“Muştuluq ver, qız atası oldum” - Araşdırma

mustuluq-ver-qiz-atasi-oldum
Oxunma sayı: 3116

Başlıq təəccübləndirməsin. Qız atası olmaq istəyən, qızını başının tacı edən kəslər də var aramızda. Bizdə "qız atası"nın vəzifələri və yükü başqalarından daha çoxdur. Maraqlıdır ki, körpələr dünyaya gələndə, qadından çox kişilər üçün "oğul atası oldun!", "qız atası oldun!" təbrikləri eşidilir. Çox istərdik ki, körpələr doğulanda, ata, anaya "nəyin oldu" yox, "kimin oldu" sualı verilsin. "Nə" kəlməsi övlada insan kimi baxılmasına bu başdan xəsarət yetirir. Bundan sonra həmin "nə"yin içində cinsin axtarılması marağı durur. Maraq da, nə maraq. Nə olardı ki, hamımızın arzusu sağlam övladdan yana olardı.

Qəhrəmanın qadını, kişisi olmur!

Cəmiyyətin daha çox kişilər tərəfindən "oğlum olsun", ya da "birinci oğlum olsun" arzu- duaları davam edir. Ta qədimdən babalarımız da nənələrimizə "mənə oğul doğ" təvəqqələrini gizlətməyiblər. Bəs oğulu dünyaya gətirən də keçmişdə dünyaya gəlmiş qız övladı deyilmi? Tarixin ayrı-ayrı zaman kəsiyində, hələ də bu nəhəng sorğu-sualdan qurtulmamışıq. Mövzunu ( mövzu üzrə birinci yazı:http://qafqazinfo.az/news/detail/azerbaycanin-oglum-olsun-belasi-151145) bu dəfə daha çox pozitiv notlara yükləmək  üçün Azərbaycanın məşhur və ictimai qadınlarının bir neçəsini xatırlatmaq istəyərdim. İlk diplomat qadın Sara Xatundan(XV əsr) üzübəri  həmin ilkə imza atan qadınlarımızı hörmətlə anırıq. Azərbaycanın ilk qadın aktrisası, Əhmədin qızı Gövhər Qazıyeva(1887-1960), Ələsgərin qızı Leyla Məmmədbəyova (1909-1989) Qafqazda, Yaxın Şərqdə ilk qadın təyyarəçisi olmuş, Ismayılın qızı ilk qadın bəstəkarımız Ağabacı Rzayeva(1912-1975) , ilk qadın xarici işlər nazirimiz və neft mühəndisimiz Tahirə Tahirova Əkbər qızı(1913-1991),  Şərqdə ilk opera yazan qadınımız  Şəfiqə Qulam qızı Axundova( 1924-2013), ilk qadın kinoaktrisamız və kimyaçı akademikimiz İzzətxanım Mirzəağa qızı Orucova (1909-1983)... 

Bu qadınlar atalarının başını və adını tarixə yazdırıb. Bəlkə də, dünyaya qız gəldikləri üçün vaxtıyilə atalarının dilə gətirdiyi ya da gətirmədiyi nisgilləri olub. Amma atalarının qızlarıdır onlar. Fəxri siyahını uzatmaq da olar, qürurverici qadınlarımızın sayı bitib-tükənmir. Bu gün də tarixə adını yazan və yazacaq qadınlarımızın əhatəsindəyik.

Bu yerdə canlı qəhrəmanımız Azərbaycanın ilk snayper qadını Növrəstə Yusifovla kiçik dialoq qururuq. Qarabağ müharibəsinin canlı qəhrəmanı “Qafqazinfo”ya deyib ki, "qız uşağı olan ailələri daha çox sevirəm, ailədə 3 bacı olmuşuq." "Qız tək övlad deyil, qayğıkeş, fədəkar insan, anadır. Cinsi ayrıseçkilik edən insanlar cahilcə düşünürlər, insana elə insan kimi baxmaq lazımdır. Keyfiyyətli insanın cinsi olmaz. Qadınlar tanıyıram ki, elə ağır həyat yolu keçiblər amma fədəkarlıqdan bezməyiblər. Qızları zəif bilməsinlər, əsla. Müharibəyə gedəndə  qadın olduğumu bir an belə fikirləşməmişəm. Vətən üçün qadın, kişi söhbəti ola bilməz! Döyüş həyatımla tarixə Azərbaycanın ilk snayper qadın kimi düşməyimdən çox, qadının gücünü, qüvvətini sübuta yetirməyimlə fəxr edirəm. Bir qadının cəmiyyətə verdiyi xeyiri heç kəs hesablaya bilməz! Gəlin qadınlarımızın sayını artıraq!" Qeyd edək ki, dünyada ən nüfuzlu, peşəkar snayperlər məhz qadınlardır. Səbəbsə, qadının səbri, diqqəti, güclü hissiyatı, dayanıqlılığıdır. 

