Naxçıvan MTN-nin biabırçılığı

naxcivan-mtn-nin-biabirciligi-
Oxunma sayı: 1531

***

Ölkədən Avropaya qaçan MTN əməliyyatçısı İbrahim Musayev bildirir ki, Turac Şuriyyə oğlu Zeynalovun müəmmalı həbsindən və MTN-də ölümündən (öldürülməsindən) sonra, təbii ki, onun ailə üzvlərinə və yaxın qohumlarına təzyiqlər, hədə-qorxu, eyni zamanda şirnikləndirici təkliflər başlayıb. Çünki, Turac Zeynalov özünün təbii ölümü ilə ömrünü başa vurmamışdı və bu qalmaqalı hansısa yollarla yatırtmaq lazım idi. O bildirir ki, bu dramın ən ağır və namussuz hissəsi Zeynalovun həyat yoldaşına qarşı hazırlanan ssenari idi. "Çox təəssüf ki, mən bu şərəfsiz ssenaridə baş rollardan birini oynamağa məcbur edildim", - deyən İbrahim Musayev qeyd edir ki, Turac Zeynalovun ailəsi onun ölümündən yalnız bir neçə ay sonra Naxçıvandakı Hüquq müdafiəçisi Məlahət xanım Zeynalovaya müraciət ediblər. "Bu, çox mühüm məsələdir. Nəyə görə, bir neçə ay sonra?”, - deyə o vurğulayır.

“Əvvəlcə Gülnara bir SMS yazdım”


Doğrudan da bəs niyə, bir nəçə aydan sonra? Ibrahim Musayev iddia edir ki, həmin ərəfədə Turac Zeynalovun bəzi yaxın qohumlarına Naxçıvan MTN rəhbərliyindən müəmmalı vədlər verilib: “Əvvəlcə bildirdilər ki, heç bir narahatçılığa əsas yoxdur, ölüm işi ən ciddi şəkildə araşdırılacaq və günahkarlar cəzalandırılacaq. Daha sonra prosesin gedişinə ”qan bahası" amili daxil edildi. Mərhum Zeynalovun yaxınlarına bildirdilər ki, bu işə görə onun ailəsinə 50 min manat da ödəniləcək. Amma Turac Zeynalovun atası və qardaşı bu prosəsdə iştirak etmirdi. MTN isə daha çox mərhumun həyat yoldaşının üzərinə fokuslaşmaq qərarı vərdi...".
Ibrahim Musayev təkidlə bildirir ki, hadisədən yalnız bir neçə ay sonra ailə hüquq müdafiəçisi Məlahət Nəsibovanın prosesə müdaxilə etməsini istədi. Naxçıvanda yaşayan Məlahət Nəsibova da əməkdaşımızla söhbətində bu faktı təsdiq edir: “Ölüm hadisəsi olan gün biz bu məsələyə müdaxilə etdik. Amma ailənin bu işin araşdırılmasına ictimai diqqətin cəlb edillməsinə həvəsli olmadığını qısa müddət ərzində müşahidə etdik. Ailənin dəstəyi olmadan bu prosəsə müdaxilə etsək, bizi məsələni qızışdırmaqda və Allah bilir, nələrdə ittiham edərdilər. Naxçıvan şəraitində inzibati çevrələrdən hər şey gözləmək olar. Amma bir neçə ay sonra ailə bizim müdafiəmizə ehtiyac duyduğunu bildirdi...”.

Bu, həmin bir-iki ay olub ki, Ibrahim Musayevin iddia etdiyi kimi, MTN rəsmiləri Turac Zeynalovun yaxın qohumları ilə sövdələşmə aparıblar.
Paralel olaraq, mərhumun həyat yoldaşı Gülnar Ağayevanı şantaj etmək üçün kifayət qədər materiallar toplanıb. Ibrahim Musayev deyir: “Mən Vəli Əsgərovu (Naxçıvanın milli təhlükəsizlik naziri) əlimin içi kimi tanıyıram. O, bu ailəyə bir qəpik də verməz və əksinə hərlədib- fırladıb onları özünü borclu çıxarardı. Belə də oldu. Gülnar Ağayevanı şantaj etmək üçün yetərli materiallar topladıq və bu materialların toplanmasında baş rolu mən oynamışam. Mən Gülnar Ağayevanın etibarını qazanmaq üçün mənə ayrılmış rolu məharətlə oynaya bildim. Əvvəlcə Gülnara bir SMS yazdım. Sonra zəng edərək bu SMS-in yanlış ünvana göndərildiyini bildirməklə üzrxahlıq etdim və beləliklə bizim ünsiyyətimizin əsası qoyuldu...”.

