Ruhi xəstəni məşhurlaşdırmaq

ruhi-xesteni-meshurlasdirmaq
Oxunma sayı: 1608


Qonşumuzda bir qadın var. Şeir yazır, mahnı bəstələyir, oxuyur və sair. Bir də görürsən, səsini başına atır. Öz aləmində guya oxuyur, şeir söyləyir, dastan danışır, nağara çalır. Evlərinə qonaq gələndə gizlədirlər qadını. Qınamalı deyil. Xəcalət çəkir ailəsi. Dəfələrlə müalicə kursu keçsə də xeyri olmayıb. Qonşularımız mədəni adamlar olduğundan ona qətiyyən əhəmiyyət vermirlər. Ruhi xəstə olduğunu bildikləri halda “dəli” yarlığını da adının böyrünə yamamırlar. Əksinə, kömək etməyə çalışırlar. Qadın özü nə qədər oxuyub oynasa da mizantropdur-“istedadının” qəbul edilmədiyini anlayır...

Lokal təfəkkürlü adamlar belələrini dolayır, ələ salır. İctimailəşdirir, nəticədə özləri də bilmədən təbliğatı ilə məşğul olurlar. Bizim məhlədə kimsə qonşularımız haqda soruşsa həmin qadından yox, professor Əbdül müəllimdən, doktor Feyziyevdən danışarıq. Çünki qonşuların kimliyi məhlənin “pasportudu”.

Məhləmiz ölkəmizin bir parçasıdı. Və hər məhlədə ruhsal problemli adamlara bu cür yanaşılmır. Məsələn, əvvəl yaşadığımız yerdə Mehdi adlı psixi problemi olan qonşumuz vardı. “Lal Mehdi”deyirdilər ona. Səhərdən axşamacan taxtadan, alüminium məftildən avtomat düzəldir, yerdə sürünür, ağacların arxasında gizlənir və gəlib –gedənə həmin avtomatlardan “atəş açırdı”. Uşaqlar bəzən Mehdiylə məzələnmək üçün yerə yıxılıb “ölürdülər”. Mehdi atılıb-düşür, özünü qəhrəman kimi hiss edib sevindiyindən ağlayırdı. Anası da ona qoşulub ağlayırdı...

Zəif insana münasibət toplumun səviyyəsinin göstəricisidi.

Öz ölkəmi əvvəlki məhləm kimi yox, bu günkü kimi görmək istərdim-xəstə, zəif, özünəvurğun, psixi problemli insanlara qarşı tolerant yanaşan! Onları ələ salaraq məşhurlaşdırmaq istənilən halda ziyanımızadı. Öz xəstəmiz-öz problemimizdi. Bir ölkədə ağıllı, savadlı, istedadlı adamlar əqli çatışmazlığı olanlardan çoxdu. Birincilərin təbliğatını aparmaq daha yaxşı deyilmi?

Bir yerdə ki kiçik insanların kölgəsi böyüyür, demək o yerdə Günəş batır (Çin atalar sözü).

Böyütmək lazım deyil kiçik insanların kölgəsini.

Sabahlar günəşlə gəlir...