Nə ”Zahidlik”dir, nə də “Naqiflik”...

ne-zahidlikdir-ne-de-naqiflik
Oxunma sayı: 2737

Nəsiman Yaqublu

Zaman keçir, dövr ötür, müxtəlif rejimlər, sistemlər Azərbaycanda mövcud olur və biz hər dəfə bu şəxsiyyətlə bağlı problemlərin yaşandığını müşahidə edirik. İstər çar Rusiyası dövründə, istər Sovetlər Birliyi zamanında, istərsə də müstəqilliyinin 24-cü ili yaşanan öz vətənində onun adı ilə bağlı narahatlıqlar mövcud olmuş və qalmaqdadır. Çar Rusiyası zamanında Məhəmməd Əmin Rəsulzadə təqib edildi (1908-1913-cü illər), həbsə alındı (1914-cü il), Sovetlər Birliyinin təbliğat maşını 70 ilə qədər onun əleyhinə işlədi və onu həbs də etdilər (1920-ci il). Moskvada ciddi nəzarət rejimində yaşamağa məcbur oldu (1920-1922-ci illər). Vətəni Azərbaycan müstəqillik əldə etdikdən, sovet rejimindən xilas olduqdan sonra da ona münasibət dəyişmədi, heykəli qoyulmadı, adı əbədiləşdirilmədi, tutduğu mövqeyə qısqanclıqla yanaşıldı.

XX əsrin ən böyük şəxsiyyətləri ilə əlaqə və münasibətlər qurdu, birgə fəaliyyəti tarixə həkk edildi. Stalinlə, Atatürklə, marşal Pilsudski ilə, Hitlerlə müxtəlif siyasi münasibətləri, danışıqları oldu. Onu sevdilər də, dəyərləndirdilər də, bəzən qəzəblənib ölkələrindən də qovdular. Amma M.Ə.Rəsulzadə adı ilə barışmağa da məcbur oldular. Hətta münasibətlərinin çox kəskin olan bir dövründə - 1930-cu ildə onun əleyhinə xoşagəlməz ifadələr işlədən bir sovet komsomolçusuna keçmiş mübarizə dostu Stalin dözməyib etiraz etmişdi. Stalin həmin şəxsə demişdi: “Səfər, tanımadığın adam haqqında heç vaxt pis danışma. Əgər bir insan bizimlə yol getmirsə, bu, o demək deyil ki, o, pis insandı”.

Bu gün M.Ə.Rəsulzadəyə qarşı onun qurub-yaratdığı Azərbaycanda olan münasibət elə eyni ilə sovet rejimində olan kimidir.Heykəli qoyulmur, büstü dağıdılır, adı əbədiləşdirilmir, yad və ögey yanaşma davam etdirilir və s. Son bir-neçə ayda iki millət vəkilinin böyük şəxsiyyət haqqında dediyi sözləri təhlil etsək “oxun eyni kamandan atıldığını” biləcəyik (bundan əvvəl Zahid Oruc da bu “qəhrəmanlığı” etdi və mükafat olaraq milli məclisə “yolu açıldı”). İndi də Naqif adlı bir gəncəli deputat da o “yolu” gedir ki, yuxarılarda ona “əhsən”, yaxud elə rusca “malades” desinlər.

Yəni, M.Ə.Rəsulzadə məsələsi nə ”zahidlik”di, nə də “naqiflik”. Bu ideoloji, siyasi, tarixi və mənəvi bir məsələdir. Yəni M.Ə.Rəsulzadə adının və ideyalarının Azərbaycan cəmiyyətinə gətirilməsi ilə indiki rejimin özü və mahiyyəti dəyişməyə məhkumdur. Yəni onun əsasını qoyduğu “milli təsanüd” nəzəriyyəsinə əsaslanan bir cəmiyyət qurulacaq ki, orada hər kəsin bərabər hüquqlarla yaşaması mükün olacaq. Yəni, indiki Azərbaycan cəmiyyətindən tamammilə fərqlənəcək. Belə ki, dövlətin səlahiyyətli adamlarının evindən qızıl və brilyant külçələri çıxmayacaq,xalqın sərvətləri talanmayacaq, məmurun xalq qarşısında bir hesabatlılığı olacaq. Azad seçimə əsaslanan bir idarəçilik sistemi formalaşacaq və insanların bütün hüquqlarına sayğı ilə yanaşılacaq. Azərbaycanın milli-azadlıq tarixində önəmli rol oynamış bütün şəxsiyyətlərin adı əbədiləşəcək, məhz onların irsi və Vətən sevgisi Azərbaycan cəmiyyətçiliyinin əsasını təşkil edəcək. Bax buna görə M.Ə.Rəsulzadəyə olan münasibət belə mənfi yönəmlidir. Lakin bunlar hamısı mənasız və əsassız ittihamlardır. Onun bütün həyatı Azərbaycanın azadlığına,istiqlalına həsr edilib və dünyadan köçəndə də üç dəfə “Azərbaycan” sözünü işlədib. Onun tariximizdə əbədi yaşamasını şərtləndirən çox məqamlar olsa da, uğrunda mübarizə apardığı ideya və fikirlər müqəddəsdir, bəşəridir, həmişəyaşardır: “İnsanlara hürriyyət,millətlərə istiqlal!”; “Bir kərə yüksələn bayraq bir daha enməz”.