“Gülnarı inandırmışdım ki, onunla evlənəcəyəm”


Ibrahim Musayev ölkədən qaçandan sonra onu hər yerdə axtarıblar: öz evlərində, qohumlarının və dostlarının evlərində. Onu hər zaman axtarıblar. Bunu Naxçıvandakı mənbələr də təsdiq edir. O, bu proseslə bağlı sənədləşdirə bildiyi hər bir faktı ən etibarlı bir yerdə saxlayır və bu etibarlı ünvan Azərbaycanda deyil.
Ibrahim Musayev bildirir ki, Naxçıvan MTN rəhbərlərini xüsusilə o narahat edirdi ki, mərrhum Turac Zeynalovun həyat yoldaşı Bakıdakı səfirliklərə, beynəlxalq təşkilatlara üz tutur, baş vermiş hadisə nəinki Azərbaycan, hətta beynəlxalq miqyasda ictimailəşdirilir. Buna görə də, mənə ən ciddi şəkildə tapşırılmışdı ki, qurulmuş əməliyyatı ən qısa zamanda uğurla başa çatdırım. “Etiraf edirəm ki, bu, çox şərəfsiz əməliyyat idi. Amma mənim bu əməliyyatdan imtina etmək kimi bir seçimim yox idi... Tanış olduğumuz zaman mən Gülnar Ağayevaya özümü ”Dəmirbank"ın müdiri kimi (o, aydınlaşdırmır, “Dəmirbank”ın hansısa filialınımı nəzərdə tutub, ya bütövlükdə bankın özünü) təqdim etdim, eyni zamanda onun xüsusi etibarını qazanmaq üçün “zəif yerimi” də dedim. Bildirdim ki, mən Azərbaycanda ən əhəmiyyətli narkobaronlardan biriyəm. Onun inanmamaq imkanı da olmadı. Bahalı maşın, Bakı şəhərində bir neçə əla mənzil, təqdim etdiyim ranqa uyğun olan geyim-keçim.

Mən Gülnarı inandırmışdım ki, onu sevirəm və onunla evlənəcəyəm. Və günlərin birində ona dedim ki, onun keçmiş əri ilə bağlı apardığı söz-söhbət mənim xoşuma gəlmir və mən bu məsələlərdən vaz keçilməsini istəyirəm...Və Gülnar mənim bu istəyimi həyata keçirdi".
Hüquq müdafiəçisi Məlahət xanım Nəsibova təsdiq edir ki, Gülnar Ağayevanın mərhum əri ilə bağlı yaydığı videoçıxış onları heyrətləndirib. Mərhum Turacın atası da bu vəziyyətdən şaşırmışdı. O, mətbuata verdiyi açıqlamada iddia edirdi ki, belə şey ola bilməz: “Gəlini yoldan çıxarıblar. Mənim oğlumun elə bir xəstəliyi yox idi ki, gözlənilmədən ölsün”!
Bu il iyul ayının 11-də “Azadlıq” radiosunun saytında Şuriyyə Zeynalovun (Turac Zeynalovun atası) mövqeyi ilə bağlı yazı yerləşdirilib: “... Ötən ilin avqustunda Naxçıvan MR MTN-ninə çağırılan və müəmmalı şəkildə ölən Turac Zeynalovun atası Şuriyyə Zeynalov deyir ki, ona hədə-qorxu gəlirlər. Onu da, övladlarını da az qala hər gün MTN-ə çağırırlar: ”Bizə hədə-qorxu gəlirlər, deyirlər ki, barışın. Mən də deyirəm ki, mənim oğlumu niyə öldürüblər? Bu işi açın".

