Komandamızın intizamlı oynaması Elxan Məmmədovu təəccübləndirib

komandamizin-intizamli-oynamasi-elxan-memmedovu-teeccublendirib
Oxunma sayı: 1831

Avro-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Zaqrebdə Xorvatiya millisi ilə yığmamız arasında keçirilən və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, Assosiasiya rəsmisi həm U-19, həm də əsas milliyə bağlı sualları cavablandırıb.

- İlk növbədə əsas yığma yox, U-19-a dair sual vermək istəyərdik. Avropa çempionatının Elit-raundunda meydan sahibi Rusiya ilə qolsuz bərabərlik sizin üçün nə dərəcədə gözlənilməz oldu? Yəqin ki, oyunu da izləmisiniz...

- Bəli, oyunu Zaqrebdən izləmək imkanınız oldu. Komandamız bu yarışa yaxşı hazırlaşmışdı. Bu turnirdəki ilk oyununda yığmamızdan bacardığının ən yaxşısını ortaya qoyacağını gözləyirdik. Bu matçdan əvvəl baş məşqçi Vüqar Məmmədlə müzakirələrimiz olmuşdu və o da ilk oyunun olduqca önəmli olduğunu bildirmişdi. Hesab edirəm ki, uşaqlar bacarıqlarını ortaya qoydular. Unutmayaq ki, ilk rəqibimiz meydan sahibi idi. Aydın məsələdir ki, Rusiya yığması bu oyuna 3 xal qazanmaq üçün çıxmışdı. Təəssüf ki, biz də 3 xalı əldə edə bilmədik. Hərçənd, bunun üçün imkanlarımız var idi. Hər halda, ilk oyunda ilk xalımızı qazandıq və bu da olduqca vacib idi. Hesab edirəm ki, U-19 start oyunu üçün çox yaxşı nəticə əldə etdi. Bu nəticə ümumi ab-havanı yaxşılaşdırdı.

- U-19-un qarşısında Elit-raundda konkret məqsəd qoyulubmu?

- Komandanın qarşısına qoyulan ilk məqsəd Elit-raunda yüksəlmək vəzifəsi idi. Bunun öhdəsindən gəldikdən dərhal sonra final mərhələsinə vəsiqə vəzifəsi qoyuldu. Futbol elə bir şeydi ki, yerində dayanmaq olmaz. Təbii, anlayırıq ki, Elit-raundda zəif rəqib yoxdur. Çünki ümumi iştirakçı sayının tən yarısı artıq turnirdən uzaqlaşıb. Baxmayaraq ki, final mərhələsi heç bir əlaqəmiz olmayan ölkədə baş tutacaq, məqsədimiz ora yüksəlməkdir.

- İndi isə qayıdaq Xorvatiya - Azərbaycan oyununa. Oyundan əvvəl əksər fikirlər belə idi ki, “xorvatlar bizi kötəkləyəcək”. Nikola Yurçeviç nələri dəyişə bildi və ümumiyyətlə, millimizin oyunundan razı qaldınızmı?

- Yekun nəticədən yox, amma millimizin oyunundan razı qaldıq. Açığı, bizim üçün də dünya çempionatının gümüş mükafatçısı ilə matçda ilk qolu millimizin vurması sürpriz oldu. Görünən budur ki, baş məşqçi oyunu əks-hücumlar üzərində qurmaq tapşırığını vermişdi. 90 dəqiqə ərzində komandamızın intizamlı oynaması bizi də təəccübləndirdi. İlk kəsərli əks-hücumdan sonra Şeydayev fərqlənə bilməsə də, ikinci şansından maksimum yararlandı. Fasilədən sonra da qol epizodlarımız oldu. Xüsusilə, Dmitri Nazarovun epizodunu qeyd edərdim. Elə Rahil Məmmədov da qol imkanı yaxalamışdı. Düşünürdük ki, komanda oyunun sonunda yorulacaq. Lakin millimiz son 10 dəqiqəni hücumda keçirdi. Diqqətinizi bir maraqlı detala da yönəltmək istəyərdim. Oyunun sonlarıdı və favoritlə oyunda hesabda 1:2 geridə olduğumuz vaxtda Yurçevic Qaranı meydandan çıxarır və ikinci forvard - Rüfət Dadaşovu döyüşə ataraq, dünya ikincisi ilə matçı xilas etməyə can atır. Bu da yəqin ki, futbolçularla məşqçinin bir-birlərini hiss etməsindən xəbər verir. Görünür həm komanda, həm də məşqçi bu oyunu xilas etməyin mümkünlüyünü hiss etmişdilər. Unutmayaq ki, Yurçeviç milliyə vur-tut 1 aydır təyin olunub və bu müddət kəsiyində nə toplanış keçirməmişdi, nə də yoxlama oyunu. Bir tərəfdən qrupun favoriti ilə ilk oyunda qarşılaşmaq arzuolunmaz olsa da, digər yandan yaxşıdı. Çünki belədə, əsl gücünü görə bilirsən.

- Sərgilənən futbol millimizin Avro-2020-yə yüksəlməsi üçün nə qədər şans verir?

- Aydın məsələdir ki, qrupun aşkar favoriti Xorvatiyadır. Bu səbəbdən də bütün mübarizə hələ irəlidədir. Düşünürəm ki, bizim üçün ən önəmli oyunlar iyunda olacaq - Macarıstan və Slovakiya ilə qarşılaşmalar.

- Həmin rəsmi görüşlərədək hansısa təlim-məşq toplanışı təşkil olunacaqmı?

- Bəli, mayda toplanış keçirəcəyik. Toplanışı ölkə xaricində təşkil etməyi planlaşdırmışıq. Mayın sonuna təsadüf edəcək hazırlıq zamanı millimiz yoxlama görüşü də keçirəcək.

- Adətən bu sual millinin qələbələrindən sonra səsləndirilir. Hər halda maraqlıdı, mükafat hər oyuna görə qoyulacaq, yoxsa hansısa vəzifənin öhdəsindən gəldikdə?

- Mükafat iki yerə bölünür. Qalib gəldikdə mükafat fondunun 50 faizi ödənilir. Qrupda ilk 2 pillədən birini tuta bilsək, yerdə qalan vəsait də komandaya veriləcək.