Qaz niyə “paz” olub?

qaz-niye-paz-olub
Oxunma sayı: 1883

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov dəm qazından zəhərlənmələrlə bağlı hər gün ən azı 4-5 müraciətin olduğunu bildirdi: “Son on gündə 16-dan çox müraciət olub. İki-üç gün ərzində müraciət edənlərin sayı isə artıb. Son bir iki gündə müraciət edənləri də bura əlavə etsək, bunların sayı 20-dən çox olub. Müraciət edənlərin vəziyyətləri çox ağır olmasa da, orta ağır qiymətləndirilib. Bu vaxta qədər qazdan zəhərlənənlər əsasən 25-40 yaş arası insanlardır ki, mövsümlə əlaqədar müraciətlərin artacağını gözləyirik”.

Şöbə müdiri qazdan baş verən zəhərlənmələrin əlamətlərinə də toxundu: “İlkin əlamətləri başağrısı, başgicəllənməsi, hava çatışmazlığı, qusmadır. Amma bu əlamətlər hiss olunandan qısa müddət sonra xəstə huşunu itirir. Buna görə də, hamam otağında nəfəslik olmalı və mütləq açıq saxlanılmalıdır. Bundan başqa, otaqda dəm qazının artdığını göstərən cihazlar var ki, bunlar da quraşdırıla bilər”.

Qazdan zəhərlənmələrlə bağlı göstərilən səbəblər isə müxtəlifdir. Vətəndaşlar zəhərlənmələrin baş verməsində əsas səbəb kimi keyfiyyətsiz sobaları, qazın tərkibində əlavə qatqı maddələrinin olmasını göstərirlər.

Səbəbkar vətəndaşdır

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə zəhərlənmələrin daha çox abonentlərin qazdan düzgün istifadə etməmələri ilə bağlı olduğunu bildirdi: “Mənzildə, hamam otaqlarında qapılar payız və qış mövsümündə sıx bağlanılır. Hamam otaqlarında qapının aşağı hissələrində açıq nəfəsliklər olmalıdır. Tikinti qaydalarına uyğun olaraq, orada ventilyasiya qurğuları yerləşdirilməlidir. Vətəndaşlar bütün bu qaydaların heç birinə əməl etmirlər və rəsmi qurumları günahlandırırlar. Abonentlər özləri bu işə diqqətli yanaşmalıdırlar. Bundan başqa, tüstü bacalarının təmizlənməsi üçün müvafiq qurumlara müraciət edilmir”.

Mətbuat xidmətinin rəhbəri qazın tərkibinin keyfiyyəti ilə bağlı deyilən iradlarla da razılaşmadı: “Biz dəfələrlə demişik ki, Azərbaycanda abonentlərə verilən qaz İrana, Rusiyaya və Türkiyəyə verilən qazla eyni tərkibdə, eyni keyfiyyətdədir. Bu ölkələrin heç birindən qazın tərkibi ilə bağlı şikayətlər daxil olmayıb”.

“Azəriqaz” İB-nin işçiləri mövsüm başlayandan ənənəvi monitorinqlərə start veriblər. A.Ağayev noyabrın 15-dən dekabrın 15-dək “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edildiyini də vurğuladı: “Artıq yerli qaz istismar sahələrində gücləndirilmiş iş rejimi tətbiq edilib. Monitorinqlər zamanı qaztənzimləyici cihazlara, qaz avadanlıqlarına baxış keçiriləcək. Abonentlər növbədənkənar formada məlumatlandırılacaq. Bütün bunlar isə qış mövsümünü normal şəkildə keçirməyimizə imkan verəcək”.

Sobalar yoxlanılmır

“Azəriqaz” rəsmisi zəhərlənmələrdə əsas təqsirkar kimi vətəndaşların ehtiyatsızlığını və səhlənkarlığını göstərsə də, ekspertlər heç də bu fikirdə deyillər.

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov zəhərlənmələrin baş verməsinin “Azəriqaz” işçilərinin məsuliyyətsizliyi və işlərini düzgün yerinə yetirməmələri ilə bağlı olduğunu bildirdi. Ekspert sobaların qeyri-standart olması ilə bağlı deyilən fikirlərlə razılaşmadı.

