“Özümüz qərar verməliyik, kiminsə arzusu ilə yox” - Deputat

ozumuz-qerar-vermeliyik-kiminse-arzusu-ile-yox
Oxunma sayı: 1252

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsinə dəyişiklik edilməsi təklif edilir.

 “Qafqazinfo” xəbər verir ki, qanunun 2.2-ci maddəsində “vergi yoxlamalarına” sözündən sonra “tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara” sözləri əlavə edilməsi təklif olunur. Həmçinin 10.3- cü maddədə “sahəsində” sözü yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində” sözlərinin əlavə edilməsi təklif olunur.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara bu qanunun şamil edilməməsi nəzərdə tutur. Qanun layihəsi həmçinin yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində planlı yoxlamaların risk qrupundan asılı olaraq həyata keçirilmə dövriliyini müəyyən edir. Bu sahədə yoxlamaların aparılmasına icazə verilməsi və onun aparılması dövriliyinin müəyyən olunmasında əsas məqsəd insanların həyat və sağlamlığının, o cümlədən əmlak mənafelərinin etibarlı qorunması üçün zəmin yaratmaqdır.

***

Millət vəkili Vahid Əhmədov qanun layihəsinin müzakirəsi zamanı sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlamalara qoyulan bəzi məhdudiyyətlərin aradan qaldırılmasına sərt etirazını bildirib: “Məhdudiyyətlər niyə aradan götürülməlidir, yoxlamalar nəyə lazımdır? Bunu hansısa nazir gətirib soxuşdurub... Biz indi niyə ona razılıq verməliyik? Biz Milli Məclisin deputatlarıyıq, özümüz qərar verməliyik, kiminsə arzusu ilə yox”.

Günel Türksoy