“Münəccim deyiləm” - Roman Qriqorçuk

muneccim-deyilem
Oxunma sayı: 1230

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Sport24.az- saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

-    Qarşıdan gələn turda çempiona qarşı oyuna hazırlıq necə gedir?

-    Hər şey öz axarı ilə davam edir. Məşqlərimizi bir oyuna görə qurmuruq. Çalışırıq ki, öz oyunumuzu müsbətə doğru dəyişək. Əminəm ki, bunu edəcəyik də. Əlbəttə, oyun keyfiyyətində nəzərəçarpacaq dəyişikliyə bir göz qırpımında nail olmaq mümkün deyil. Lakin gec-tez istədiyimizi həyata keçirəcəyik.

-    Heyətdə vəziyyət necədi?

-    Sevindiricidi ki, Vitali Vernidubla Voislav Stankoviç sıralarımıza dönüblər. İnanırıq ki, “Qarabağ”a qarşı forma geyinə biləcəklər. Stiven Monrozun qırmızı vərəqəyə görə aldığı cəza müddəti də başa çatıb və onun da xidmətindən yararlana bilərik. 

-    Siz fərdlər üzərində dayanmağı sevməsəniz də, yəqin etiraf edərsiniz ki, “Qəbələ”nin “onurğa sütunu” Filip Ozobiçdi. Mərkəz yarımmüdafiəçiniz “Qarabağ”la görüşdə də meydanda olmayacaq?

-    Nəinki “Qarabağ”la, hələ daha bir neçə turda Ozobiç bizə kömək edə bilməyəcək. Filip fərdi məşqlərə hələ yeni başlayıb. Qrup halında tam məşqlərə başlamalı, daha sonra müəyyən kondisiyalara çatmalıdı ki, biz onun xidmətindən yararlana bilək.

-    İlk dövrədə məğlub olduğunuz “Qarabağ”dan evdə əvəz çıxa biləcəksiniz?

-    Biz ilk dövrədəki oyundan da xal və ya xallarla ayrıla bilərdik. Oyunun gedişatı elə alındı ki, tərəzinin gözü istənilən tərəfə yönələ bilərdi. Sadəcə, rəqibdən fərqli olaraq, biz imkanlarımızdan yararlana bilmədik. Bilavasitə sualınıza gəlincə, münəccimliyi bacarmıram. Proqnoz vermək heç də uğurlu peşə deyil. Mən ancaq ümid edə bilərəm ki, biz ən yaxşı oyunumuzu keçirə biləcəyik.

-    2 gündən sonra Azərbaycanı Çempionlar Liqasının qrupunda təmsil edən komandaya qarşı oynayacaqsınız. Futbolçularda psixoloji gərginlik hiss olunmur?

-    “Qəbələ”nin futbolçularının əksəriyyəti təcrübəli oyunçulardı. Onların psixoloji sıxıntı yaşamasına inanmıram. Ancaq motivasiya fərqli ola bilər və olmalıdı da. Hər kəs anlamalıdı ki, rəqib Avropanın 32 ən yaxşı klubu sırasında yer alıb və hazırda Çempionlar Liqasının qrupunda mübarizə aparır.

-    Son illər “Qəbələ” ilə “Qarabağ” arasındakı bütün oyunlar olduqca baxımlı alınıb: sürət, açıq futbol. Bazar günü istisna olmayacaq?

-    Doğru qeyd etdiniz, həqiqətən də futbolsevərlər hər dəfə aramızdakı matçlarda maraqlı oyunlar izləyirlər. Düşünürəm ki, bu dəfə də belə olacaq. Bizim futbol fəlsəfəmiz dəyişməyib. “Qəbələ” hücum etməyi sevir və rəqibin imkan verdiyi qədər bunu edir. Bilirsiz, qapanaraq da futbol oynamaq olar. Bəzi hallarda bu cür oyun üslubu qələbə gətirər. Ancaq sistematik şəkildə qalib gəlmək istəyirsənsə, mütləq hücum futbolu oynamalısan. Bu fəlsəfəmiz heç vaxt dəyişməyəcək.