İndi M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin bəzi məqamları ilə oxucuları tanış edirəm.

***

1938-ci ildə Polşanın Varşava şəhərində onun nəşr edilən “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabına məşhur senator, Şərqi Avropa İnstitutunun direktoru Sedlitski bu sözləri yazmışdı: “Bu, həm də ona görə xoşdur ki, yazılmış kitab öz azadlığı uğrunda mübarizə aparan, Şərq xalqlarından daha birisinin tarixini göstərən bu əsərin müəllifi Azərbaycan milli hərəkatının ideoloqu və Milli Müsavat Partiyasının lideri, müstəqil Azərbaycanın Milli Şurasının keçmiş sədri, görkəmli dövlət xadimi və patriotu Məhəmməd Əmin Rəsulzadədir”.

Bir zamanlar Məşrutə hərəkatı zamanından yaxın dostluq etdiyi, İran parlamentinin sədri olmuş Seyid Həsən Tağızadə onu belə dəyərləndirirdi: “Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, mücahid və örnək bir insandı. Böylələrinə zamanımızda və hələ bizim tərəflərdə rastlaşmaq, həmən-həmən imkansız olduğu kimi bütün dünyada da rastlanmaz”.

Onun yaşadığı ömür, göstərdiyi siyasi fəaliyyət ciddi və mürəkkəb situasiyalardan keçib. Diqqət edək, 1902-ci ildən, yəni 18 yaşından başlayaraq o, ilk siyasi təşkilat yaradıb. 1908-ci ilə qədər yaşadığı Bakı mühitində siyasi fəaliyyəti ilə yanaşı mətbuatda maraqlı yazılarla çıxış edib, “Şərqi-Rus”, “İrşad”, “Təkamül”, “Tərəqqi” qəzetlərində çalışıb. Əslində Azərbaycan mətbuatının formalaşmasında əvəzsiz xidmətlər göstərib. 1908-1911-ci illərdə M.Ə.Rəsulzadə İrana gedib, Səttarxanın başladığı Məşrutə hərəkatına böyük rəğbətini bildirib. Səttarxanla görüşüb, onun haqqında sonralar məqalə də yazıb. 1910-cu ildə Tehranda “İrani-Nov” (“Yeni İran”) qəzetini nəşr edib. Avropa tipli qəzetçilik sistemini İran mühitinə əslində o gətirib. Eyni zamanda İran Demokrat Partiyasının yaradılmasında böyük rolu olub. O, Güneyi də, Quzeyi də eyni dərəcədə məhəbbətlə sevirdi. Onun Bakıya, Gəncəyə, Naxçıvana, digər bölgələrimizə bağlılığı necədirsə, Təbrizə, Urmiyyəyə sevgisi də elədir. Məhz elə buna görə də hər iki, amma əslində bir və bütöv olan Vətənin - Güneyli, Quzeyli Azərbaycanın tarixini, mədəniyyətini yaxşı bilir və təbliğ edirdi. 1912-ci ildə onun İstanbulda “Səbilür Rəşad” məcmuəsində “İran türkləri” əsəri nəşr edildi. Bu, çox ciddi bir hadisə idi. Bu ərazilərdə yaşayan böyük bir toplumun türk qövmünə mənsub olduğunu o, ilk dəfə olaraq elmi və tarixi əsaslarla sübut edirdi.

1911-1913-cü illərdə M.Ə.Rəsulzadə Türkiyədə olur və “Türk ocağı”nda nəhəng fikir adamları ilə görüşür. Türkçülüyün tarixi, elmi-nəzəri əsaslarını daha dərindən mənimsəyir, Türkiyə mühiti onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

1915-ci il oktyabrın 2-də M.Ə.Rəsulzadənin baş redaktoru olduğu “Açıq söz” qəzeti nəşr edilməyə başladı. Bu qəzet yalnız mətbuat tariximizdə deyil, eyni zamanda xalqımızın azadlıq mübarizəsi tarixində əhəmiyyətli rol oynayıb. M.Ə.Rəsulzadə bir lider olaraq xalqın düşdüyü ağır vəziyyətdən çıxmaq bacarığını məhz bu qəzetdə nəşr olunan yazılarında ortaya qoyurdu. Uzaqgörənlik, siyasi fəhm və bacarıq, yüksək təşkilatçılıq, inqilabi mübarizlik keyfiyyətlərini məhz bu yaxınlarda açıqlayırdı.

