlərə başlamalıdılar. 

Bir vaxtlar turizm sahəsi inkişafa başlayanda eyni vəziyyət yaranmışdı – peşəkar kadr çatışmazlığı hər addımda hiss olunurdu. Bu problem turizm peşə-ixtisas məktəblərinin yaradılması ilə xeyli dərəcədə həllini tapmış oldu.

Ölkədə çoxsaylı peşə-ixtisas təhsili məktəbləri var ki, əksəriyyətində öyrədilən cəmi 3 peşədir – dülgər, çilingər və elektrik, qadınlar üçün saç ustası, dərzilik. Bu məktəblərin bir çoxunda yeni ixtisaslaşma tələb edən sahələr üçün kadr hazırlığını qısa müddətə qurmaq mümkündür. Bunun üçün ilk iş ixtisaslaşma tələb edəcək iş yerlərinin artım dinamikası üzrə dəqiq proqnozlaşdırmanın aparılmasıdır. Ölkə boyu harada hansı ixtisaslara ehtiyac yaranacağını müəyyənləşdirdikdən sonra isə onların hazırlanması təşkil olunmalıdır. Bu prosesə ixtisaslı işçilərə ehtiyacı olan müəssisələr, iş adamlarını da cəlb etmək olar. Hər halda, bu gün kənardan gətirilən işçi daha baha başa gəlir, nəinki yerli işçi. Bu baxımdan, sahibkarların da prosesdə maraqlı olacaqlarını indidən söyləmək mümkündür. 

Ümid edirəm ki, bizim gördüklərimizi müvafiq dövlət qurumları da görürlər və tezliklə əmək bazarının ixtisaslaşmasında dəyişikliklərin şahidi olacağıq...