“Münasibətlərə şübhə toxumu səpmək istəyirlər”

munasibetlere-subhe-toxumu-sepmek-isteyirler
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, bu sazişlər nəticəsində Azərbaycanın təbii qazı nəinki Avropa ölkələrinə, Yaxın Şərq dövlətlərinə də ixrac ediləcək. Azərbaycanın öz xarici siyasətində müstəqil xətt həyata keçirdiyini deyən M. Qurbanlının sözlərinə görə, enerji siyasəti də bu kursun tərkib hissəsidir. «Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın xarici siyasətinin əsas qayəsi onun müstəqil siyasət yeritməsindədir. Məhz Azərbaycanın müstəqil siyasət yeritməsi, onun beynəlxalq nüfuzunun artması, eyni zamanda sülhə və təhlükəsizliyə verdiyi töhfənin məntiqi nəticəsidir ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Eyni zamanda, Azərbaycan bölgədə müstəqil enerji siyasətini həyata keçirir. Azərbaycan bu bölgənin mühüm və əhəmiyyətli dövlətlərindən biridir. Ölkəmiz şərqlə qərb arasında körpü rolunu oynayır. Həmçinin, Azərbaycanın dünya enerji bazarına çıxışı və dünya enerji siyasətində yeri və rolu durmadan artır. Təbii ki, ölkəmizin enerji ehtiyatlarının, neft və qazının dünya bazarına çıxarılması üçün müxtəlif yollardan istifadə edir. Azərbaycan bu sahədə də çox düşünülmüş və ardıcıl bir siyasi xətti həyata keçirir. Bu gün Azərbaycanın təbii enerji ehtiyatlarının ixracı üçün yeddi boru kəməri var. Azərbaycan müxtəlif istiqamətlərdə özünün təbii sərvətlərini ixrac etmək qabiliyyətindədir. Bununla yanaşı, ölkəmizin təbii sərvətlərinin ixracında Gürgüstan və Türkiyə üzərindən keçən yollar çox mühüm rol oynamaqdadır» - deyə YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlı bildirib ki, Türkiyə ilə Azərbaycan strateji tərəfdaş və müttəfiq ölkələrdir. Onun sözlərinə görə, ölkəmizin Türkiyə ilə münasibətlərinin ayrı-ayrı sahələrini özündə əks etdirən ikitərəfli müqavilələr mövcuddur: «Məlumdur ki, hələ Ulu öndərimiz Heydər Əliyevin zamanında Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ilə bağlı müzakirələr gedərkən Ulu öndərimiz neftimizin Türkiyə üzərindən ixracına üstünlük vermişdi. Bundan sonra isə Azərbaycan qazının da Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə ixrac edilməsi barədə qərar qəbul olundu. Bunun nəticəsində Azərbaycan qazının Avropa ölkələrinə ixracı təmin edilib. Azərbaycanın təbii qaz ehtiyatları olduqca zəngindir. Ölkəmizin təbii qazının Türkiyə üzərindən Avropa bazarına çıxarılması üçün daim lazımi addımlar atılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə – Azərbaycan münasibətlərindən danışarkən bizin əlaqələrimizin çox dərin əsaslara söykəndiyini qeyd edib. Bu da məlumdur ki, Prezidentimizin son səfəri zamanı Azərbaycan – Türkiyə strateji tərəfdaşlığı ilə bağlı müəyyən danışıqlar aparılıb. Bu danışıqlar nəticəsində iki dövlət arasında bir sıra məsələlər üzrə razılıq əldə edilib. Bildiyimiz kimi bu ölkələrin dostluğu və qardaşlığından qıcıqlanan bəzi dairələr var. Həmin dairələr bu dostluğa əngəl olmaq, ölkələrimiz arasında münasibətlərə şübhə toxumu səpmək üçün müxtəlif vasitələrə əl atırlar. Amma bütün bunların qarşısı Azərbaycan və Türkiyə tərəfindən qətiyyətlə alınır».

Türkiyə ilə imzalanmış sazişlərin Azərbaycanın milli maraqlarına uyğun olduğunu deyən M.Qurbanlının sözlərinə görə, bu sazişlərin imzalanması yeni qaz kəmərinin çəkilməsi zərurətini də ortaya çıxarır. O bildirib ki, belə bir qaz kəmərinin çəkilişi Xəzər hövzəsindəki qaz ehtiyatlarının dünya bazarına çıxarılması üçün əlverişli və strateji xəttin yaranmasına gətirib çıxaracaq.

«Təbii ki, bu qaz kəmərinin çəkildiyi təqdirdə ondan nəinki Azərbaycan, həmçinin, Türkmənistan və digər Xəzər hövzəsi ölkələri istifadə edə biləcək. Bu gün Cənubi Qafqazda enerji siyasəti ilə əlaqədar çox əlverişli vəziyyət yaranıb və Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirib həyata keçirdiyi xarici siyasət xətti çox uğurlu nəticələr verməkdədir. Prezidentimizin Türkiyədə apardığı danışıqlar və imzalanan sazişlər tamimilə ölkəmizin milli maraqlarına uyğun addımlardır. Bütün bunları Azərbaycan və Türkiyə cəmiyyətləri birmənalı şəkildə müdafiə edir»- deyə YAP İcra katibinin müavini vurğulayıb.