Müxalifət Rəsul Quliyevi dəstəkləyir, amma...

muxalifet-resul-quliyevi-destekleyir-amma
Oxunma sayı: 646

Srağagünsə R.Quliyev şəxsi bloqunda Azərbaycan xalqına videomüraciət ünvanlayıb. Eks-spiker Azərbaycanda Müqavimət Hərəkatı yaratdığını elan edib. R.Quliyev bildirib ki, insanların haqlarını müdafiə etməsi bu hərəkatın əsas məqsədi olacaq. Hakimiyyəti tənqid edən R.Quliyev deyib ki, vəziyyətin belə davam etməsi xalq üçün gələcəkdə faciə ilə qurtaracaq.

Sabiq spikerin sözlərinə görə, ölkədə etirazlar başlansa, bu tədbirlər xaotik aksiyalarla müşayiət olunacaq: “Bu aksiyalar dağıdıcı olacaq və qan töküləcək. Nəticədə ölkəyə xarici müdaxilə ola bilər. 1991-ci ildən bu yana olduğu kimi yenə torpaqları itirə bilərik. Ona görə mən neqativ halın qarşısını almaq üçün yeni texnologiyalardan istifadə edib Müqavimət Hərəkatı yaratmaq istəyirəm”.
R.Quliyev bəyan edib ki, hərəkatı yaratmaqda məqsədi 2013-cü ildə hakimiyyətin yenidən indiki iqtidarda qalmasını əngəlləməkdir: “Bunun üçün bloq yaratmışam və bu vasitə ilə fikirlərimi çatdırıram. Mən bu rəsmi bloq vasitəsilə mütəmadi olaraq canlı əlaqələr yaradacağam. Suallara internet vasitəsilə cavab verəcəyəm. Biz elə etməliyik ki, Müqavimət Hərəkatını hökumət hiss etsin. Biz gərək seçki saxtakarlığına imkan verməyək. Sizinlə bir yerdə bu işi görməyə hazıram”.

Milli Məclisin keçmiş sədri deyib ki, bloqda hərəkatla bağlı yeni planları və proqramları təqdim edəcək. R.Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının və ənənəvi müxalifətin bu prosesdə roluna toxunmayıb.

Bəs müxalifət R.Quliyevin bu təşəbbüsünə necə yanaşır? Müxalifətin əsas güc mərkəzi olan İctimai Palatanın (İP), aparıcı müxalif partiyaların sabiq spikerin Müqavimət Hərəkatı yaratmasına münasibətini və onların bu hərəkatda təmsil olunub-olunmayacağını müxalifətçilərlə söhbət zamanı öyrəndik.
Müsavat Partiyası Məclisinin sədri, İP üzvü Arzu Səmədbəyli bildirdi ki, R.Quliyevin elan etdiyi Müqavimət Hərəkatı hələlik yalnız bəyanat mərhələsində olduğu üçün bunun hansı effekt verəcəyini söyləmək çətindir. A.Səmədbəyli qeyd etdi ki, R.Quliyev hakimiyyətə qarşı ciddi mübarizəyə başlayırsa, bunun üçün ən yaxşı format İctimai Palatadır: “Bu gün Azərbaycanda müxalifətin əsas aparıcı qüvvələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların toplandığı İctimai Palata hakimiyyətə alternativ olan əsas güc mərkəzidir. İctimai Palata həm daxildə, həm də beynəlxalq aləmdə Azərbaycan hakimiyyətinə əsas alternativ kimi tanınır və qəbul edilir. Azərbaycanda İctimai Palata hərəkatın lokomotivi rolundadır. Biz hakimiyyətə müxalifətdə olan bütün qüvvələrə, şəxslərə müraciət etmişik ki, rejimin dəyişməsini səmimi istəyən, buna çalışan qüvvələrin hamısının bir arada olmasını istəyirik. Hamını ortada real mövcud olan İctimai Palatada birləşib mübarizə aparmağa çağırmışıq. İctimai Palata regionlarda təşkilatlanır, güclənir. İctimai Palata Azərbaycanda proseslərin qan tökülmədən, ağrısız getməsi üçün demokratik islahatların dinc yol ilə həyata keçirilməsinin ”Yol xəritəsi"ni hakimiyyətə rəsmən təqdim edib. Yəni İctimai Palata ölkədə dinc dəyişikliklərdə maraqlı olduğunu ortaya qoyub".

AXCP sədrinin müavini, İP üzvü Fuad Qəhrəmanlı bildirdi ki, xalqın fəallaşması üçün yeni təşəbbüslərin ortaya atılmasını, səylərin göstərilməsini təqdir edirlər: “Rəsul Quliyev Azərbaycandakı rejimin dəyişməsi uğrunda ciddi mübarizəyə başlayırsa və bunun üçün yeni təşəbbüs qaldırırsa, ortaya real iş qoymaq istəyirsə, bunu təqdir edirik. Eyni zamanda biz rejimə qarşı həqiqi mübarizə aparan insanların hamısının bir arada olmasında maraqlıyıq. Bunun ən yaxşı modeli kimi isə hazırda İctimai Palata formatının genişlənməsinə çalışırıq. Rəsul Quliyevin elan etdiyi Müqavimət Hərəkatının necə nəticələnəcəyini indidən söyləmək mümkün deyil. Hər şeyi zaman göstərəcək. Rəsul Quliyevin bu təşəbbüsünü necə davam etdirəcəyini, praktiki olaraq hansı addımlar atılacağını gözləmək lazımdır. İndidən qiymət vermək çətindir. Biz yalnız uğurlar arzulaya bilərik”.

Onu da qeyd edək ki, artıq R.Quliyevin oğlu Pərvin Quliyev də siyasi səhnədə görünməkdədir. Mediada görünməyə hələlik üstünlük verməyən Pərvin Quliyev dünən teleqraf.az saytına müsahibə verib. Müsahibəsində o, Azərbaycan hakimiyyətini kəskin tənqid edib. Hakimiyyəti korrupsiyaya bulaşmaqda ittiham edən P.Quliyev Azərbaycandakı durumun acınacaqlı və məşəqqətli göründüyünü deyib.

“Azərbaycanda normal bazar mühitinin olmaması, iqtisadiyyatın korrupsiya üzərində qurulması əhaliyə əlavə çətinliklər yaradır. Ona görə də qiymətlərin süni surətdə bu cür artırılması xalqın onsuz da yaxşı olmayan iqtisadi durumunu bir qədər də ağırlaşdırır. Eyni zamanda qeyri-qanuni yollarla varlananlar daha böyük vəsaitlərə çıxış imkanı əldə edib cəmiyyətin real vəziyyətindən uzaqlaşırlar. Bu isə dilənçi halına salınmış xalqın əvvəl-axır qəzəbini doğuracaq. Hakimiyyət tərəfindən nəzarət olunan ictimai xidmət sahələrində maliyyə şəffaflığının olmaması və məmurların vətəndaşlar qarşısında yox, daha çox talanan pulun yuxarılarla vaxtında bölüşdürülməsinə cavabdehlik daşıması insanların hakimiyyətə olan nifrətini daha da artırır. Xalqın təbii sərvətlər tükənəndən sonra hansı durumda olacağı heç də çətin təsəvvür olunmur. Bu xüsusda beynəlxalq aləmdə də artıq həyəcan siqnalı çalınır” - deyə mühacirətdəki sabiq spikerin oğlu ilk siyasi çıxışında bildirib.