O, bir çox qurumlar və ekspertlər tərəfindən baş verən zəhərlənmələrdə vətəndaşların günahkar göstərilməsinə də münasibət bildirdi: “Qeyri-standart cihazlar sovet dövründə də var idi. Nə üçün o vaxt bu qədər ölüm hadisəsi olmurdu. Sadəcə, dəm qazından baş verən hadisələr araşdırılmalı, nə üçün baş verdiyi müəyyənləşdirilməlidir. Bu məsələ diqqətdən kənarda saxlanılır. Məsələn, sovet dövründə qaz işçiləri ayda bir dəfə qaz cihazlarını yoxlayırdılar. İndi isə ildə bir dəfə də olsun, monitorinq aparılmır. Ancaq kağız üzərində iki dəfə yoxlamalar aparırlar.

Vətəndaşların ehtiyatlı davranmaları üçün onlar üzərində nəzarət lazımdır. Onlar daim maarifləndirilməli, mütəmadi olaraq, qəzet, televiziya və radiolarda qazdan istifadə qaydaları barədə təlimatlar verilməlidir. “Azəriqaz” İB işçiləri bu işdə fəal olmalı, qeyri-qanuni cihaz quraşdıranları cəzalandırmalıdır. Bunları etmədən vətəndaşdan məsuliyyət gözləmək olmaz. Nəzərə almaq lazımdır k, hər kəs qazdan istifadə barədə məlumatlı deyil. Baş verən hadisələrin əsas səbəbkarı isə “Azəriqaz” işçiləridir”.

Bu maddə vurulmasa...

Ekspert təbii qazın tərkibinə vurulan əlavə qatqı maddələrinin zəhərlənmələri artırmasına da münasibət bildirdi: “Çox zaman yanlış olaraq, qazın tərkibinə radion vurulduğunu deyirlər. Ancaq təkcə bizdə yox, bütün dünyada ABŞ, Fransa, İngiltərədə də qazın tərkibi metandan ibarətdir. Bunun tərkibinə əlavə olaraq metil, etil kimi maddələr vururlar. Bu maddələri hər zaman vururdular, nə üçün əvvəllər bu qədər zəhərlənmə olmurdu? Qazın tərkibinə “adaran“ dediyimiz maddə vurulur ki, bu da tamamilə normaldır. Əksinə, bu maddə əlavə edilməzsə, o zaman çox ciddi təhlükələrlə üzləşə bilərik. Çünki istifadə edilən metan qazı ( CH4) gözlə görünməyən, iysiz və dadsız maddədir. Ona görə də, onun tərkibinə özünəməxsus iyi olan "adaran" maddəsi vurulur ki, qaz sızmaları olarsa, insanlar onu hiss edə bilsinlər. Yəni bu maddəni, baş verə biləcək qəzaların qarşısını almaq üçün qazın tərkibinə əlavə edirlər. Qışda hər kubmetrə 16 milliqram, yayda isə 8 milliqram "adaran" vurulmalıdır”.

Ekspert vətəndaşlar tərəfindən qaz sobalarına edilən müdaxilələrə də toxundu. O, müdaxilələrin artmasının bir səbəbini də qazın təzyiqinin aşağı olması ilə əlaqələndirsə də, ikinci səbəb kimi, onlar üzərində nəzarətin olmaması ilə bağlı olduğunu vurğuladı: “Təzyiq aşağı olduğundan insanlar məcbur olub, boruları süni üsullarla böyüdür, qazdan qeyri-qanuni istifadə edirlər. İllərdir ki, tüstü bacaları yoxlanılmır. Baxmayaraq ki, “kolonka”ların tüstü bacaları ildə dörd dəfə, digər cihazlar isə ildə bir dəfə yoxlanılmalıdır. Əhali tərəfindən özbaşına olaraq, qaz cihazlarına müdaxilə edilməsinin əsas səbəbi, onlara nəzarətin olmaması, “Azəriqaz” işçilərinin öz işlərini düzgün yerinə yetirməmələridir. Bu qurumda qeyri-professional kadrlar toplaşıb, onların bir çoxunun bu sahədən yetərincə anlayışı yoxdur”.

