Obama niyə qələbə qazandı?

obama-niye-qelebe-qazandi-
Oxunma sayı: 656

“ABŞ vətəndaşları Barak Obamaya 4 il öncə vəd etdiyi islahatları başa çatdırmağa şans verdilər. Mitt Romni Ağ Evə yiyələnəcəyi halda sıfırdan başlayacaqdı. Amerikalıların böyük əksəriyyəti isə daxili və xarici siyasətdə qeyri-müəyyənliyə deyil, qənaətbəxş olmasa da onlara məlum olana siyasətə və bu siyasətin daşıyıcısına səs verdilər”.

Elxan Şahinoğlu uzun müddət Mitt Romninin Barak Obama ilə başabaş mübarizə apardığını, ancaq son anda geridə qalmasının başqa səbəbləri ola biləcəyini də deyib: “Amerika emiqrantlar ölkəsidir. Mitti Romni isə bir respublikaçı kimi varlıların müdaficəçisi kimi görünürdü. Emiqrantlar, o cümlədən qaradərililər, ispan dillilər və orta sinif Barak Obamanı özlərindən birisi kimi dəyərləndirirlər. ABŞ-da varlı təbəqə nə qədər böyük gücə sahib olsa da, seçkidə bu təbəqə orta sinifə və kasıb təbəqəyə məğlub oldu”.

Bu seçkinin o birilərindən iki amillə fərqləndiyini deyən Elxan Şahinoğlu bunları belə dəyərləndirdi: “Bu seçki kampaniyası ümumilikdə hər iki namizədə 1 milyard dollara başa gəldi. Bu ABŞ seçki tarixində rekord göstəricidir. İkinci amil bu seçkidə namizədlərin xarici siyasətə az diqqət yetirmələridir. Bu da ondan irəli gəlir ki, ABŞ-da iqtisadi vəziyyət qənaətbəxş deyil və amerikalıları xaricdəki vəziyyət deyil, daxildəki iqtisadi problemlər, sosial məsələlər maraqlandırır. Çünki, bu birbaşa onların həyatına toxunur. Suriya, İran və ya Rusiya ilə münasibətlər nə qədər maraqlı görünsə də, amerikalıları gündəlik qayğıları daha çox maraqlandırır. Buna görə də həm Obama, həm də Romni seçkidə daha çox iqtisadiyyatdan, səhiyyə sistemindəki islahatlardan və sosial problemlərin həllindən danışdılar”.

“Barak Obamanın xarici siyasətində və Cənubi Qafqaza yönəlik siyasətində yeni nəsə gözləmək olarmı” sualına cavab verən Elxan Şahinoğlu köhnə-yeni prezidentdən xarici siyasətdə fövqəladə heç nə gözləmədiyini vurğuladı: “Liviya probleminin həllində Barak Obama
kölgədə qaldı, irəliyə Fransa ilə Böyük Britaniya bıraxdı. Liviya daktotorunun yıxılmasında məhz Paris və London önəmli rol oynadılar. Yəni Obama dövründə ABŞ heç də bütün dünyəvi məsələlərinin həllində ön planda olmadı. Bu da təbiidir, əvvəlki illərdən fərqli olaraq ABŞ-ın dünyəvi problemlərin həlli üçün iqtisadi və diplomatik resursları artıq kifayət etmir. Obama Rusiya ilə “perezaqruzka” siyasətinə də davam edəcək və çox təəssüf ki, bu siyasət Cənubi Qafqaza yaxşı heç nə vəd etmir. Çünki, Obama prezident olduğu 4 ildə Kremlin Cənubi Qafqazdakı fəallığına bir növ seyrçi qaldı, həmsədr olaraq Dağlıq Qarabağ münaşişəsinin həllinə maraq göstərmədi. Kreml də fürsətdən istifadə edərək Qarabağ problemini həlli prosesini inhisarına aldı. Ancaq nə problem həll oldu, nə də Cənubi Qafqazda sakitlik yarandı. Düşünmürəm ki, Obamanın növbəti 4 ildə Cənubi Qafqaza marağı artsın”