On-on beş manatlıq fitrə çoxdur

on-on-bes-manatliq-fitre-coxdur
Oxunma sayı: 2485

Azər Qismət

Dini kitablarda yazılır ki, Fitrə zəkatı hər bir müsəlman tərəfindən verilməsi vacib olan bir miqdar maldır. Təsadüfi deyil ki, ona “zəkatul-əbdan”, yəni “bədənin zəkatı”da deyilir. Hədisdə buyurulur ki, “namazın tamam və kamil olması Peyğəmbərimizə salavat göndərməyə bağlı olduğu kimi, orucun tamam və kamil olması da fitrə zəkatının verilməsinə bağlıdır”. Dini kitablarda o da yazılır ki, “fitrənin vacib miqdarı hər şəxsin yerinə təqribən 3 kiloqram verməkdir, yəni fitrə verməklə mükəlləf olan şəxs özü və əhali-əyalının yerinə adambaşı 3 kiloqram malı, yaxud onun pulunu verməlidir”. 

Hələ sovet illərində milisin, üstəlik müəyyən ştatlı çuğulların qorxusundan qonşuların hansınınsa evində ürkəkcəsinə keçirilən şamü-qəriban gecələrində də eşitmişdim ki, fitrə zəkatı 3 kiloqram arpanın ya özünün, ya qiymətinə əsasən verilir. Ya darvazanın çölündə qoyulurdu ki, kimsə gəlib götürəcək. Ya da fitrə yığanlar özləri gəlib qapıları döyərdilər. Dinə görə fitrə yığmaq dilənçiliyə bənzəsə də, hər halda belə edənlər qapıdan qovulmurdu. Gəlibsə, elə ona da verilirdi. İllərdir ki, fitrənin qiymətini belə görmüşük, belə eşitmişik, belə ödəmişik.

Amma bu il tamam fərqli bir qiymət ortaya çıxdı. Məlum oldu ki, müsəlman aləmi Ramazan ayının bitməsini bildirən Fitr bayramında çıxaracaq fitrə zəkatın qiyməti həddən ziyadə çoxalıb. “Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, adambaşına orta hesabla 10-15 manat zəkat verilməlidir. Yəni, əvvəllər 3 kiloqram arpanın verilməsindən əlavə bu il tamam başqa nemətlərin də ya özü, ya da məbləği verilməlidir. Bunlara 3 kiloqram arpa, buğda, kişmiş, un, düyü, xurma və sair bu növ ərzaq məmulatlarının dəyəri qədər fitrə zəkat daxildir.

Həmişə dəyər verdiyim Hacı Şahin qeyd edib ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin qərarıdır. Biz adıçəkilən qurumun istənilən fətvasına hörmətlə yanaşırıq və bundan sonra da yanaşmalıyıq.
Lakin gəlin etiraf edək ki, hər ailədə adambaşına 10-15 manat fitrənin verilməsi həddindən artıq çoxdur. Düzdür, bunu bəziləri devalvasiya ilə əlaqələndirdilər, bəziləri isə dedi ki, bazarda qiymətlər qalxıb. Axı, qiymət qalxmasının məsələyə nə aidiyyatı var? Hələ o illərdə bolluq olan dövrlərdə fitrə-zəkat 3 kiloqram arpanın qiymətinə hesablanırdısa, deməli indiki vaxtda da buna əməl olunmalıdır. Fitrə-zəkatın qlobal maliyyə böhranı ilə hansı əlaqəsinin olmasını anlamıram.

Azərbaycan ailəsi çoxuşaqlı olması ilə seçilib. Biz Avropa ailəsi kimi ata-ana və övladdan ibarət deyilik. Hərçənd onlarda da çoxuşaqlı ailələr var. Yəni, əksərən götürəndə, oralarda hər bir ailə əsasən 3 nəfərdən ibarət olur. Bizdə isə ən müasir ailə 4 nəfərdən ibarətdir. Ata-ana- 2 uşaq. Üstəlik, dəyərlərimizi nəzərə alaraq valideynlərin də yerinə fitrə-zəkatı övladları verməlidir. Çünki dini kitablarda yazılıb ki, öz malından ailə üzvləri və əhali-əyalına daxil olan başqa şəxslərin yerinə də zəkat çıxarmaq vacibdir: arvadı, uşaqları və ata-anası kimi hal-hazırda gündəlik xərclərini verdiyi ailə üzvləri, eləcə də bacısı, qardaşı və onlar kimi xərclərini verməyə zamin olduğu şəxslərdən onun evində və himayəsində yaşayan qohumlar.

Əgər ən müasir ailəmizi götürsək ortaya 6 nəfər çıxır, bu da 90 manat deməkdir. Üstəlik, nəzərə alaq ki, bu bayram günlərində bazarlıq etmək, masaya növbənöv təamlar düzmək də lazım gəlir. Axı, bayram təkcə fitrə-zəkatdan ibarət deyil?! Hamıya da məlumdur ki, digər İslam ölkələrində keçirilən bayramlarda ərzaqların qiymətində enmələr müşahidə edilsə də, bizdə ticarətçilər qiyməti heç bir səbəb göstərmədən qaldırırlar. Oruc tutanlar yaxşı xatırlayırlar ki, ilk orucluq günündə mağazalarda xurma tapılmadı. Ertəsi gün satışa çıxarılanda isə artıq qiyməti əvvəlki günlərlə müqayisədə xeyli artmışdı. Əlbəttə, bunu edən öz ticarətçilərimiz oldu. Həmişə olduğu kimi. Və təbii ki, ölənlərinə rəhmət oxutdurmadılar.

Görünür, onlar müqəddəs Ramazanda edilən bu duanı bilmirdilər, yaxud bilmək istəmirdilər. Bilsəydilər, bəlkə heç bir halallıq verilməyən qiymət artırımından xəcalət çəkərdilər: “Allahım, məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq xisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə, ey mömin bəndələrinə rəhimli olan”.