Turac Zeynalovun qardaşı Gülnar Ağayevanın aldadıldığını deyir


Bu ərəfədə isə Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayevanın internetdə “Mənim etiraflarım” adlı videoçıxışı yayılıb. O, həyat yoldaşının ölümündə rəsmi qurumları günahlandırmır. Turac Zeynalovun xəstəlikdən və etdiyi əmələ görə stressdən öldüyünü deyir.
Şuriyyə Zeynalovun buna münasibəti bələ olur: “Gəlinlə mənim nə işim var? Övlad mənimdir. Bu işi açsınlar. Gəlini sadəcə Culfa MTN-i başdan çıxarıb, başını tovlayıblar. Mənim onunla işim yoxdur. Oğlumu niyə öldürüblər?”.
Gülnar Ağayeva qaynı Ülfət Zeynalovla bağlı da fikirlər səsləndirib. Ülfət Zeynalovla söhbəti təqdim edirik.
- Onu nəsə aldadıblar, şirnikləndiriblər. Başqa səbəb yoxdur.
- Kim aldada bilərdi?
- MTN. Başqa kim olacaq?
- Sizin başqa ailə üzvlərinizə də təzyiqlər olurmu?
- Atama. Təzyiq deyəndə ki, onu çağırırlar ki, gəl, görüşək-filan. Atam da getmir. Təzyiq əlbəttə var. Mənə təzyiq etdilər, işdən çıxmaq məcburiyyətində qaldım. Biz başqa bir şey istəmirik. Sadəcə, qardaşımızın haqqını tələb edirik. Bəraətini istəyirik. Günahı varsa, sübut etsinlər, yoxdursa, bəraət versinlər.
- Gülnar Ağayeva həmin video müraciətində deyir ki, həyat yoldaşının dəri xərçəngindən və etdiyi əmələ görə stressdən öldüyünü indi dərk edib.
- Yalandır, özü də ağ yalandır. Onun etdiyi hansı əməldir? Etdiyi əməl varsa, hanı bunun sübutu? Niyə indiyə kimi göstərmirlər, üzə çıxarmırlar? Ağ yalandır. Ikincisi, deyir ki, dəri xərçəngindən Türkiyədə müalicə alıb. O, Türkiyəyə işləmək məqsədilə gedib. O zaman heç Gülnar onun həyatında olmayıb. Ondan sonra Turac Türkiyə adı çəkməyib. Bu yalandan deyir ki, Iranda müalicə alıb, Bakıda müalicə alıb, Türkiyədə müalicə alıb. Yalandır, hamısı uydurmadır. Gülnar kim tərəfindən öyrədilib, bəllidir. Nə oldu, dəri xərçəngi bunu elə 4 günə öldürdü? Dəri xərçənginə tutulan elə bir adamla rastlaşmışıqmı ki, 4 günə ölsün? Həm də bu, həbsxana şəraitində baş verir. Belədə, hər şey videoda görünür. Bəllidir ki, dəri xərçənginin heç bir rolu, əlaqəsi yoxdur. Videogörüntü də bütün saytlarda yerləşdirilib. Bədənində açıq-aşkar işgəncə əlamətləri var. Bu işgəncə əlamətləri olan videonu internetə yerləşdirən də birbaşa Gülnar özüdür. Indi də deyir ki, mən səhvimi başa düşmüşəm. Bəs yaxşı, sən niyə indi işgəncə əlamətlərini inkar edirsən? Niyə? Səbəbi məlumdur. Ona 100 faiz təzyiq var"...

Ibrahim Musayev iddia edir ki, bu göstərişləri ona Naxçıvanın Milli Təhlükəsizlik naziri Vəli Əsgərov və onun yaxın adamı olan MTN əməkdaşı Ilqar Hacıyev verirdi.

Amma yalnız bu göstərişlərimi?

Ibrahim Musayev Naxçıvandakı hüquq müdafiəçisi Məlahət Nəsibova ilə də əlaqə saxlayıb və ona bəzi ilginc faktlar verib. I.Musayev bildirib ki, bu ərəfədə ona Məlahət Nəsibovanı da şantaj etmək üçün göstəriş verilib. Bu, Məlahət xanımın Bakıda təhsil alan qızı ilə bağlı olub. Amma bu əməliyyat alınmayıb. Məlahət Nəsibova əməkdaşımızla söhbətində deyib: “Açığı, o, bu barədə mənə məlumat verəndə təəccüblənmədim. Mən harada yaşadığımın fərqindəyəm və bilirəm ki, ictimai-siyasi fəallara qarşı hər cür yaramaz əməliyyatlar planlaşdırıla bilər.
Amma hərdən dəhşətli dərəcədə tragikomik görünə biləcək əməliyyatlar da təşkil edirlər. Məsələn, mənim qızım ali məktəbə hazırlaşanda repetitor yanına gedirdi. Az müddət sonra müəllimlər bir-birinin dalınca mənə bildirdilər ki, onlara təzyiq var; kimlərsə onları məcbur edir ki, bu uşaqla məşğul olmasınlar, yoxsa ciddi şəkildə “başağrısı”yarana bilər. Təbii ki, mən bu adamların kim olduqlarını və müəllimlərə hansı problemlər yarada biləcəklərini anlayırdım. Buna görə də uşağı evdə özüm hazırlaşdırmaq qərarı verdim, o da hazırlaşaraq yüksək balla ali məktəbə daxil oldu...".

