Qadınların sosial-psixoloji problemləri...

qadinlarin-sosial-psixoloji-problemleri
Oxunma sayı: 1141

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUB) “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində Beyləqan rayonunun xanımları ilə görüş təşkil edib. 

“Qafqazinfo” xəbər verir ki, “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusuna həsr olunan görüşdə qadınların problemləri ilə yanaşı, öz rifahını yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər də müzakirə olunub. 

QLUB sədri Ülkər Abdullayeva son illərdə ölkəmizdə maliyyə-iqtisad sahəsində yaranmış çətinliklərin vətəndaşların sosial vəziyyətinə təsir etdiyini deyib. Bildirib ki, insanlar daha çox banklara olan borclarını ödəyə bilməməkdən, gəlirlərinin azalmasından şikayətlənirlər. Bu vəziyyət ailənin əsas yükünü çəkən qadınlara daha çox təsir edir. 

O, qeyd edib ki, qadın nə qədər güclü, iradəli olsa, inkişafa hədəflənsə, problemlərin öhdəsindən ağıllı və daha az itki ilə çıxmağın yollarını düşünsə, bir o qədər stressdən, neqativ niyyətlərdən uzaq olacaq. 

Tədbirdə qadın məsələləri üzrə ekspert Aynur Zamanova, Beyləqan şəhəri N.Allahverdiyev adına 1 saylı tam orta məktəbin direktoru, YAP Beyləqan rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova çıxış edərək mövzu barədə fikirlərini bölüşüblər. 

Eyni mövzuda tədbir Saatlı rayonunda da keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.