Ramil Səfərova və onun ədəbsiz qardaşına...

ramil-seferova-ve-onun-edebsiz-qardasina
Oxunma sayı: 683

Tale elə gətirmişdi ki, mənim jurnalistikaya gəlişim 2003-cü ilə, sənin Macarıstanda erməni zabit Qurgen Markaryanı qətlə yetirdiyin vaxta təsadüf etmişdi. O vaxt mən jurnalist kimi ilk yazilarımı səndən başlamalı olmuşdum. Buna görə hər zaman qürur duymuşam. Açığı o vaxt da, ondan sonra da Azərbaycanın əksər jurnalistləri kimi bizim üçün əsas mövzu sən olubsan. Sənin məhkəmə prosesin başa çatandan və hökm çıxarılandan sonra unudulmağa qoymamışıq səni. Hətta, cəmiyyətdə bilirsən ki, sənə münasibət birmənalı olmayıb. Bir hissəsi sənin qatil olduğunu iddia edib, Azərbaycanın beynəlxalq imicinə ləkə vurduğunu düşünüb, əsgərə yaraşmayan hərəkət etməkdə suçlayıb.

Amma mən və mənim kimi düşünənlər hər zaman bu adamların cavabını vermişik. Yadıma gəlir ki, həmin hadisədən bir neçə il keçəndən sonra sənin hüquqlarının müdafiəsi üçün yaradılan qurumlar belə fəaliyyətini donduranda biz donmadıq. O aralar mənim müsahibə aldığım, səninlə bağlı rəyini, mövqeyini öyrəndiyim ən müxtəlif vəzifəli adamlar bizə sakitcə “Ramil mövzusunu unudun”-deyirdilər. Amma biz unutmurduq... Şəxsən, mən heç vaxt səni unutmamışam. Həmişə yazmışam, müdafiə etmişəm. Dəfələrlə sənin doğum günündə atan Sahib Səfərova zəng etmişəm, rəhmətlik ananla danışmışam. Onun xəstələndiyini eşidəndə oturub uşaq kimi ağlamışam...

Bizim düz səkkiz il apardığımız mübarizənin, Azərbaycan cəmiyyətində səni unudulmağa qoymamağımızın, bu hakimiyyətin əsas vəzifələrindən birinin səni vətənə qaytarmalı olduğunu sübut etməyimizin nəticəsində arzumuza çatdıq. Bu arada biz tək olmadıq.
Səninlə bağlı yüksək ictimai rəyin formalaşdırılmasında jurnalistlər kimi neçə-neçə vətənpərvər insanların, deputatların, iş adamlarının, bir sözlə, bu cəmiyyətdə səni qəhrəman hesab edən insanların da böyük zəhməti oldu.

Və bu il avqustun sonuncu günü sənin Azərbaycana ekstradisiya edilməyin, elə hava limanındaca əfv olunmağın haqda xəbəri eşidəndə bir jurnalsit kimi mənim nitqim qurudu. Mən hələ də düşünürəm ki, bu mənim jurnalist kimi yazdığım ən möhtəşəm xəbərdir. Bir də belə xəbəri yazmağım üçün sən Qarabağı azad etməlisən!..

İnanın ki, mən bu sözləri heç bir pafos hiss etmədən yazıram. Mən həqiqətən də, sənin haqqında belə düşünürəm.

Əzizim Ramil!

Səni görməyə gəlmək üçün həmin gün maşını o qədər təhlükəli sürmüşdüm ki, şəhərdə bunu görən neçə dost-tanış zəng edib narahat olduqlarını demişdilər. Sizin evə gəlib çatan ilk jurnalistlərdən biri də mən idim. Darvazanızdan içəri girəndə sevincimdən qollarımı havaya qaldırıb bir-neçə dəqiqə eləcə qaldım. Bilmədim kimin üstünə qaçım... Sizin evinizə axışıb gələn insanların, maşınların ardı kəsilmirdi. Biz səndən müsahibə aldıq. Xəbəri elə orada Qafqazinfoya qoyduq. Hamı mənim sevinməyimə, hərəkətlərimə baxırdı. Tək mən yox, ora gələn bütün jurnalistlər, deputatlar eləydi. Həmin gün Azərbaycan xalqı mənim kimiydi...

Ürəyim yazmaqla soyumamışdı mənim. Bayıra çıxanda evinizin qarşısından bir Kamaz şoferinin yüklü sürüb keçdiyini gördüm. Onu əl eləyib saxladım. Qışqırdım ki, ayə, bilirsən nə olub? Dedi yox, bilmirəm. Dedim Kamazı saxla, düş Ramillə görüş. İndi də bu yazını həmin günün sevincini xatırlayıb, göz yaşları içində yazıram...

Onda sizin qapıda qardaşın, səhv etmirəmsə adı Vüqar olmalıdır, bizim üstümüzə çığırdı ki, qoy Ramil dincəslin də... Bir söz demədik. Hamı həyəcanlı idi, başa düşürdüm onu. Qayıdıb işə gəldim.

