Nazirlərə bir təklifim var...

nazirlere-bir-teklifim-var
Oxunma sayı: 3543

Seymur Verdizadə

Beş il ölkənin ən reytinqli televiziya proqramının eksperti olmağın qazandırdığı müəyyən üstünlüklər var.

Məsələn, ötən həftə Şirvanda olanda bir qrup gənc mənimlə xatirə şəkli çəkdirmək istədiyini bildirdi. Təklif etdim ki, birlikdə kitabxanaya gedib, orada şəkil çəkdirək.

Gənclərimiz yazı-pozu ilə yaxından maraqlandıqları üçün dərhal razılaşdılar. Biz Şirvan şəhər Mərkəzi Kitabxanasında təkcə şəkil çəkdirməklə kifayətlənmədik, həm də yeni nəşrləri vərəqlədik. Ən əsası isə, gənc dostlarım qarşıdakı günlərdə oxuyacaqları bir neçə kitabın adını bloknotlarına qeyd etdilər. İnanıram ki, Şirvan şəhər Mərkəzi Kitabxanası bundan sonra həmin gənclərin baş çəkdikləri daimi ünvanlardan birinə çevriləcək.

Kitabı təbliğ etmək, uşaqlarda elmə maraq oyatmaq hər birimizin borcudur. Hələ 800 il əvvəl dahi Nizami deyirdi ki, qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz. Mən elmdən kənarda inkişaf təsəvvür etmirəm. Son illər Azərbaycanda kitaba, mütaliəyə maraq azalsa da, cəmiyyət hələ də yazı-pozu adamlarına hörmət edir, onları digər peşə sahiblərindən fərqləndirməyi bacarır. Dünən akademik Tofiq Hacıyevlə vida mərasimində insanların yazıçı Anara, yazıçı Kamal Abdullaya necə ehtiramla yanaşdıqlarını öz gözlərimlə gördüm.

Əgər mən öz arxamca kitabxanaya 10-15 gənc apara bilirəmsə, Anar, Kamal Abdulla bu rəqəmi 10-15 minə çatdıra bilər. Digər yazıçılar, tanınmış sənət adamları, ziyalılar, o cümlədən, vəzifəli şəxlər də bu prosesdə fəal iştirak etməlidirlər. Yüksək rütbəli dövlət məmurlarının, nazirlərin, komitə sədrlərinin əllərində kitab olan bircə şəklini də görməmişəm. Bakıda 100-dən artıq kitabxana fəaliyyət göstərir.

Amma Bakı meri Hacıbala Abutalıbovun indiyə kimi hansısa kitabxanaya baş çəkdiyinin şahidi olmamışam. Hansı ki, Hacıbala müəllim elm adamıdır, öz ixtisasına aid bir neçə kitab yazıb. Əmin ola bilərsiniz ki, Hacıbala Abutalıbovun tikdirdiyi fontanlar 50-60 il sonra dağılıb gedəcək, amma ondan yazdığı kitablar yadigar qalacaq.

Nazirlər, komitə sədrləri ölkəmizin müxtəlif bölgələrində tez-tez vətəndaşları qəbul edirlər. Bu, nəcib təşəbbüsdür. Vətəndaşları qəbul etmək, onların problemləri ilə yaxından maraqlanmaq hər bir vəzifəli şəxsin borcudur. Həmin nazirlərə bir təklifim var: yaxşı olar ki, bundan sonra vətəndaşları kitabxanalarda qəbul etsinlər. Bəlkə də rayonlarda çox adam kitabxananın yolunu tanımır. Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Oqtay Şirəliyevin bu xalqa edə biləcəyi ən böyük yaxşılıq hər ay beş-on adama kitabxananın yolunu tanıtdırmaq olardı.

Bütün bəlaların kökündə cəhalət dayanır. Oxuma-yazma bilməyən, məhdud dünyagörüşə malik olan gənclər təsir altına daha tez düşürlər. Əgər yeniyetmə və gənclərimizin radikal dini qruplaşmaların təsiri altına düşməsini istəmiriksə, onlara yaxşı savad verməliyik. Savadlı gənc Həzrət Əlinin qılıncının uzunluğunun 200 metr olduğuna heç vaxt inanmaz. Amma bilər ki, peyğəmbərimiz özünü elmin şəhəri, Həzrət Əlini isə bu şəhərin qapısı adlandırıb. Əsl müsəlman olmaq üçün özgə qapılarına düşməyə ehtiyac yoxdur...