Mənim adım birinci

menim-adim-birinci
Oxunma sayı: 1156

Fərid Hüseyn

İllər ötür, gözlərimiz, qəlbimiz və beynimiz şahidlik edir ki, Azərbaycan ədəbiyyatı dünyaya çıxa bilmir və üfüqdə bizi hələ uğurun gözlədiyini də demək olmaz. Çoxları səbəb göstərir ki, yaxşı əsərlər yazılmır, təbliğat zəifdi, maddi problemlər var və s.

Fikrimi əhatəli izah etmək üçün bir hadisə danışacağam. Orxan Pamuk Bakıya gələndə bizim yazarlardan biri ona kitabını bağışlayıb. Bir gün sonrasa Pamukdan soruşub: Oxudunuz? Pamuk məəttəl qalıb, kübar bir cavabla qəlb qırmayıb. Bircə bu fakt sübut edir ki, biz çox vaxt özümüz - tərcümeyi-halımız üçün çalışırıq, ədəbiyyat üçün deyil.

Orxan Pamuk danışanda Türkiyə və türk ədəbiyyatı görünür, Eko ön söz yazdığı kitab belə dünyada milyon tirajla çap olunur. Ancaq bizim şöhrəti Qafqazı zəbt edən, adı gələndə Azərbaycan ədəbiyyatı yada düşən yazarımız yoxdur. Necə ki, burda bir-birimizçün yazıb-oxuyuruq, dünya dilinə əsərimiz çevriləndə də elə bil həmin dar mühitdə yayılır. Sözün əsl mənasında, Azərbaycanın dünyaya çıxarası əsərləri var. Sadəcə bir bəlamız da var: Dünya ölkələrinin ədəbiyyatçıları ilə əlaqə quranda elə bil qəsdən gedib ən qeyri-ciddisini, al-verçisini tapırıq. O da kitabı alıb necə gəldi çap edir və bura da 30-40 ədəd göndərir və bununla da iş bitir. Bəlkə ciddi ünvanlara yol tapılsa, bizim ədəbiyyat da dünyada tanınar. İstisna bir-iki ciddi iş də yox deyil, ancaq onların miqyası hələ dünyəvi uğurlara qanadlanmağa tam imkan vermir.

Bir yazıçımız və şairimiz dünyada uğur qazansa, onun şöhrəti neçə-neçə başqa yazarlarımızın müxtəlif seriyalarda əsərlərinin dərc olunmasına kömək edəcək. Azərbaycan ədəbiyyatının ən böyük problemi zamandan geridə qalması olub həmişə. Eyni ildə Azərbaycan ədəbiyyatında və dünya ədəbiyyatında yazılan əsərlərin mövzusuna baxsanız, fərqi görərsiniz. Rus ədəbiyyatından bizə sərrast yazı qabiliyyəti ötürülüb, ancaq heç zaman fikir axını, yenilikçi düşüncə tərzi dünyanı başına götürəcək səviyyədə ötürülməyib. Dünya ədəbiyyatını isə bir çox hallarda təqlid etmişik. Təqlidlə uğur qazanmaqsa inandırıcı deyil, sən nə və necə yazacaqsan ki, Avropaya maraqlı olsun?!

Sovet imperiyasının ədəbiyyatımıza vurduğu üç böyük ziyan olub:

1. Senzuraya vərdiş
2. Özünəməxsusluğun ikinci plana keçirilməsi
3. Lazımsız, şişirdilmiş tiraj

Hər üç problem indi də qalır, bu gün yazılan əsərlərdə özünəməxsusluq çatışmır, şüuraltı olaraq senzura xofu qalır, bəzi yaşlı və orta yaşlı yazarların bir çoxu Sovet imperiyasındakı süni tirajların arzusundadırlar. Sovet imperiyasından qalan bu “miras bəla”lar bugünkü ədəbiyyatın ziyanına işləyir. Yazıçını daim qiymətləndirilmək intizarında qoyur və nəticə etibarı ilə qələm adamını böyük düşüncələrdən uzaq salır. Nəticədə isə “ən böyük uğur” şəxsi uğurlardır...

P.S. Şəxsi uğurlarla köklənməklə bağlı bir hadisəni də xatırlatmaq istəyirəm: Mətbuatda çalışan dostlardan biri yaxın günlərdə maraqlı bir hadisə danışdı. Deməli, millət vəkillərindən ibarət nümayəndə heyəti bir dəfə ciddi siyasi məsələnin müzakirəsi üçün türk dövlətlərindən birinə səfər ediblər. Səfərlə bağlı ünlü bir sayta nümayəndə heyətinin gördüyü işlərlə bağlı informasiya göndərilib. İnformasiya dərc olunandan sonra digər millət vəkillərinin köməkçiləri bir-bir həmin informasiyanı yenidən göndəriblər.

İnformasiyalardakı yeganə fərq isə adları çəkilənlər millət vəkillərinin adının sıralanmasında imiş. Hər informasiya göndərən adını, adı çəkilənlər sırasında birinci yazırmış...