Sonrakı günlər səninlə bağlı ölkədə də, dünyada da mərəkə qopdu. Yenə də ikitirəlik başladı. Səni qatil hesab edənlər bu toy-bayrama görə bizə ağızlarına gələni dedilər. Ölkəmizin gözdən düşdüyünü, bunun hesabının bizdən sorulacağını iddia elədilər. Amma biz yenə də susmadıq. Başladıq sənin haqqında yayılan mənfi rəylərin qarşısını almağa. O arada mən Sərdar Cəlaloğlu ilə müsahibə elədim. Həmin müsahibə bütün ölkədə səs-küyə səbəb olmuşdu. Sərdar bəy səni ittiham edirdi, mən isə müdafiə edirdim. Bir-birimizi az qala təhqir etdik. Sonra məni bu mövqeyimə görə qınayan dostlarımdan bir neçəsi ilə əlbəyaxa olmaq dərcəsinə çatdım. Mən deyirdim ki, bu hökumətin, konkret İlham Əliyev iqtidarının ən böyük uğurlarından biri Ramil Səfərovdur. Onun vətənə qaytarılması Qarabağın azad olunması kimidir. Mən bir az pafosa qapıldığımı bilirdim, ama jurnalist kimi, bir söz adamı kimi mən belə düşünürdüm. Açığı indi də belə düşünürəm. Bundan sonra da, sən mənim qəhrəmanımsan. Çünki mən öz həqiqətimə inanıram. Mən inanıram ki, sən Macarıstanda bir şərəfli türk əsgəri kimi davranıbsan. Və heç bir zaman nə dünya, nə də Azərbaycan səni unutmayacaq... Bu belədir. Mən də bir jurnalist kimi nə qədər ehiyac olacaqsa, səni müdafiə edəcəm.


Bəs indi nə olub? Bu gün rəhbəri olduğum Qafqazinfo saytının cəmi on gün əvvəl işə başlayan əməkdaşı təsadüfən səninlə Mərkəzi Klinik Xəstəxanada rastlaşıb. Öyrənib ki, sən ora dünyasını dəyişən bir dostuna görə gəlibsən. Əməkdaş əlləri əsə-əsə sənin şəklini çəkib redaksiyaya göndərib. Bunu o bir jurnalist kimi sevinərək edib. Sənə olan sevgisindən edib. Biz də sənin mobil telefonla çəkilən bir-iki şəklini və bir neçə cümlə xəbəri saytda vermişik.

Üstündən az keçməmiş bayaq adını çəkdiyim qardaşın redaksiyaya zəng edib casus, onun dediyi kimi ifadə etsək “şpiyon” adı ilə müraciət edərək ağzına gələni deyib. Guya ki, bizim bu xəbəri verməyimiz sənin təhlükəsizliyini pozub. Ay nə bilim, MTN buna görə mənim... Davamını yazmıram. Onun dediyi sözləri yazmağa mənim təribəyəm yol verir, amma sənin adına sığışdırmıram bu sözləri... Mən onun cavabını vermişəm. Amma bəs eləməyib. Mən onun bu hərkətindən sarsılsam da, sənə münasibətimi dəyişmirəm. Bilirəm ki, beş barmağın nəinki beşi, heç ikisi də bir ola bilməz...

Ancaq sözlərimi deməliyəm. Yəni gerçəkdənmi səni görmək, sevinmək, şəklini çəkmək, haqqında yazmaq olmaz və buna görə sənin qardaşın həmin adama zəng edib MTN-lə, onun ağzını, üzünü söyməklə hədələməlidir?.. O sənin təhlükəsizliyindən narahat idisə, yüz dəfə üzr istəyib, nəyisə xahiş edə bilməzdimi? İnsan bir cəmiyyətdə öz qəhrəmanına münasibətinə görə beləmi qiymətləndirilməlidir?.. Sənin qardaşın hələ başa düşməyibmi ki, sən təkcə onun yox, bütün Azərbaycanınsan?.. Və biz o qədər axmağıq ki, nəyin təhlükə olduğunu sənin qardaşın qədər dərk edə bilmirik?


Əzizim Ramil!

Bu bizim başımıza gələn nə ilk, nə də son hadisədir. Səni heç kimlə müqayisə etmək istəmirəm. Ancaq məcburam. Azərbaycanın bu bədbəxt jurnalistləri o qədər haqqı çatan və çatmayan insanları müdafiə edib əvəzində sənin qardaşının bu gün bizə elədiyi “təşəkkür”lərdən alıblar ki... Biz o qədər həbsxanalarda çürüyən insanları xilas edəndən sonra elə onların öz dilindən təhqir olunmuşuq ki... Yəni biz öyrəncəliyik. Amma düz bildiyimiz yoldan çəkinmirik, elə bizi buna görə söyənlər də öz yolundadır. Bu mənada hərə öz işindədir...

Ümidvaram ki, bu məsələni ictimailəşdirməyimə görə inciməyəcəksən. Bu yazını başlayanda dediyim kimi, yazmaya da bilərdim. Ama, gərək bağışlayasan, təhqirə qarşı susmamağı bizə sən öyrədibsən...