Məmmədyarov Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edib

memmedyarov-turkdilli-olkelerin-emekdasliq-surasinin-iclasinda-istirak-edib
Oxunma sayı: 643

“Qafqazinfo”nun nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, E.Məmmədyarov türkdilli ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edib. Baş Katib H.Akıncı katibliyin fəaliyyəti və qarşıda duran vəzifələri barədə məlumat verib. İclasda Qazaxıstanda keçiriləcək Zirvə Görüşə hazırlıq məsələləri və qəbul olunacaq sənədlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Nazir E. Məmmədyarov Afrika buynuzundakı humanitar vəziyyətlə bağlı keçirilmiş nazirlərarası görüşdə çıxış edib. Nazir Afrika buynuzundakı humanitar böhranın aradan qaldırılması üçün bütün dövlətlərin həmrəyliyinin vacibliyini diqqətə çatdırıb. Humanitar fəlakətdən əziyyət çəkən Somali, Kenya, Efiopiya və Cibutiyə maliyyə dəstəyi göstərilməsi üçün BMT BA Sessiyası çərçivəsində belə bir tədbirin keçirilməsinin vacibliyini və yardımların artırılmasının zəruriliyini vurğulayıb. Azərbaycanın da təbii fəlakətdən əziyyət çəkən bu ölkələrə dəstək vermək məqsədi ilə yardım etdiyini və bu yardımların gələcəkdə də davam etdiriləcəyini bildirib.

Nazir E.Məmmədyarov, həmçinin ASEAN və İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci nazirlərarası görüşündə də çıxış edib.

XİN-i Antiqua və Barbudanın Baş naziri B.Spenser və Küveytin Xarici İşlər Naziri M.Əl-Sabahla ikitərəfli görüşlər də keçirib. Görüşlərdə regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusi ilə də iqtisadi, enerji, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün səfərlər mübadiləsi, biznes forumların təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.