***

1917-ci ilin fevral burjua inqilabından sonra Rusiyanın əyalətlərində də ciddi hadisələr başladı. Milli dirçəliş fikrini ortalığa qoyan siyasətçilərdən biri məhz M.Ə.Rəsulzadə oldu. Belə ki, 1917-ci il aprelin 15-dən 20-dək Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında o, ərazi muxtariyyəti ideyasını rəsmi olaraq irəli sürdü və əsaslandırdı ki, Rusiyada yaşayan xalqlara müəyyən müstəqilliklər verilməlidir. Bu, əslində xalqımızın müstəqilliyə doğru gedən yolunda baş verən yeni bir hadisə idi. Bu fikrin və bu ideyanın banisi M.Ə.Rəsulzadə idi.

M.Ə.Rəsulzadənin bir siyasi lider olaraq üstünlüyü onda idi ki, o, yalnız ideya vermirdi, həm də bu ideyanın reallaşmasını təmin edirdi. Məhz elə həmin qurultayda o, Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaratmış Nəsib bəy Yusifbəyli ilə razılaşdılar ki, həmin təşkilatın Müsavatla birləşməsi təmin edilsin. 1917-ci ilin iyun ayında Bakıda hər iki partiyanın birləşmiş qurultayı keçirildi. Məhz həmin qurultayda o, özünün bəşəri şüarını səsləndirdi: “İnsanlara hürriyyət, millətlərə istiqlal!” Həmin qurultayda M.Ə.Rəsulzadə Müsavat Partiyasının lideri seçildi.

1918-ci il mayın 2-də Tiflisdə Azərbaycan İstiqlalı elan edilir. Bir gün əvvəl isə Azərbaycan Milli Şurasının toplantısı keçirilir və M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilir. Yenə diqqət edilirsə, Azərbaycan istiqlalını elan edən Milli Şuradır, Milli Şuranın sədri isə məhz onu - M.Ə.Rəsulzadəni seçirlər. M.Ə.Rəsulzadəni isə (təbii ki, digər əqidə dostları olan Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və başqaları ilə birlikdə) hansı vəzifəyə seçilməsi yox, millətinin xilası uğrunda apardığı mücadilə maraqlandırırdı. Odur ki, bu illərdə biz M.Ə.Rəsulzadəni formalaşan Nazirlər Şurasının hökumət kabinəsində hansısa bir nazir vəzifəsində görmürük.

***

1920-ci il aprelin 27-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə yenidən müstəqilliyin bərpası uğrunda savaşa qatılır, müqavimət hərəkatının təşkilatçısına və liderinə çevrilir. Çünki bu dövrdə N.Yusifbəyli qətlə yetirilir, F.Xoyski və H.Ağayev Tiflisdə güllələnir, Ə.Topçubaşov isə Parisdə qalıb orada mücadiləsini yürüdür. Əsas tanınmışlardan Azərbaycan siyasi səhnəsində qalan yalnız o, olur. Əvvəl Bakıda, sonra Ramanada, daha sonra isə Lahıcda gizli yaşamaq məcburiyyətində qalan M.Ə.Rəsulzadə əslində xalqın işğalçılara qarşı aparılan mücadiləsinin əsl təşkilatçısı idi. Və özü həbsxanada keçmiş mücadilə dostu Stalinə etiraf edirdi ki, biz həm də “əlverişli məqam” gözləyirdik.

Bu illərdə M.Ə.Rəsulzadənin həyatında çox ciddi təhlükələr baş verir: həbs edilir, güllələnmək təhlükəsi ilə üzləşir, Stalin tərəfindən Moskvaya aparılır, burada iki ilə qədər çətin şəraitdə yaşayır...

1922-ci ilin sonlarından biz onu Türkiyədə - İstanbulda görürük. İtirilmiş vətəninin geri qaytarılması, yenidən müstəqilliyə qovuşması uğrunda M.Ə.Rəsulzadə əsl fədakarlıq göstərir. Tez bir zamanda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün kitablar yazır, jurnallar çap etdirir, təşkilatlar qurur. 1923-cü ildə nəşr etdirdiyi “Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabı İzmir kitab sərgisində böyük uğur qazanır, Atatürk mükafatına layiq görülür. 1923-cü ilin sentyabrından İstanbulda nəşr etdirdiyi “Yeni Qafqasiya” jurnalı sovetlər birliyinin işğalçı mahiyyətini açıb göstərir. Eyni zamanda o, Polşa dövləti rəsmiləri ilə yazışmalar aparır, bolşevizmə qarşı yaradılan bütün təşkilatlarda fəallıq göstərir. Onun “Qafqaz İstiqlal Komitəsi”, “Prometey” təşkilatı və digər antibolşevik qurumlardakı fəaliyyəti böyük önəm daşıyır.

***

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə Ə.Topçubaşov Parisdə vəfat edəndən sonra mühacirət həyatının ağır şərtlərinə baxmayaraq M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

İkinci Dünya savaşı dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada “Azərbaycan Kültür Dərnəyi”ni yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir, “Əsri” məzarıstanlığında dəfn edilir. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.