“Quduzluq xəstəliyinin profilaktikası” mövzusunda seminar keçirilib

quduzluq-xesteliyinin-profilaktikasi-movzusunda-seminar-kecirilib
Oxunma sayı: 697

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" adlı Tvinninq layihəsi çərçivəsində təşkil edilən “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda seminar keçirilib.

"Qafqazinfo" xəbər verir ki, seminarda layihəni həyata keçirən Fransız-Macar Konsorsumunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Təhsil Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Maliyyə Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (Sanitariya və Texniki Təmizlik İdarəsi), qeyri-hökumət təşkilatlarının, heyvan sığınacaqları mərkəzlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov bildirib ki, Tvinninq layihəsinin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda heyvan və insan sağlamlığını mühafizə etmək, kənd təsərrüfatı sahəsində iqtisadi artıma, qida təhlükəsizliyinin yaxşılaşdırılmasına və ictimai sağlamlığa töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin heyvan və zoonoz xəstəliklərin epidemiologiyası, profilaktikası və nəzarəti sahəsində potensialını artırmaqdan ibarətdir. 

Azər Süleymanov Azərbaycanda quduzluq xəstəliyinin aradan qaldırılması istiqamətində Kənd Təsərrüfat Nazirliyi və Səhiyyə Nazirliyinin digər aidiyyətı qurumlarla (Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi) birgə çalışdıqlarını qeyd edərək Respublikamızda quduzluğun kökünün kəsilməsi üzrə Avropa İttifaqının ekspertləri və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən birgə “2018-2022-ci illərdə Azərbaycan Respublikasında quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında Quduzluq xəstəliyinin kökünün kəsilməsi üzrə Çoxillik Fəaliyyət Planı”nın ilkin variantlarının hazırlanaraq 2017-ci ildə aidiyyəti qurumlara təqdim edildiyini bildirib.

Keçirilən seminarda Avropa İttifaqının quduzluq üzrə Referens Laboratoriyasının müdiri, 2001-ci ildən BEB-in quduzluq üzrə eksperti Florans Klike “Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyinin müşahidəsi və nəzarət strategiyası”, Macarıstan Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsinin quduzluq xəstəliyinin idarə edilməsi üzrə eksperti Melinda Koksis  “Quduzluq xəstəliyinə qarşı necə mübarizə aparmaq”, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ceyhun Əliyev “Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi haqqında məlumat” və Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının müdir müavini Rita İsmayılova “Azərbaycanda insanlar arasında quduzluq xəstəliyi haqqında məlumat ” mövzularında elmi təqdimatlarla çıxış ediblər.  

Seminar öz işini bölgələrdə davam etdirəcək.