Ləğv olunan komitənin sözçüsündən müraciət

legv-olunan-komitenin-sozcusunden-muraciet
Oxunma sayı: 4809

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi haqda sərəncam verib. Ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib. “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya təminatı və elektron idarəetmə şöbəsinin müdiri Fazil Talıblı jurnalistlərə müraciət edərək bildirib ki, komitədə çalışdığı 10 ilə yaxın bir müddətdə hər zaman medianın dəstəyini hiss edib: “Komitənin fəaliyyətinin işıqlandırılmasında birgə işlədik. Qarşılıqlı etimad və dost münasibətlərilə əməkdaşlıq etdik. Bu müddət ərzində göstərdiyiniz diqqətə və sıx əməkdaşlığa görə hər birinizə dərin təşəkkürümü bildirirəm! İnanıram ki, cavabsız sualınız qalmadı. Nə qədər operativ oldum, buna siz qiymət verə bilərsiz. Bundan sonra harda olmağımdan asılı olmayaraq yenə də qulluğunuzdayam. Həyat davam edir, hər şey inkişafa və yaxşılığa doğru aparır. Bir daha sizə minnətdaram”.