Pirallahıda hesabat yığıncağı

pirallahida-hesabat-yigincagi
Oxunma sayı: 782


“Qafqazinfo”  xəbər verir ki, yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, RİH Aparatının məsul əməkdaşları, Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, rayon fəalları iştirak ediblər. 

Hesabat yığıncağında çıxış edən Vasif İmanov rayon haqqında qısa məlumat verib.  V. İmanov bildirib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün, Qala qəsəbəsindən Pirallahıya çəkilən 4 zolaqlı müasir avtomobil yolunun, “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisi davam edir. Dövlət Proqramına əsasən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir. Binaların həyətlərindən, yol kənarlarından dəmir köşklər götürülüb, zəbt olunmuş, çəpərlənmiş ərazilərin boşaldılması və təmizlənməsi, antisanitariyanın aradan qaldırılması işləri davam edir.

V.Mustafazadə adına Mədəniyyət mərkəzi təmir olunmuş, “Gənclər parkı” tam abad vəziyyətə gətirilib, bunun ardınca “Uşaq parkı”nda futbol meydançası və digər qurğularının tikintisinə başlanılıb. Magistral yolda 7 yerdə müasir tipli yeni dayanacaq inşa edilib, bu işlər davam edir. Mərkəzləşdirilmiş istilik sisteminin bərpası layihəsi hazırlanıb, təmir işlərinə və qazanxanaların qurulmasına başlanıb. 5 mərtəbəli binaların bir hissəsinin zirzəmilərinin suyu qurudulub və bu istiqamətdə işlər davam etdirilir. Növbəti payız-qış mövsümünədək ilk olaraq 40-cı məhəllədə 5 binaya, sonra isə qəsəbənin bütün binalarına istilik veriləcək.

Qəsəbənin bir nömrəli problemi sayılan içməli su məsələsinin həlli üçün Zirə qəsəbəsindən adaya gələn mövcud su kəmərinə qanunsuz qoşulmuş xətlər kəsilərək adaya gələn suyun həcmi 3 dəfəyədək artırılıb, Azərsu ASC-nin yaxından köməyi ilə rayona 2 ədəd su maşını alınaraq qəsəbə sakinlərinə təmənnasız olaraq gündəlik 40 ton içməli su verilməsinə nail olunub. 

Əhalinin istirahəti və asudə vaxtını səmərəlib keçirməsi üçün məhəllələrdə kölgəliklər, rahat oturacaqlar qurulacaq, gecə işıqlandırılması yaxşılaşdırılacaq, idman meydançaları, mümkün olan yerlərdə futbol və basketbol meydançaları yaradılacaq.

Hesabat ətrafında çıxış edən millət vəkili Rauf Əliyev, “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev, 186 N-li orta məktəbin direktoru Arif Xankişiyev, gənc fəal Anar Babayev və başqaları 2013-cü ilin I yarımilində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab ediblər. “Pirallahı rayonunda 2013-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair” qərar layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb və səsə qoyularaq yekdilliklə qəbul edilib.