“Məğlubiyyətin revanşı bizi motivasiya edəcək” - Millimizin üzvü

“Məğlubiyyətin revanşı bizi motivasiya edəcək”
Oxunma sayı: 607

Azərbaycan millisinin hücumçusu İsa Atayev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir.

- Fransa ilə müqayisədə İspaniyaya qarşı oyundan əvvəl komanda üzərində təzyiq yox idi. Amma uğursuz seriyanı qırmaq mümkün olmadı...

- Meydana təzyiq altında çıxmasaq da, İspaniya yığması çox güclü idi. Bu amil tam sərbəst olmağımıza imkan vermədi. Güclü rəqiblə oyunda komandamız yaxşı təsir bağışladı. Uşaqlar çalışdı özlərinin müsbət cəhətlərini göstərsinlər. Məğlub olduğumuz oyunda ispanların hücumları çox oldu, amma biz də sakit dayanmamışdıq. Hesabı bərabərləşdirmək üçün dəfələrlə şansımız oldu, realizə edə bilmədik.

- Realizə edə bilməmək nədən irəli gəlirdi?

- Təcrübəmiz çatmadı. Mənim də epizodum oldu. Oyun elə davam edirdi ki, hesabı bərabərləşdirməyimiz mümkündü. Bunu edə bilsəydik, ¼ finala qrup qalibi kimi yüksələcəkdik.

- Portuqaliya - Ukrayna oyununu izlədiniz ki, bu iki komandadan birinin rəqibimiz olacağını bilirdiniz. Əvvəlcədən hansı komandanı rəqib kimi görməyi arzulayırdın?

- Tam səmimi deyirəm, Portuqaliya ilə qarşılaşmağımızı istəyirdim. 

- Ukrayna ilə müqayisədə Portuqaliya daha güclü və təhlükəli rəqib deyil?

- İki il əvvəl biz bu komanda ilə dünya çempionatının ¼ final mərhələsində qarşılaşmışdıq. Həmin vaxt heyətimizdə 3 itki var idi və bu da onların işinə yaradı, qələbə qazandılar. Başa düşürəm, Portuqaliya Ukraynadan güclüdü. Amma bizi bu rəqibə qarşı həmin məğlubiyyətin revanşı da motivasiya edəcək. 

- Dünya çempionatındakı Portuqaliya ilə hazırkı komandanı müqayisə etsək, hansı güclüdü?

- Hazırkı Portuqaliya daha güclüdü. Dünya çempionatında onlar daha zəif çıxış etmişdilər. Sadəcə, 3 əsas oyunçumuzun yoxluğu onların xeyrinə işləmişdi.

- Amma indi komandamıza heç vaxt uda bilmədiyi Portuqaliyanı yenmək və yarımfinala adlamaq lazımdı, revanş yox..

- Onları udacağıq və mərhələ adlayacağıq. Belədə həm məqsədimizə çatacağıq, həm də revanş alacağıq. 

- Rəqibin hansı cəhətindən ehtiyatlanmalıyıq?

- Joao Matos və Rikardinyo kimi təhlükəli “silah”ları var. Xüsusilə də Rikardinyo dünyanın ən güclülərindən biridi. Ancaq oyun bir nəfərin üzərində qurulmur. Komandamız da özünü yaxşı tərəfdən göstərəcək və yarımfinalçılardan biri olacağıq.

- Rikardinyonu kim bağlaya bilər?

- Təcrübəli oyunçularımız var. Qalo, Rizvan, Xətai, Eduardo kimi arxaya meyilli futzalçılarımız var. Onlar bu işin öhdəsində gələcək gücdədirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi