Liderlər zor olmadan sevilməlidir - - Reportaj

liderler-zor-olmadan-sevilmelidir-
Oxunma sayı: 2023


Artıq bu ölkəyə yolumun üçüncü dəfə düşməsinə baxmayaraq bu gediş əvvəlkilərindən tam fərqi idi. Bu dəfə qalib kimi gedirdim... 

APA İnformasiya Agentliyinin əməkdaşı Əli Əhmədov və xanımı Sevinc, “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Elçin Bayramlı və mən. Səfər boyu bizə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin əməkdaşı Zakir Qasımov yoldaşlıq etdi. Əslində, Bakıdan çıxarkən səfərimizin həm də iki ölkə arasında mobil cihazların qeydiyyat sistemi sahəsində qardaş ölkənin təcrübəsindən yararlanmaq olduğunu bilirdik.  Ankaraya gəldiyimiz günün səhəri ilk olaraq BTK –yı (Bilgi Teknolojileri ve İletişim Kurumu) ziyarət etdik. Ankaranın mərkəzində yerləşən hündürmərtəbəli BTK-nın fəaliyyəti ilə Azərbaycanda bu il may ayının 1-dən istifadəyə verilən Mobil Cihazların Qeydiyyat sistemini müqayisə etdik. Burada bizi BTK-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Şükran xanım qarşıladı.   

Söhbət zamanı məlum oldu ki, hazırda Türkiyədə 12 500 min saxta cihaz var. Qurumdakı Çağrı Mərkəzi vasitəsilə vətəndaşlara 7 gün 24 saat xidmət təklif olunur. Hər gün bu mərkəzlər 2500-ə yaxın zəng qəbul edir ki, zənglərin cox hissəsi xaricdən gətirilən cihazlar, İMEİ kodlarla bağlı olur. Rəsmi şəkildə müraciət edənlərin sayı isə gün ərzində bəzən 100-ə çatır. 

Bu ilin ilk üç ayında qurumda idxalat müraciətlərilə bağlı qeydə alınan İMEİ kodların sayı 3 119 676 olub. Xaricdən gətirilən cihazlarla bağlı müraciətlərin sayı isə üç ayda 382 616 olub. Məhkəmə təlimatı ilə bağlanılan cihazların sayı 8231, açılan cihazların sayı 2106 olub.   

2008-ci ildə fəaliyyət göstərən BTK yarandığı gündən Avropa Birliyi, Beynəlxalq Telekommunikasiya Birliyi (ITU), Avropa Telekommunikasiya Standartları İnstitutu başda olmaqla bütün Türkiyəyə qonşu ölkələrlə telekommunikasiya sahəsində işbirliyi həyata keçirir. BTK-nın Türkiyədə Ankara, Diyarbakır,  Ərzurum, İstanbul, İzmir, Mersin və Samsunda bölgə müdürlükləri fəaliyyət göstərir. 

Düzü, BTK-nın təcrübəsi bizdən 5 il əvvələ söykənsə də Azərbaycanda iki aydır fəaliyyət göstərərn Mobil Cihazların Qeydiyyat Sisteminin heç də ondan geri qalmadığının şahidi olduq. Əksinə bəzi məsələlərdə onlar bizim təcrübəmizdən yararlanmağı təklif etdilər.   

BTK-nı ziyarət etdikdən sonra növbəti gedəcək yerimizi müəyyənləşdirdik – Anıtkabır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uyuduğu məkanı yəqin ki hər kəs ömründə bir dəfə də olsa ziyarət etmək arzusunda olub. Biz də arzumuzu gercəkləşdirmək üçün yolumuzu Ankaranın ən yüksək yerində tikilmiş Anıtkabıra saldıq. Hər zaman vətənlərini, millətlərini çox sevdikləri, dəyər verdikləri üçün türklərə həsəd aparırdım. Heç də səhv etməmişəmmiş! Adi günlərdən biri olsa da Atatürkü ziyarət edənlərin sayı hesaba gəlmirdi. Liderlər zor olmadan sevdirilməlidir millətə - eynən Atatürk kimi. 

Bu səfərimdə növbəti arzumu da gercəkləşdirdim. Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət etmək. Ankaraya çatan gündən həmkarlarımla Rəsulzadənin qəbri olan məzarlığın axtarışına çıxdıq. Nəhayət öyrəndik. Taksi sürücüsünə yaxınlaşıb bizi Əsri qəbiristanlığına aparmasını bildirdik. Ləhcəmizdən anlayan sürücü dərhal “həmin qəbiristanlıqda Azərbaycan prezidentinin məzarı var. Orasını deyirsinizmi” dedi. Əvvəl Rəsulzadəni burada kimsənin tanımadığını zənn etmişdik. Məzarlığın girəcəyindəki polisdən qəbirin harada yerləşdiyini soruşduq. Bizə yolu göstərib arxamızca gəlməyə başladı. Bizdən fəqrli olaraq burada sıralanmış məzarların küçələri var idi. 28 May küçəsi bizi həmin tarixi yaradan insana doğru aparırdı. Qəbirə çatar-çatmaz bizə yolu göstərən həmin polis əlində su dolu qablarla yanımıza gəldi. Bizə uzadıb “üzərinə tökün yuyulsun” dedi. Həmin an nələr hiss etdiyimi “hiss edə bilmədim” - sevinc, nifrət, yoxsa... bir millət kimi özümüzü qınadım. Bu qədər zamandır Respublika Günümüzün tarixini yazan şəxsiyyətə bir türk polisi qədər sahib çixa bilməmişik...

Səfərimizin qalan iki gününü İstanbulda keçirdik. Bu dəfə əvvəllər vaxt məhdudluğundan qapısı önündən qayıtdığım Topqapı Sarayını ziyarət etmək qismətim oldu.  

Nigar Məmmədli