“Narımız dünyada tanınmağa başlayıb” - Fərhad Qaraşov + Fotolar

“Narımız dünyada tanınmağa başlayıb”
Oxunma sayı: 6024

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) üzvlərinin ümumi yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Assosiasiya üzvlərinə 2017-ci ilin yekunları ilə bağlı məlumat vermək, həmçinin, AZPROMO rəhbərliyi ilə birlikdə narçıların qarşısında duran problemləri müzakirə etmək olub.

Tədbiri açan ANİİA-nın sədri Fərhad Qaraşov tədbir iştirakçılarına Assosiasiyanın 2017-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat verib:

“ANİİA ötən il ilk olaraq dunya nar istehsalçılarının tingçilik və seleksiya təcrübələrini öyrənmək üçün fevral ayında, 11 nar yetişdirilməsi və emalı ilə məşğul olan şirkətlərin nümayəndələrinin İtaliyaya səfərini təşkil edib. Bir həftə ərzində İtaliyanın müxtəlif bölgələrində yetişdirilən nar və tingçiliklə məşğul olan şirkətlərində olub, onlarla təcrübə mübadiləsi aparıblar. Roma Araşdırma Universitetində professor heyətinin narçılığın inkşafı ilə bağlı mühazirələrini dinləyiblər.

ANİİA üzvlərinin sayının artırılması və daha çox regionu əhatə etməsi üçün AZPROMO-nun dəstəyi ilə Baki Biznes Mərkəzində  2017-ci ilin martında Nar İstehsalçıları və İxracatçılarının I ümumrespublika toplantısı keçirilib. Toplantıda 2017-ci il üçün görüləcək işlər barədə ətraflı müzakirələr aparılıb, problemlər dinlənilib. ANIIA-ya yeni üzvlər qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı fərmanından sonra  ANİİA üzvləri  dünyanın müxtəlif mötəbər sərgilərində vahid stend altında Azərbaycanın nar məhsullarının tanıdılmasında fəal iştirak etməkdədirlər”.

F. Qaraşov qeyd edib ki, ANİİA nar istehsalında səmərəliliyi artırmaq, xarici ölkələrə ixracatı artırmaq üçün daim aidiyyatı dövlət orqanları ilə təmasda olur, təkliflərini İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyinə göndərir: “Daim adı çəkilən qurumlar tərəfindən hərtərəfli dəstək alıb və buna uyğun fəalliyətimizi davam etdirməkdəyik. ANİİA üzvləri respublika əhəmiyyətli tədbirlərdə daima uğurla təmsil olunur, xarici ölkələrdə (Belarus, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə) keçirilən Biznes Forumlarda iştirak etmiş və bunun da nəticəsində nar məhsullarının ixracatı ilə bağlı yeni müqavilələr bağlanılıb.

ANİİA üzvlərinə istehsal etdikləri məhsulların beynəlxalq bazarlarda layiqli yerlərini alması üçün, beynalxalq sertifikatlar almaq üçün də müxtəlif akkreditasiya orqanları ilə birlikdə təlimlər təşkil etməkdədir. Bunun nəticəsində müxtəlif şirkətlər GLOBAL G.A.P və SA 8000 sertifikatları alıblar”.

F. Qaraşovun sözlərinə görə, bütün bunların nəticəsidir ki, artıq dünyada Azərbaycan narı layiqincə tanınmağa başlayıb: “Azərbaycan narçılarının uğurlu nəticələrini görən Kolumbiya hökuməti təmsilçiləri nar bağları və emal müəssisələrində olmuş, Kolumbiyada nar bağlarının salınması üçün ANİİA üzvləri ilə əməkdaşlıq müqavilələri bağlayıblar. Narçılarımız Kolumbiyaya səfər edib, yerlərdə öz tövsiyyələrini veriblər. İlkin razılığa əsasən, nar tinginin ixracatı ilə bağlı razılıq əldə edilib. ANİİA kənd təsərrüfatında aktual problemlərdən biri olan gübrə və dərman probleminin həlli üçün AMEA-nın Y.Məmmədəliyev adına NKP İnstitutu ilə birlikdə memorandum imzalayaraq yeni gübrələrin istehsalı ilə bağlı razılıq əldə olunub, yaradılan gübrə nümunələri ANİİA uzvü olan MARS-FK LTD MMM-nin bağlarında sınaqdan keçirilib və yüksək nəticələr əldə edilib. ANİİA nar yetişdirilməsində dünya təcrübəsinin yerli istehsalçılara çatdırılması üçün bir sıra xarici dövlət və kommersiya təşkilatları ilə əməkdaşlıq edir. Misal üçün İsrail Dövlətinin dəstəyi  ilə Göyçay rayonunda narçılara israilli mütəxəssislər tərəfindən təlimlər keçirilib. Həmçinin, israilli mütəxəssislər Goranboy, Tərtər, Bərdə, Kurdəmir, Hacıqabul və  Göyçay rayonlarında nar bağlarında olaraq narçılar ilə təcrübə mübadiləsi aparıblar. Türkiyənin tanınmış Hektaş dərman və gübrə idxal edən şirkəti ilə yerli Ema MMC şirkətinin mütəxəssislərinin iştirakı ilə Göyçay rayonunda seminar təşkil olunub, dərman və gübrələmə qaydaları barədə seminar iştirakçılarına geniş məlumatlar verilib. Onlar ağaclardan bol məhsul alınması üçün budama barədə nar bağında praktiki təlim keçiriblər.

Azərbaycan narının geniş təbliği üçün ANİİA, Mədəniyyət və Turizm Nazirliyi, XXİ ƏSR BTİM və Azpromo ilə birgə “Nar-Meyvələrin Şahı” rəsm və heykəltaraşlıq müsabiqəsi keçirib. Respublikada geniş maraq doğuran böyük tamaşaçı toplayan  və iştirakçı sayı olan müsabiqənin qalibləri, ziyalı və dövlət xadimlərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatlandırılıblar.

Son zamanlar Azərbycana gələn çox saylı turistlərə Azərbaycan narı barədə geniş məlumat vermək və təbliğat aparmaq üçün, ANİİA, Azpromo və Bank SilkVey ilə memorandum imzalanıb. Azərbaycanın giriş qapısı olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan narına aid videoroliklər nümayiş etdirilir, xarici qonaqlara narı təbliğ edən broşurlar və meyvələr hədiyyə edilir. Bu da öz növbəsində turistlər arasında geniş rəğbətlə qarşılanıb. ANİİA -nın fəaliyyəti İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən yüksək qiymətləndirilib və dekabr ayının 22-də keçirilmiş tədbirdə “İlin Ən Fəal Assosiasiyası” mükafatı ilə təltif edilib”.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun  (AZPROMO) prezidenti Rüfət Məmmədov çıxış edərək Assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirib və Fondun fəaliyyəti haqqında istehsalçılara və ixracatçılara geniş  məlumat verib.

Daha sonra tədbirə dəvət olunmuş Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü Zaur Qocayev, Kənd Təsərrüfatı Nazirliyinin, Zoologiya İnstitunun əməkdaşları və digər sahibkarlar çıxış ediblər.

Sonda iştirakçılar tərəfindən ANİİA-nın fəaliyyəti qənaətbəxş hesab olunub və 2018-ci ilin daha uğurlu olması üçün qarşıda duran vəzifələr və problemlər geniş müzakirə olunub. 









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi