Pul qazanmağın ən şərəfsiz yolu

pul-qazanmagin-en-serefsiz-yolu
Oxunma sayı: 3552

Rövşən Naziroğlu

Ayaq yolundan qayıdanda piştaxtaya gözucu baxmaqla tapşırıb getdiyi kartof-soğanın nə qədər əskildiyini anlayan Gülnisə xala kimi səsini başına atan telefonun dəstəyini ərincək halda qaldırıb bir-iki dəfə “alo” desəm də, cavab verən olmadı.

Bir otaq qadın ağız-ağıza verib qəhqəhə çəkirdi xəttin digər ucunda. Dəstəyi yerinə asmaq istəyəndə gülüşünü səngidib səsini nizama salan qadınlardan birinin “Maşallah, Nigar da böyüyüb artıq” dediyini eşitdim. Qızlar bulağından su içib aftafa doldurmuş bütün tanış nigarları yaddaşımda vərəndaz eləməyə macal tapmamış telefonun dəstəyi guruldadı:

-Salam, qardaş, necəsən?

“Əleyküm salam” deyib susdum. Bu dəfə qulağıma süzülən səsdə illərin ərkini hiss elədim:

-Qardaş, deyəsən, məni tanımadın axı...

Yaddaşımdan gileyləndim. Adını, soyadını, ədəbi təxəllüsünü deyib keçdi aldığı mükafatları, fəxri fərmanları sadalamağa. Hansısa qəzetin bir ayda üç dəfə təşkil etdiyi poeziya qapışmasında ikinci yeri tutduğunu fəxrlə qeyd eləyən bu adamı ədəb xatirinə yalandan da olsa, tanımağa məcbur idim artıq.

Bayaqdan özünü tərifləyən adam parçasıyla qədimi tanışım kimi hal-əhval tutdum ki, mənim qulağıma rəhmi, öz nəfəsinə yazığı gəlib mədhiyyəsini uzatmasın. Qısa cavablar almaq üçün həmsöhbətimə mümkün qədər yığcam suallar verirdim. Bir neçə dəqiqə “Nə? Harda? Nə vaxt?” adlı televiziya viktorinasının telefon variantını oynayandan sonra xəttin o başında dil-dil ötüb hər cümləsinin quyruğuna qafiyə bağlamağı özünə borc ədd eləmiş nahəmvar şairin kim olduğunu anladım. Ədəbiyyatın geniş çiyinlərinə kəpək kimi ələnən bu növ şairlərin ağırlığı olmasa da, utancı kifayət qədərdi. Həyati əhəmiyyət daşıyan yeganə məqsədləri özlərindən də istedadsız adamların idarə elədiyi poeziya məclisinə üzv olmaqdı. Usta olduqları sahə yaltaqlıqdı. Yeri gələndə həmrəylik nümayiş eləyib bir-birlərinin yaltaqlığına yerin deşiyindn də olsa, don tapıb geyindirirlər. İndi xəttin o başında telefon dəstəyini gicgahına qoşalülə kimi sıxmış bivec şairin həmin dəstədə böyük nüfuz sahibi olduğunu xatırladım.

Yanılmıramsa, soldan sağa ya üçüncü yaltaq idi, ya da dördüncü.

Telefon nömrəmi kimdən aldığını və axşam-axşam mənə zəng eləməsinin səbəbini soruşdum həmsöhbətimdən. Birinci sualımın yanından saymazyana keçib dedi ki, istəyirəm təzə yazdığım şeirləri sənə oxuyum. Səssizliyimi razılıq kimi anlayıb başladı üyüdüb tökməyə. Hövsələmin daraldığını hiss eləyib sözünü yarıda kəsdim. “Qiyamət kəsdirib qapımızın ağzını, dünya dağılır. Sən hələ də hecada şeir yazırsan?” Əvvəlki vaxtlarım olsaydı, geninə-boluna həzz alardım araya düşən pərtlikdən. Amma yaş keçdikcə bu növ insanların nə qədər keyfiyyətsiz olsalar belə, karıxması ürəyimi sıxır. Səsimin tonuna bir az mərhəmət qatıb dedim: “Bu yaxında qəzetlərin birində vətənə həsr elədiyin şeirin çıxdı rastıma. Oxudum, xoşuma gəldi.”
Köhnə tanışım sevincdən üşüyən səsilə bir göz qırpımında araya çökən ağır sükutu süfrəyə yaxınlaşmaq istəyən itdən urvatsız elədi. Yalandan dediyim bir kəlmə söz şairi caynağına alıb qaldırmışdı göylərə.

Xoşbəxtlikdən dəli ola biləcəyi ağlıma gəldi. Ehtiyatlanıb soruşdum ki, niyə ancaq vətəndən yazır şeirlərini.
Verdiyim sual qulağının dibində paraşüt kimi açılıb nəfəsi tıncıxan biçarəni endirdi göylərdən yerə.

Cavabında həyasız qocalara xas arxayınlıq varıydı: “Bilirsən, başqa şeirlərlə qapı döymək olmur. Heç kəs sevgi şeirlərinə görə əlini salmır cibinə. Üz tutduğum adamların ürəyi suya dönür yazdıqlarımı oxuyanda. Şükür, bu şeirlərin sayəsində başımı dolandırıram.” Sözünü bitirib bərkdən güldü. Bəlkə də gülmədi, kişnədi. Dəyyus, erməni pəncəsində inildəyən yurd yerlərimizi hissə-hissə bazara çıxarıb çörəkpulu qazanmağın ən şərəfsiz yolunu seçmişdi. Deməyə söz tapmayıb susdum. Sonra sağollaşdıq.

Nədənsə telefon nömrəmi dəyişmək keçdi ağlımdan...