Lənkəranın İcra başçısı səyyar qəbul keçirib

lenkeranin-icra-bascisi-seyyar-qebul-kecirib
Oxunma sayı: 1462

Martın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Şağlaser kəndində əhali ilə səyyar qəbul-görüşünü keçirib.  

"Qafqazinfo" xəbər verir ki, icra hakimiyyəti rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərlərinin və yerli sakinlərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ŞİH başçısının Şağlaser ərazi vahidliyi üzrə nümayəndəsi Samid Ağayev son dövrlər ərazidə sosial-iqtisadi inkişafla bağlı görülən işlərdən, o cümlədən kəndara yollarının təmirindən, əhalinin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təchizatından, torpaq adamlarına dövlət tərəfindən subsidiyaların verilməsindən və digər məsələlərdən danışıb.

Qeyd olunub ki, ərazi vahidliyinin Şağlaser, Xarxatan və Cil kəndlərində yeni tipli orta məktəb binaları inşa olunub. Sakinlər Cil kəndində həkim ambullatoriyasına ehtiyac duyulduğunu icra başçısının diqqətinə çatdırıblar.

Görüşdə İcra başçısı Taleh Qaraşov çıxış edərək qeyd edib ki, həyata keçirilən mühüm tədbirlərlə ölkənin iqtisadi inkişafı gücləndikcə yol infrastrukturu ilə yanaşı, yeni məktəblərin, xəstəxana və idman obyektlərinin tikintisi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminatla bağlı layihələr də uğurla icra olunur. Eyni zamanda aqrar sektorun inkişafı ilə əlaqədar möhtərəm Prezidentin tapşırığına uyğun olaraq kənd təsərrüfatının rayonumuz üçün əlverişli olan sitrusçuluq, çayçılıq və çəltikçiliyin inkişafında böyük irəliləyişlərin olduğunu qeyd edən icra başçısı gələcəkdə də bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyini, ölkədə ərzaq bolluğunun yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, sosial rifahının yaxşılaşdırılmasına hər cür köməklik olunacağını diqqətə çatdırıb.

Görüşün sonunda T.Qaraşov sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.