Mətbuat Şurasında türkiyəli jurnalistlərlə görüş keçirilib

metbuat-surasinda-turkiyeli-jurnalistlerle-gorus-kecirilib
Oxunma sayı: 633

MŞ-dan “Qafqazinfo”ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Xocalı qurbanlarının anım tədbirləri ilə əlaqədar ölkəmizə gəlmiş türkiyəli qonaqlar dünən Quba rayonundakı tarixi kütləvi məzarlığı ziyarət ediblər. «Onlar həmçinin bu gün səhər Xocalı faciəsi qurbanları ilə bağlı ucaldılmış abidəyə baş çəkiblər. Ümumən səfər Xocalı həqiqətlərinin Türkiyə mediasında daha yaxından işıqlandırılmasına dəstək göstərmək məqsədi daşıyır. Əlbəttə, qardaş Türkiyə Azərbaycanın düçar olduğu bəlalara həmişə həssas münasibət göstərib. İstərdik ki, bu meyl daha da güclənsin. Mövcud istiqamətdə Türkiyə mediasının rolu böyükdür. Dünyada aparıcı olan və spesifik cəhətləri ilə fərqlənən Türkiyənin kütləvi informasiya vasitələrindən təkcə Xocalı dəhşətini deyil, ümumilikdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq faktını, ümumilikdə türk dünyasına yönələn soyqırımı siyasətini bütün çalarları ilə təqdim etməsini gözləyirik. Əminəm ki, səfər bu baxımdan əhəmiyyətli olacaqdır».

«Todays Zaman» qəzetinin baş redaktor müavini Cəlil Sağır Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirərək Azərbaycan-Türkiyə media əməkdaşlığının özünü xüsusən də Xocalı soyqırımı kimi taleyüklü məsələlərə münasibətdə göstərməsinin vacibliyini önə çəkib. O, ikitərəfli əlaqələrin möhkəmlənməsinin ümumən türk dünyası ilə bağlı proseslərə dəstək baxımından vacibliyini önə çəkib, bu əlaqələrin güc faktoru kimi çıxış edə bilmə imkanlarını yüksəltdiyini vurğulayıb.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu Xocalı soyqırımını ümumilikdə türk dünyasına qarşı törədilmiş vandalizm aktı kimi dəyərləndirib. Diqqəti Türkiyə mətbuatının öncül mövqeyinə yönəldən baş redaktor orada Azərbaycanla bağlı informasiyaların daha çox yer almasının vacibliyindən bəhs edib. «Azərbaycanla Türkiyə arasında iqtisadi, siyasi və eləcə də bir çox digər sahələrdə münasibətlər yüksələn xətlə inkişafdadır. İstərdik ki, mövcud meyl özünü media sektorunda da göstərsin».

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də çıxışında Azərbaycan və Türkiyə arasındakı media sahəsi ilə bağlı əlaqələrdən söhbət açıb. «Son zamanlar mövcud istiqamətdə müəyyən irəliləyişlər də nəzərə çarpmaqdadır. 2011-ci ilin sonunda Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu düzənləndi. Ondan öncə oxşar tədbir Ankarada baş tutmuşdu. Hər iki toplantıda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin yaradılması istiqamətində əhəmiyyətli addımlar atıldı və bu qurum formalaşdırıldı. İndi çalışmaq lazımdır ki, həmin təşkilat çərçivəsində əməkdaşlığımız genişlənsin. O zaman bir çox məsələlərə olduğu kimi, türk dünyası ilə bağlı faciəli məqamlara da müştərək reaksiyamız tutarlı alınacaq», - deyə o vurğulayıb.

«Kanaltürk» telekanalının xəbər müdiri Ərkan Akkus 21 il öncə baş vermiş Xocalı faciəsinin dünyaya çatdırılması ilə əlaqədar işlərin yalnız indi-indi sistemli xarakter almağa başladığını bildirib. «Halbuki ermənilər baş verməsi dünya miqyasında da şübhəylə qarşılanan bir hadisəylə bağlı fəallıq göstərirlər. Soyqrıma dair filmlər çəkirlər. Xocalı isə canlı olaraq kadrlara, fotolentlərə həkk olmuş vəhşətdir. Türk milləti ümumən hisslərə qapılan bir millətdir. Bu kimi məsələlərdə hislərə dalmaqdansa, daha çox iş görülməlidir».

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycanın Türkiyədən gözləntilərinin böyük olduğunu bildirib. O deyib ki, hər bir Azərbaycan türkü özünü eyni zamanda Türkiyə türkü sayır. Özündən gözlədiyini Türkiyə türkündən də gözləyir. Türkiyə mediasının bu kimi məqamları nəzərə alması vacibdir.