İbrahim Musayev necə MTN-çi olub?


Qayıdaq mərhum Turac Zeynalovla bağlı olaylara.
Ibrahim Musayev Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çox gənc yaşlarında cəlb olunub. Artıq bir neçə əməliyyatda iştirak edib sonuncudan qaçmağa imkan tapsa da, hələ ki, onun cəmi 22 yaşı var. Özünün dediyinə MTN-lə rəsmi əməkdaşlığa başlayanda 20 yaşı olub. Amma hansı keyfiyyətdə. Ibrahim Musayev deyir: “Mən çox erkən biznesə başlamışam. Ticarətlə məşğul idim. Əsasən də maşın alveri ilə. MTN-lə əlaqələrim də erkən başlayıb və bir müddətdən sonra mənə baş çavuş rütbəsi verilib. Mənə deyirdilər ki, hərbi bilet və diplom lazımdır. Bunu da ”tası" vardı. Naxçıvanın rayonların birindən hərbi bilet və ali təhsil diplomu üçün MTN-in mühüm zabitlərindən birinə 30 min manat verdim. O da bu məsələləri həll etdi. Mənə MTN-də işlədiyimi təsdiq edən vəsiqə verdilər. Amma bu vəsiqə yalnız əməliyyata gedən zamanlarda mənim üstümdə olurdu. Qalan bütün zamanlarda onu MTN-də saxlayırdılar. Lakin indi, mənim şəxsiyyət vəsiqəm, hərbi biletim və diplomum oradadır, amma vəsiqə özümdədir".
Məsələnin bu hissəsinin Turac Zeynalova birbaşa aidiyyəti olmasa da, ümumilikdə Turac Zeynalov kimi onlarla, yüzlərlə insanın taleyində rol oynayır.

Gülnar hər şeyi anlayandan sonra mənə tapşırıldı ki, onu aradan götürüm


Ibrahim Musayev bildirir ki, Gülnar Ağayeva ilə münasibətləri kifayət qədər dərinə işlədikdən sonra günün birində qadın ona pul lazım olduğunu deyib: “Mənə dedi ki, pul lazımdır. Mən də ”yaranmış etimad"dan sui-istifadə edərək “bir az narkotika var, onu bir nəfərə verib pul götürməliyəm” söyləyərək buna görə də mənimlə gəlməsinin lazım olduğunu dedim. Bu, əməliyatın ikinci mərhələsi idi.

Birinci mərhələ artıq başa çatmışdı. Hətta Naxçıvan MTN-in rəhbərliyi mənim də daxil olduğum bir məclis təşkil edərək bu “qələbə”ni bayram kimi qeyd etmişdi. Həmçinin elə həmin mərasimdəcə bu əməliyyata görə mənə leytenant rütbəsi verildiyi elan edilmişdi...
Beləliklə, əməliyyatın ikinci mərhələsinə başlayırdım. Narkotik maddəni Gülnarın çantasına qoydum və yolda “təsadüfən” polis bizi yaxaladı və hər ikimizə qarşı cinayət işi “açıldı”. Bu mərhələ Gülnar Ağayevanı artıq tam olaraq bizim kontrolumuz altına almaq demək idi. Elə bundan sonra da Gülnarın məşhur videomüraciəti yayıldı. Amma Gülnar az sonra anladı ki, sevgi-filan boş şeymiş və bütün bunlar bir əməliyyatın tərkib hissələri imiş. Buna görə də əsəbiləşib Vəli Əsgərova zəng etmiş və ondan bu cür istifadə edilməsinə sərt şəkildə iradını bildirmişdi. MTN-də narahatlıq yarandı ki, Gülnar bu məsələni də ictimailəşdirə bilər. Buna görə də mənə tapşırıldı ki, Gülnarı aradan götürüm.

