İstanbulda Laçınla bağlı çıxış

istanbulda-lacinla-bagli-cixis
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, İstanbulda Aydın Universiteti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Türk Ocaqları İstanbul şöbəsinin təşkilatçılığı ilə Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Konfransı açan Aydın Universitetinin rektoru prof.Dr.Yadigar İzmirli Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.

17 may tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü olduğunu qeyd edən Qənirə Paşayeva 18 may tarixinin də Krım türklərinin sürgün günü olduğunu söyləyib.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
Qənirə Paşayeva “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan və tədbir çərçivəsində təqdimatı keçirilən Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabı haqqında da danışıb.

Tədbirdə iştirak edən Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram da 1990-cı illərdə baş vermiş Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb.

Çıxışların ardından konfransda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə hazırlanan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən film nümayiş etdirilib.

Konfransın sonunda Aydın Universiteti rəhbərliyi adından millət vəkili Qənirə Paşayevaya Türk dünyası həqiqətlərinin geniş yayılması istiqamətində gördüyü xidmətlərə görə plaket təqdim edib.