Qız atası necəsən?

Ötən əsrin əvvəlləri və Sovet Azərbaycanı dövründə belə qız uşaqları olan çox kişi övladlarına görə özünə də, ailəsinə də əziyyət verib. Məşhurların dilindən bunu çox eşitmək olur. Hətta 70-lərin filmlərində bunu sezmək olur. "Mən mahnı qoşuram" (1970) filmində 4 qızı olan ailənin 10 yaşlı istedadlı Sonasına atası oxumağa izn vermir. Yaxud "Alma almaya bənzər "b/f-də ( 1975) 7 qızı olan, 8-ci uşağı oğlan doğulan obrazın sevinci, yerişinin belə dəyişməsi gülüş doğurur.

Yəqin toy -büsatda qız atalarını müşahidə etmisiz. Bəziləri üçün baş verənlərin fərqi yoxdur, bəzisi fərqindədir, bəzisi qızının sonrakı taleyini düşünməkdən dilxordur, bir qismi qızını gözəl yetişdirdiyi, tərbiyə, təhsilini verdiyindən məmundur. Sonuncu ataların ürəyi daha rahatdır. Amma hər şeydən əvvəl bir ata və ana dünyaya gələn qızı ya oğlanı üçün hədsiz sevinməlidir. Azərbaycanda qız atası olmaq böyük məsuliyyət və qayğıdır. 

Həmsöhbətim İsmayıl Nəsiblinin iki qızı var. Gənc atanın fikrincə, ata olmaq üçün övladın cinsini düşünməzlər. "Çünkü bir neçə tanıdığım insan var ki, övlad üzünə hələ də həsrətdir. Buna görə də Allahıma şükür etmişəm. Beynimdən də belə bir fikir keçirməmişəm ki, ilk övladım qız və ya oğlan olsun. Nə yaxşı ki, 2 qız atasıyam. Birinci qızım dünyaya gələndə ata hissini ilk dəfə yaşadığım üçün sevinmişəm. İkinci dəfə də təcrübəli ata kimi təkrar sevinmişəm. İkisi də canlarımdır. Hər ikisinə eyni sevinci, xoşbəxtliyi də yaşadacam. İkinci övladımın qız olduğunu biləndə tək ürəyimdən keçənlər bu oldu: böyük qızıma bacı, dost və yaxın rəfiqə dünyaya gəlib. Ailədə uşaq varsa, bu, ailənin sütununu daha da möhkəmləndirir. Övlad evin bəzəyi, yaraşığı, gülü və çiçəyidir. Allah hər bir ailəyə övlad qismət eləsin. Xüsusi ilə qız uşağı. Ona görə ki, atanın qayğısına qalan qız övladı olur. Qızlar atalarına daha çox bağlıdır. Bunu hər kəs deyir. Qızlarım İnci və Həmidə ilə bir-birimizə çox bağlıyıq. Qızlarımla ata-bala olmaqla yanaşı, həm də onlarla yaxın dost olmağı arzulayıram." Gənc atanın səmimiyyətinə heç şübhə etmədən belə bir sual ünvanlayıram. Bəs üçüncü övladın oğlan olmasını arzulayarsan?  "Yox, arzu etməmişəm, nə də etmirəm. Biz ailədə üç qardaş olmuşuq. Bacımız olmayıb. Uşaq vaxtı bacımın olmadığına görə sevinmişəm, bilmirəm niyə. Böyüyəndə isə deyirdim ki, "kaş bacım olaydı". Qardaşımın da iki qız övladı var. Hətta həyat yoldaşımın bacısının da (gülür). Və biz buna görə çox xoşbəxtik. Sadəcə şükür etmək lazımdır. Ayrıseçkilik edən insanların isə fikri mənə çatmır. Siz qız övladlarınızı da sevin ki, onların sevincini qazanasız. Düzdü, oğlan övladı da lazımdır. Amma qız övladlarına isə sevgini az göstərməklə heç nə əldə etmirsiz! Hər ikisinə eynə gözlə baxın, eyni sevgini verin!"