Mən bu qərarı yerinə yetirmək üçün bir müddət düşünüb daşınmağın lazım olduğunu bildirdim: ən azı, buna görə də hansısa ağlabatan əməliyyat şəraiti qurmaq lazım idi. Amma təbii ki, onu öldürmək fikrim yox idi. Birincisi, ona görə ki, qatil olmaq mənlik deyildi. Bəlkə də, hər cür sifarişi yerinə yetirə bilərdim, amma günahsız bir qadını öldürmək, ümumiyyətlə kimisə qətlə yetirmək mənlik deyildi. Ikinci səbəb də vardı: dərk edirdim ki, Gülnarı öldürsəm, məni aradan götürmək çox asanlaşar. Ən yaxşı halda həbs edərdilər. Axı, biz bir narkotik əməliyyatında həbs edilmişik. Gülnarın ölümünü də, guya narkotik cinayətində birgə iştirakımızdan dolayı rəsmən mənim adıma sənədləşdirib gedər- gəlməzə yollamaq çox rahat idi.
Buna görə də aradan çıxmaq haqqında plan qurdum və birinci fürsətdə həyat yoldaşımı da götürərək ölkədən qaçdım".

Turac Zeynalov və onunla birgə 4 nəfər niyə həbs edilib?


Bəs, Turac Zeynalovun və onunla birlikdə daha 4 nəfərin həbs olunmasının əsl səbəbləri nədir? Nə üçün? MTN-in rəsmi versiyası, yəni, guya bu 5 aeroport sürücüsünün Iran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlanması nə dərəcədə əsaslıdır?
Yerli hüquq müdafiəçiləri israrla bidirirlər ki, bu həbsin arxasında nəsə başqa niyyətlər var və istintaqın “Iran versiyası” həm ağlabatan deyil, həm də çox dolaşıq dəlillərlə sübut etməyə çalışırlar.

Qaçqın MTN-çi bu barədə nəsə bilirmi? Ibrahim Musayev hələ ki, bu barədə danışmaq istəmir: “Sizi əmin edirəm ki, bu olayın əsl səbəbləri barədə danışacağam. Amma hələlik yalnız iki məqama diqqət yetirmənizi tövsiyyə edirəm. Birincisi, Ermənistanla sərhəddə, Sədərək rayonu ərazisinde yerləşən ”Ucubir" postu, digəri isə PKK. Bu iki amili yadda saxlayın".
Yerli hüquq müdafiəçiləri bildirirlər ki, Turac Zeynalov savadsız, hansısa proseslərə xüsusi fikir verməyən bir adam olub. Ola bilərmi ki, Ibrahim Musayevin dediyi bu iki amil hansısa ciddi hadisə ilə bağlı olsun? Ümumiyyətlə, “Naxçıvan”, “PKK”, “Ermənistan” anlayışlarının bir sırada hallanması hansısa ağlabatan nəticələr yarada bilərmi?

Bu sualın cavabında Ibrahim Musayevin növbəti açıqlamalarını gözləmək lazım gələcək. Amma hələ o zamana qədər də danışılacaq, yazılacaq bəzi mətləblər var.

Konkret olaraq, Turac Zeynalov olayı ilə bağlı MTN-in və ya rəsmi istintaq qurumlarının mövqelərini böyük məmnuniyyətlə gözləyirik. Məsələ burasındadır ki, I.Musayevin açıqlamaları hələ davam edəcək, amma indiki qısa fasilədə rəsmilərin mövqeyini cəmiyyətə təqdim etmək yerinə düşərdi...

***

Qeyd edəık ki, məsələyə MTN də raksiya verib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya deyib ki, MTN-in İbrahim Musayev adlı əməkdaşı yoxdur. A. Babayev bildirib ki, yayılan həmin məlumatlar bəlli qüvvələrin növbəti uydurmasıdır: “Sualınıza cavabım qəti və konkretdir. MTN-in İbrahim Musayev adlı əməkdaşı yoxdur. Bu adda MTN-lə hər-hansı formada bağlılığı olan şəxs də yoxdur”.