““Qarabağ”la digər matçlarımız daha maraqlı olmuşdu” - Fariz Nəcəfov

qarabagla-diger-matclarimiz-daha-maraqli-olmusdu
Oxunma sayı: 861

“Qəbələ” AFFA Gənclər Liqasında son turda “Qarabağ”la 0:0 hesablı heç-heçə edərək çempionatın qalibi olub.

Oyundan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Bu gün "Qəbələ" U-19 liqasının çempionu adını qazandı...

- Sözün açığı, “Qarabağ”la çempionatdakı digər matçlarımız daha maraqlı keçmişdi. Futbolçularda həyəcan var idi. Bərabərlik bizə sərf edirdi. İstənilən halda bu uşaqlar öz balalarımızdır. Azərbaycanın gələcəyi olacaqlar. Bu futbolçular əvvəlcə U-21, daha sonra əsas yığma üçün oynayacaqlar. Bu yaşda çempionluq vacib deyil. Əsas odur ki, yaxşı futbolçu yetişdirəsən. Amma uşaqların çempionluğun dadını bilməsi və əzmkar olmaları üçün titul da vacib sayılır.

- Ötən mövsüm “Qarabağ” heyətinə UEFA Gənclər Liqasında çıxışı üçün bir neçə legioner qatdı. “Qəbələ” bu praktikadan yararlanacaq?

- Mən də istərdim ki, turnirdə uğurlu çıxış edək. Ancaq mən bunun tərəfdarı deyiləm. Öz yerli futbolçularmızın təcrübə qazanmalarını istəyirəm.

- “Qəbələ” oyunda ilk zərbəni 44-cü dəqiqədə vurdu. Komandanın potensialı budur, yoxsa həyəcandan irəli gəlirdi?

- Bir az öncə vurğuladığım kimi, “Qarabağ”la ötən oyunlarımız gərgin olmuşdu. Hesab bizə sərf edirdi. Müdafiədən oynayırdıq. Əvvəlki oyunlara baxmışam. Komanda şəklində yaxşı futbol oynayırıq. Heyətimizdə güclü futbolçular da var. Sadəcə, bu gün dağıdıcı oyun nümayiş etdirdik.

- UEFA Gənclər Liqasında komandanın baş məşqçi postunda Famil Xəlilov qalacaq, yoxsa daha təcrübəli baş məşqçiyə güvənəcəksiz?

- Biz “Qəbələ”də tək futbolçu deyil, məşqçi də yetişdirik. Famil müəllim də təcrübə toplamalıdır. Azərbaycanda qala-qala buna nail ola bilməz. Ancaq bu qərarları akademiyamızın direktoru verir. Onun təkliflərini dəyərləndiririk. Ancaq mən onun qalmasının tərəfdarıyam.