Quzu qabırğası və bol mayonezli “ekstrimal” jurnalistikamız

quzu-qabirgasi-ve-bol-mayonezli-ekstrimal-jurnalistikamiz
Oxunma sayı: 2732

Nərmin Dadaşova

Bir müddətdir britaniyalı bir macərapərəstin “İnsan təbiətə qarşı” adı ilə təqdim etdiyi videolarını izləyirəm. Müxtəlif ölkələrdən seçdiyi ən təhlükəli məkanlarda - insan ayağı dəyməyən cəngəlliklərdə, vəhşi heyvanların yaşadığı meşəliklərdə, çətin hava şəraitində yeməksiz, susuz, köməksiz sağ qalmaq uğrunda mübarizə aparan Bear Grylls adlı gəncin videolarını çox vaxt gözümün biri bağlı, o biri qıyılmış halda izləyirəm. “Action”un da bu qədəri, arxadaş. Adam çöl camışının gözünü çıxardıb yeyir, ölmüş dəvənin mədəsindən yemək götürür, qaynaşan arı pətəyindən bal götürür, idrarından su kimi istifadə etmək məcburiyyətində belə qalır.

“Üç bacı” dolması üçün yad eldə oturub hönkür-hönkür ağladığım, dünyanın o başında “camp” yoldaşım əlini yumadan boşqaba vurduğu üçün günlərlə yemək yemədiyim vaxtlarım olub mənim, oxucu dost.Yəqin hansısa ekstrimal vəziyyətə düşsəm, dərədən yuvarlansam, susuz, yeməksiz qalsam ilk işim ip axtarmaq olar. Xilas üçün yox, intihar üçün. Mən iradəli insanlara həmişə belə həsədlə baxıram, Bear Gryllsa baxdığım kimi.

Dünən axşam günümün bitməsinə bir-iki qurtum qalmış, divanda oturub səssiz-səmirsiz “Xəzər tv” yə baxırdım. “Çöl adamı” adlı verilişin anonsunu görcək yerimdə dikəldim. Deməli, verilişin məqsədi özünü “Çöl adamı” adlandıran aparıcı Kamal Dənizin Bear Grylls kimi ekstrimal vəziyyətlərdən sağ-salamat çıxmaq üçün uca dağlardan, sıx meşələrdən necə keçməsini göstərməkdir. Vaxt itirmədən telefonuma cumdum. “Çöl adamı” verlilişinin keçmiş buraxılışlarını izləməyə başladım.

Ya bizimkilər! Çöldə kolun-kosun içində verilişə “atalar sözü” ilə başlayan aparıcımız məni ilk dəqiqədəcə öz şirin ləhcəsi ilə şoka saldı, əziz oxucu. “Xalxın” çöl adamları qoltuğunda anakondayla gəzərkən, bizim müəllim yerdən balaca bir ilbizi götürüb, “Yəqin ki, bu ilbiz ağacların inkişafında böyük rol oynayır,” deməzmi? Amma düzünü desəm, hər iki cümlədən bir, babamgilin nar bağı qədər seyrək olan ərazini göstərib, bura çox təhlükəlidir deməsi ilə, tikanlardan, otlardan təmizlənmiş cığırı göstərib “çalışajam burdan keçim” ədaları ilə aparıcı sona qədər məni həyəcanda saxlamağı bacardı. Ən çox həyəcanlandığım isə Kamal Dənizin ac olduğunu böyük bir narahatlıqla qeyd etdiyi hissə idi. Çünki, Berar Grylssanın bəlgəsəllərində mənə ən maraqlı gələn onun qidalanması səhnələri idi. Bir də görəm, Kamal bəy samovarını qalayıb, əlində “Final” dayanıb meşənin ortasında çayı reklam edir. Sonra da, yarım kilo quzu qabırğasının içinə sarımsaq doldurub, aliminium kağıza büküb özü ilə gətirdiyi kömürdən qaladığı ocağın üstündə kabab bişirir. Hələ kababı üçün bol mayonezli souz da düzəltməyi unutmur. Matım –mutum qurudu, arxadaş!

Qəribə bir həqiqət var. Dünyanın bir çox ölkəsində reallaşan televiziya layihələri bizim kanalların əlinə keçən kimi “Final” çayı, “üzqırxan ülgüc” “qabyuyan maye” səviyyəsinə enir.

Hörmətli Xəzər televiziyası, burdan üzümü sizə tutub rica edirəm, bizi bu qədər xəyal qırıqlığına uğratmayın.

Hömətli Kamal Dəniz. Sizə isə işlərinizdə uğurlar arzulayıb gələn proqramlardan birində çayla içmək üçün tez hazırlanan, ancaq dadı uzun zaman damağınızdan getməyəcək sevimli şirniyyat resseptini bölüşürəm:

Ərzaqlar:500 qr çiyələk, 250 qr şəkər tozu, 250 qr maskarpone pendiri, 200 qr 33 faizlik qaymaq

Hazırlanması: Çiyələklərin yarısını xırda doğrayın. Qalanlarını blenderə töküb 100 qram şəkər tozu ile qarışdırıb püre halına gətirin. Maskarpone pendirini çalın,150 qram şəkər tozunu əlavə edin. Mikser iz buraxmağa başlayanda qarışdımağı dayandırın. Kənarda yenidən mikserlə qaymağı çalın. Qaymağın yarısını maskarponeli şəkər tozu qarışığına əlavə edin. 2-3 dəqiqədən sonra qalan qaymağı töküb mikserin orta sürətində qarışdırıb balaca qablarda servis edin. Nuş olsun.