Millət vəkilinin çiy nəsihəti

millet-vekilinin-ciy-nesiheti
Oxunma sayı: 3615

Raminə Eyvazqızı

Hər zaman üçün uşaq tərbiyəsinin əsasını təşkil edən bir məsələ var. Təxminən belə şüardır. “Başqasına aid olana əl vurma, toxunma belə!”. İnsanın həyatında sonradan qazanılmış əluzunluq, tamahkarlıq sindromunu bu sözlərin əngəlləyə biləcəyinə inanıram. Söz yox ki, pis vərdişlər irsi xarakter də daşıyır. Əgər valideyn bunu lap əvvəldən demiş olsaydı, indi bəzi vəzifəlilər özü və dili ilə bacara bilərdi.

Millətin vəkillərini iki əsas qrupa bölmək olar: səsi tez-tez çıxanlar və susmağı qızıl bilənlər. Tez-tez dillənmək hələ, qızıl xırdalamaq deyil. Hərdən nüfuzlu və millət vəkilliyində “daşı-daş üstə qoyanlar”ın durub-durub eksprom dediyi söz günlərlə müzakirəyə çevrilir. “Sözün də su kimi lətafəti var”a xəyanət başlayır. Ən popular “tezis” lərilə ortalığı qarışdıran Hadı Rəcəblini götürək. Bir ara müəllimlərin qeydinə qalan Milli Məclisin Sosial-siyasət komissiyasının sədri işdən sonra dolana bilməyənlərə daş hörmək məsləhətini vermişdi. Amma ardını gətirə bilmədi ki, insan eyni vaxtda həm zehni, həm də fiziki işi bir yerdə görəcəkdisə, ali təhsil almağın nə mənası vardı? Yaxud, 130 manat ünvanlı yardım alan kəndliyə pul əvəzinə qoyun verilməsini, qoyunu böyüdüb-başa çatdırılmasını məsləhət görən deputatımız həmin ailənin qoyunla birgə ot yeməyinimi arzulayırdı?

H.Rəcəblinin sonuncu rəyi isə, elə-belə söz deyildi, o torpaq üçün döyüşmüş insanların heysiyyatına toxundu. “Nə edirik, narazıdırlar” cümləsini ağızdan çıxaran şəxs bir az sözlərini redaktə etməliydi. Nə etsəz, çox azdı Hadı müəllim!!! Çünki bu əlüstü narazılığınızı son aprel savaşından sonra canını vermişlərin xatirinə dilə gətirməli deyildiniz. Ən azı həftələrdir, komada olan, şəhidlik və qazilik arasında get-gəldə qalan tankçımıza, Razi Cavadova hörmətsizliyin ən yekəsidir. Raziləri razı salmaq sizin borcunuzdur! Qaziyə ehtiyyatla yanaşmayanın şəhidə münasibəti də elə beləcədir. Bu gün iki təkər üstə(əlil arabasınada) ümidlə yaşayan, bədənindəki qəlpəni öz canı kimi “əzizləyən”, hələ psixoloji əlilliklərini sadalamadığım belə insanlara hörmətsizliyin adı nədir? Lap 15 il əvvəl aldığı maşınının xarab olduğunu deyən, qazi də haqlıdır.

Nə desə, haqlıdır. Niyə də olmasın? 15-20 il əvvəl seçilmiş millət vəkilinin bu gün də həmin kürsüsündə əyləşməsi onun da köhnəlməsi qənaətini vermirmi? Həyatda hər şey kökdən düşür, əşyası da, canlısı da. Tək fərq odur ki, insan yaşı artdıqca kamilləşir, yəni kamilləşməliydi...

Digər millət vəkili, Tibb Universitetinin eks -rektoru Əhliman Əmiraslanov camaatın süni mayalanmaya baş vurmağını məsləhət görür. Milli Məclisin Səhiyyə komissiyasının sədri “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə bu məsələnin daxil olunacağını da bildirib.Onun fikrincə, ölkənin baş dindarı Allahşükür Paşazadədən bu barədə xeyir-dua da alıb. Yəqin, səhiyyəmizdə baş verən “səviyyəli” çevrilişlər arasında yorulan Əhliman müəllimin hələ də məlumatı yoxdur ki, Azərbaycanda süni mayalanma ilə dünyaya gəlmiş uşaqlar artıq şagirdirlər, çoxdan məktəb yolunu tutublar. Onda belə çıxır ki, bu binəvalar qanunsuz şəkildə mövcuddurlar?

Milli Məclisin sosial-siyasət və səhiyyə komissiyaları ən gərəkli orqan olduğu halda, məsələn, bu günə qədər tibbi sığorta, pasiyent, həkim hüquqları kimi vacib məsələlər həll edilməmiş qalır. Səriştəli millət vəkillərinin fikirləri təklifdən çox, məsləhət, nəsihətə oxşayır. Onun da altı boş...

Hərdən adam danışmayan və tanınmayan deputatları daha çox istəyir.