Qırğızıstan-Tacikistan sərhədində vəziyyət necədir?

qirgizistan-tacikistan-serhedinde-veziyyet-necedir
Oxunma sayı: 1319

İyulun 22-də Tacikistan-Qırğızıstan sərhədində baş vermiş toqquşmadan sonra- 23 iyulda hər iki tərəfin rəsmiləri arasında görüş baş tutub.

“Qafqazinfo”nun “Radio Ozodi”yə istinadən verdiyi xəbərə görə, Tacikistanın İsfara şəhərində keçirilən görüşdə bu ölkənin Baş Nazirinin müavini Əzim İbrahim qırğız həmkarı Jeniş Razakovla sərhəddəki gərgin situasiyanı müzakirə edib.

“Tərəflər Tacikistan vətəndaşının öldürülməsini, Tacikistanın Voruh və Qırğızıstanın Ak-Say sakinləri arasındakı qarşıdurmanın səbəblərini, gedişatını və nəticələrini birgə araşdırmağa, həmçinin sərhəd bölgələri əhalisi arasında məlumatlandırma işlərinin aparılmasına dair razılığa gəldilər. Hazırda yerli hakimiyyət orqanları vəziyyətin yaxşılaşdırılması üçün çalışırlar”, -deyə Qırğızıstan hökumətinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, sərhəddə vəziyyət hazırda stabilləşib.

Qeyd edək ki, bazar ertəsi axşam saatlarında Qırğızıstan – Tacikistan sərhədində silahın tətbiqi ilə münaqişə baş verib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Voruh kəndinin (Tacikistan) sakinləri yaşayış məntəqəsinin girişində bayraq dirəyi quraşdırmaq istəyiblər. Buna isə Ak-Say (Qırğızıstan) kəndinin sakinləri etiraz ediblər. Söz mübahisəsindən sonra tərəflərdən biri silah tətbiq edib. Toqquşma nəticəsində Tacikistan vətəndaşı həlak olub, 16 Qırğızıstan vətəndaşı xəsarət alıb.

Bu məqamda bildirək ki, Tacikistanla Qırğızıstan xalqı arasında vaxtaşırı sərhədlərin delimitasiyası məsələsinə görə toqquşmalar yaşanır.