Maşın kreditlərinin faizləri düşür

masin-kreditlerinin-faizleri-dusur
Oxunma sayı: 4308


Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı tətbiq etdiyi yeni, daha sərtləşdirilmiş qaydalar kommersiya banklarının kredit portfelinə mənfi təsir edib. Banklardan verilən məlumata görə, təxminən bir aydır qüvvədə olan bu qaydalar nəticəsində kredit verilməsi faizləri 100%-dən 60-70%-ə qədər aşağı düşüb. Gəlir barədə arayış tələbi mütləq olduğundan, hətta banklar mükəmməl kredit tarixçəsi olan daimi müştərilərinə də arayışsız kredit verə bilmir. Müştəriləri itirməmək üçün indi banklar faizlərə və komissyon haqlarına yenidən nəzər salır.

Hazırda ən ağır vəziyyətdə olan avtomobil kreditləridir ki, Mərkəzi Bankın tələbi ilə banklar köhnə maşınları, ümumiyyətlə, kreditləşdirmir. Yeni avtomobilləri kreditə almaq üçün isə ən azı 50% ilkin ödəniş tələb olunur. Bu, həm maşın almaq istəyənləri, həm də bankları çətin duruma salıb. Indi kommersiya bankları tənzimləyici orqanın tələbini pozmamaq şərtilə yeni cəlbedici şərtlərə hazırlaşır.

Bank nümayəndəsinin dediyinə görə, əvvəllər məsələn, avtokredit bir günə verilirdisə, indi banklar çalışır bir neçə saata verilsin. Faiz dərəcələri aşağı salına bilər, müştərinin aylıq ödənişi aşağı olsun. Qrafiki daha uzun qoya bilər, əvvəl 36 aya verirdisə, indi 5 illik, 48 aylıq ola bilər. 

Bütün bu səylər nəticəsində banklar yeni müştərilər qazanmağa ümid edir. Amma buna baxmayaraq bankların itkiləri də qaçılmazdır. Bu itkini qarşılamağın bir yolu da vaxtilə itirilmiş sayılan, vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. 

Iqtisadçı-ekspert Natiq Cəfərli problemin geri qayıtmayan kreditlərin həcminin artması ilə bağlı olduğunu deyir. Mərkəzi Bankın əsas şikayəti ondan ibarət idi ki, kreditlər həddindən artıq sadədir və bu, geri qayıtmayan kreditlərin həcmini artırır. Rəsmi statistikaya görə, ümumi kredit portfelində geri qayıtmayan kreditlərin həcmi artıq 7 faizə çatıb, yəni 1 mlrd manat civarındadır. Bu, banklar üçün ciddi təhdiddir: “Sadəcə olaraq banklar kiçik bir qruplar, oliqarxlar tərəfindən idarə olunduğundan və yüksək faizi saxladığından qazanc yüksək olur, bununla da geri qayıtmayan kreditləri kompensasiya edirdilər. Yəni normal, vaxtı-vaxtında ödəniş edən vətəndaşların çiyninə vaxtında ödəniş etməyən insanların məsuliyyəti də qoyulurdu. Bu çox ciddi bir problem idi”.

Ekspertin sözlərinə görə, əsas problem məhz yüksək faiz dərəcələri idi. Ona görə də problemin kökü kreditlərin sadələşdirilmiş, yaxud çətinləşdirilmiş halda verilməsində deyil. Məsələnin kökündə Azərbaycanda həddindən artıq yüksək faiz dərəcələrinin olması dayanır. Bunun səbəbi isə bankların əksəriyyətinin oliqarxlar, məmurlar tərəfindən idarə olunması və rəqabətli mühitin olmamasıdır. Azərbaycanda bu problemin həlli yolu bazarın liberallaşdırılması və bank sferasına iri xarici bankların buraxılmasına şərait yaratmaqdan keçir. Azərbaycan hökuməti bu məsələdən qaçır. Çünki əgər “Doyç bank”, “SNBS bank”, “British bank” tipli iri, milyardlarla dövriyyəsi olan dünyada məşhur banklar Azərbaycan bazarına giriş əldə etsələr, məmurlara, oliqarxlara tabe olan, onların idarə etdiyi banklar bu rəqabətə davam gətirməyəcək. Çünki onlar daha ucuz və keyfiyyətli kredit şərtləri təklif edəcək. Problemin kökü budur. Yəni hökumət ona görə çıxılmaz vəziyyətdə qalıb ki, şərtləri sərtləşdirir, alınan kreditlərin həcmi azalır və oliqarxların sahib olduğu bankların gəlirləri azalır. Sadələşdirdikdə isə geri qayıtmayan kreditlərin həcmi artır".

Ekspert hesab edir ki, problemin həlli kreditlərin sadə və yaxud qəliz verilməsində deyil. Bazarın kasad və qapalı olmasında, həmçinin monopoliyadadır. Bu problem həll olunmasa çıxış yolu tapmaq mümkün olmayacaq.

"Azadlıq" qəzeti