SOS! Acı həqiqət.

BMT hesabatlarına görə, Azərbaycan 1990-ci illərdən bəri dünyaya gələn uşaqların cins nisbətinə görə dünya üzrə Çindən (hər doğulan 100 qıza, 120 oğlan düşür) sonra 2-ci yeri tutur. Ardınca Ermənstan , Gürcüstan, Koreya beşliyi (BMT, 2011 hesabatı) paylaşır. Normalda hər doğulan 100 qız uşağına 105 oğlan düşməlidirsə, bizdə hər doğulan 100 qıza 116 oğlan düşür. Hətta Azərbaycan qız uşaqlarını seçib öldürən Hindistandan (hər doğulan 100 qıza 108 oğlan düşür) öndədir. Selektiv abortları dayandıraq! 

 "Atam deyir, təhsil oğlandan çox qıza lazımdır"

Xeyriyyəçi H.Z. Tağıyev də qadının təhsilinin cəmiyyətə yararını tək fikir olaraq vurğulamamış, həm də əməllə sübuta yetirmişdi. Çətin dövr üçün açdırdığı Qızlar məktəbi qadınlara dəstəyin ən böyüyü idi. Bu gün qız övladına təhsil verən və buna can atan kişilər daha çox qəhrəman statusuna layiqdirlər. 

Bu il ali məktəbə ən yüksək balla(700 bal) qəbul olan Pərvin Əhmədova ilə söhbətdə məlum olur ki, onun 5 nəfərlik ailəsini qəhrəman da hesab etmək olar. Bir qızın əzmi, fədakarlığı, maddi imkanları məhdud ailə və ailə başçısı. Evin ilk və qız ovladı olan  Pərvindən atasının dəstəyini soruşanda, cavab verdi ki, uğurunda atasının rolu danılmazdır."Atam hər zaman məni ruhlandırıb, qızların oğlanlardan təhsilli olmasını vacib sayıb. Atam, anam qardaş bacıma indi də məni nümunə gətirirlər. Ailə olaraq bir-birimizi başa düşməsəydik, bugünkü uğuruma nail olmazdım." 

Bir qızın öz atası ilə qürur duyması və onun dəstəyini hiss etməsi kimi gözəl heç nə ola bilməz. Pərvinin atasının qadının kişidən daha çox təhsilli olması fikrini anlamaq çətin deyil. Qadının  məruz qaldığı bütün haqsızlıqlar, özünün yaratdığı problemlər təhsilsizlikdən baş verir. Cahil qadın cəmiyyətin düşmənidir! Z.Tağıyev demiş, bir oğlanın təhsil alması bir ziyalı deməkdir, bir qadının təhsilli olması isə bütöv ailənin təhsilə yiyələnmsidir. 

Qadınsa, sadəcə diqqət istəyir. Ona azca sevgi versəz, o nələri fəda etməyə qadirdir. Alman musiqiçi Fridrix Rixter demiş, qadınların beyni də ürəkdir. 

Sevindiricidir ki, "atalar qızlarını sevir", "dünyada qızlarını qarşılıqsız sevən yeganə kəslər atalardır" deyimi ilə fəxr edən ata və qızlarımız var. Nə yaxşı ki, var. Həmişə qızlarımızın sevinci olaq, qucaqlamaq, qızına, oğluna sığal çəkmək həm pulla deyil, həm də pulla ölçülməz qədər böyük varidatdır! Təqdim olunan video-slayddan sonra yəqin ki, doğulacaq uşaqları cinsinə görə seçənlər bir az dərindən düşünəcək. 

Raminə Eyvazqızı

Qeyd: Bu yazı Niderland Krallığı səfirliyinin maliyyə  dəstəyi ilə həyata keçirilən və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən içra olunan “Uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması” adlı pilot layihəsi çərçivəsində müsabiqəyə təqdim olunur.