“Polis Anarı silahla tuturdu, o yenə həbsxanadan çıxırdı” - Məhkəmədə ifadə

polis-anari-silahla-tuturdu-o-yene-hebsxanadan-cixirdi
Oxunma sayı: 2819

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankdan külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən Yasamal rayon filialının əməliyyatçısı - Rüfət Muradov və onun tanışı Anar Vəliyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə R.Muradov ifadə verib və pulu A.Vəliyevin təhdidi ilə çıxardığını deyib:

“Anarı çoxdan tanıyırdım, bir dəfə görüşəndə dedi “gəl bankdan pul çıxaraq”. O, kriminal aləmin üzvüdür, ləqəbi də “tsiqan”dı. Anar silahla gəzirdi, mən neçə ay bəhanələr gətirərək boyun qaçırdım. Sonra o mənə hədə-qorxu gəldi, kriminal adamların bu işi ona tapşırdıqlarını dedi, dediklərini etməsəm, ya da işdən çıxsam məni öldürəcəklərini dedi. 2015-ci ilin sonlarında hədələrə dözə bilmədim, məcbur olub dediklərini etdim. Heç yerə də şikayət edə bilmədim, Anarı polis silahla tuturdu, o yenə çıxırdı.

Bu gün də məhkəməyə gətiriləndə maşında mənə deyirdi ki, bütün cəzəçəkmə müəssisələrində adamları var. Hədələyirdi ki, bunları danışsam, yaxşı olmayacaq. İndi danışıram, qoy mənə nə olur-olsun, amma uşaqlarım bilsin ki, ataları niyə belə edib”.

Proses iyunun 5-də davam etdiriləcək.

Qeyd edək ki, R.Muradov bankda vəzifədə işlədiyi dövrdə tanışı A.Vəliyevlə müştərilərin 118 min manat pulunu ələ keçirməkdə ittiham olunur.

Murad Əhməd