İran sobaları təhlükəlidirmi?

Bəzi eskpertlərin fikrincə isə, dəm qazından baş verən zəhərlənmələrin əsas səbəblərindən biri məhz sobalardır. Keyfiyyətsiz sobalar dəm qazının otaqda qalmasına səbəb olur ki, bu da zəhərlənmələri artırır.

Zəhərlənmələrin artmasına səbəb olan qaz sobalarının əsasən İrandan gətirildiyi bildirilir. Hər il mövsüm başlayandan mütəmadi olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq qurumları yoxlamalar aparsalar da, bazarlarda hələ də keyfiyyətsiz sobalar satılır. Ölkəyə gətirilən bütün sobalar Sertifikasiya Komissiyasından keçməli olsa da, lisenziyasız sobalar da tapmaq mümkündür. Hazırda sobalar İran, Rusiya, Türkiyə, Avropa və MDB ölkələrindən gətirilir. Qaz sobalarının sertifikatlaşdırılması, qanunvericiliyin tələblərinə əsasən məcburi sertifikatlaşdırmalı olan mallar siyahısına daxildir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə zəhərlənmələrin sobalarla bağlı olması haqda fikirlərlə razılaşmadı. Onun sözlərinə görə, istehlakçılar sertifikatı olan mal alsalar, heç bir problem yaşamazlar.

O, vətəndaşları soba alarkən sertifikat tələb etməklə yanaşı, özlərinin də heç bir dəyişiklik etməməli olduqlarını vurğuladı: “İnsanlarda yanlış bir yanaşma var ki, İrandan idxal olunan sobalar təhlükəlidir. Ancaq həmin ölkədə standartlara uyğun istehsal olunan, Azərbaycana gətirilərkən müvafiq sertifikatlar verilən sobaların heç bir təhlükəsi yoxdur. Çox zaman bu sobaları ölkəyə gətirən satıcılar, xərcləri çox olmasın deyə, onların üzərində olan təhlükəsizlik klapanlarını almırlar. Həmin sobalardan istifadə isə son dərəcə təhlükəlidir. Təhlükəsizlik klapanları olmayan sobalar orijinalından iki-üç dəfə ucuz qiymətə satılır. Göründüyü kimi, sobanın əsas dəyəri məhz təhlükəsizlik klapanları ilə bağlıdır. İdxalçılar yalnız öz ciblərini düşünərək, bu addımı atırlar. Bəzən bütün tələblərə cavab verən sobalar alınarkən belə, istifadəçilər onlarda müəyyən dəyişikliklər edirlər”.

Sobaların üzərində olan klapanlar qaz sızmalarını, təzyiqin artıb-azalmasını, tüstü bacalarında yaranan problemləri tənzimləyir. F.Talıblı hazırda bazarlarda satılan sertifikatlı sobalar barədə də məlumat verdi: “Bu il ölkəyə soba gətirilməsi üçün dörd idxal müəssisəsinə sertifikat verilib. Bunlar İran İslam Respublikasının “Adrian”, “Şarigeh toos” nişanlı sobaları, Rusiya istehsalı olan bir və iki gözlü stolüstü qaz sobaları, Türkiyə istehsalı olan qaz və elektrik enerjisi ilə qızdırılan termostatik sobalardır. Bunlardan başqa, alınan qaz sobalarının sertifikatı yoxdur”.

Mətbuat xidmətinin rəhbəri bazarlarda saxta sobaların satılmasını da istisna etmədi. Bununla bağlı monitorinqlərin artıq başlandığını bildirdi.

Zəhərlənmələrin sayının hər gün artdığı bir vaxtda rəsmi qurumlar hələ indi yoxlamalar aparmağa başlayıblar. Bu monitorinqləri hadisələr baş verməzdən əvvəl aparmaq, ölümlərin qarşısını almaq, deyəsən, heç kimin ağlına belə gəlmir. Məsuliyyət isə yenə də sadə vətəndaşın üzərinə düşür.