Kənddə yaşayan gənclərə şad xəbər - AMAL-ın təqdimatı oldu

kendde-yasayan-genclere-sad-xeber
Oxunma sayı: 3277

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) təqdimatı keçirilib. “Qafqazinfo” xəbər verir ki, mərasimi giriş sözü ilə açan Kənd təsərrüfatı nazirinin müavoni İlhamə Qədimova layihə haqqında ətraflı məlumat verib.

İ. Qədirova bildirib ki, AMAL kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə şərait yaradan bir təşəbbüsdür:

““AMAL” layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların və məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.

Bu layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək, cəmiyyətin bütün sahələrində olduğu kimi, aqrar sektorda da onların iştirak səviyyəsini artıracaq, yeni nəsil fermerlərin formalaşmasına yol açacaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına şərait yaradacaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıracaq, aqrar sektorda müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təşviqləndirəcək”.

Nazir müavininin sözlərinə görə, Aqrar Məşğulluğun Artırılması Layihəsi ilkin mərhələdə seçilmiş pilot rayonları əhatə edəcək:

"Layihəni Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirəcək”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, layihə 2018 və 2020-vi illəri əhatə edir:

"Ümumiyyətlə meşə və balıqçılıq kimi dayanıqlı kənd təsərrüfatına keçməliyik. Bu keçid 2050-ci ildə dünyada 200 milyon yeni iş yeri açılmasına səbəb olacaq. Ümumilikdə yaşıl kənd təsərrüfatına keçid ekologiyaya və məhsuıdarlığın artmasına müsbət təsir göstərir".

Daha sonra çıxış edən Əmək və əhalinin sosial müdafiəsinin nazir müavini İdris İsayev bildirib ki, işsizlik dünyada insanların əsas problemlərdəndir:

"Əfsuslar olsun ki, hazırda dünyada 70 milyona yaxın gənc işsizdir. Bizdə də gənclərin işsizliyi əsas məsələlərdəndir. Cari ilin nəticələrinə görə ölkəmizdə gənclərin 9,2 faizi, qadınlar arasında isə 11 faizi işsizdir. Bu baxımdan gənclərin aqrar təsərrüfata yönləndirilməsi müsbət nəticədir.

Dünyada olduğu kimi ölkəmizdə də gənclərin işsizlik səviyyəsi normadan 2 dəfə yüksəkdir".

Nazir müavini onu da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq proqramının icrası ilə bağlı 2018-ci ildə 36 milyon manat vəsait sərf ediləcək: “Artıq 7800 şəxs bu proqrama cəlb olunub. Onlara treyninqlər keçirilib, biznes planlarının hazırlanması ilə bağlı biliklər aşılanıb. 6530 şəxs biznes planını təsdiqləyib. Bunun 70 %-ni   aqrar sahədə olan biznes planlar təşkil edir. İlin sonuna qədər proses yekunlaşdırılacaq".

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, layihənin ümumi büdcəsinin bir hissəsi kredit və qrantlardan təşkil olunub:

"İl sonunadək 2 milyon manat ayrılması nəzərdə tutulub.

Layihə çərçivəsində yaşıl ideası olan gənclər üçün 5 min manatdan 200 min manatadək kreditlərin ayrılması nəzərdə tutulub. 30-40 min dəyərində nəzərdə tutulub. İllik faiz dərəcəsi 5% nəzərdə tutulub".

Günel Hacı