Rusiya səlahiyyətlərini Serbiyaya verdi

rusiya-selahiyyetlerini-serbiyaya-verdi
Oxunma sayı: 635

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, təşkilatın ali qərarverici orqanı olan Nazirlər Şurasının toplantısının əsas məqsədi QDİƏT-in ötən yarım illik fəaliyyətini nəzərdən keçirərək növbəti mərhələ üçün prioritetlərin müəyyən edilməsi və bununla bağlı müvafiq qərarların qəbul edilməsi olub.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini M.Məmməd-Quliyev rəhbərlik edib. Öz çıxışında o, ilk növbədə qeyd edib ki, təşkilatın əhatə etdiyi region dünyanın ən dinamik inkişaf edən və geniş potensiala malik olan regionlarından biridir və Azərbaycan QDİƏT çərçivəsində üzv ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsində olduqca maraqlıdır. Buna nail olmaq üçün isə hazırkı mərhələdə QDİƏT-in təsisedici sənədləri bir daha nəzərdən keçirilməli və qurum çərçivəsində islahatlar reallaşdırılmalıdır. Bildirib ki, QDİƏT-in fəaliyyətinin ətraflı icmalı keçirilərək mövcud zəif yerlər müəyyən edilməli və bundan irəli gələn müfəssəl təkliflər hazırlanmalıdır, nəticə etibarilə isə Təşkilatın səmərəliliyinin artırılması istiqamətindəki gələcək tədbirlər planlaşdırılmalıdır. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, Təşkilat regional təşəbbüslərdə daha fəal olmalı, Avropa İttifaqı ilə əməkdaşlığını gücləndirməli və üzv dövlətlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməlidir.

Daha sonra, qurumun son altı ay ərzində fəaliyyətini və ümumilikdə hazırkı vəziyyəti təhlil edərək, müəyyən irəliləyişin fonundakı problem və çatışmazlıqları sadalanıb, habelə Təşkilatın fəaliyyətinin səmərəliliyini artırmaq və iş keyfiyyətini yaxşılaşdırmaq üçün konkret təkliflər verib. Bundan əlavə, QDİƏT üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün prioritet ola biləcək konkret sahələrə diqqət çəkib. Belə ki, informasiya və kommunikasiya texnologiyaları və nəqliyyat sahələrini misal gətirərək, bu istiqamətlər üzrə Azərbaycanda son illər ərzində əldə olunmuş nailiyyətləri sadalamış, hazırda aparılan və gələcək üçün planlaşdırılan nəhəng ölkədaxili və regional layihələr barədə məlumat verib.

Eyni zamanda, QDİƏT regionunda hərtərəfli iqtisadi əməkdaşlığın qurulması üçün əsas maneələrdən biri kimi regionda mövcud olan münaqişələr göstərmiş və yalnız onların tam həllindən sonra üzv ölkələr arasında iqtisadi əlaqələrin qənaətbəxş səviyyədə olacağını vurğulanıb.

Toplantının yekunu olaraq Təşkilatın fəaliyyətinin əsas istiqamətlərinə dair Nazirlər Şurasının son qərar, qətnamə və tövsiyələri qəbul edilmiş, o cümlədən Azərbaycanın nümayəndəsinin QDİƏT-in Daimi Beynəlxalq Katibliyində İcraçı Menecer vəzifəsinə seçilməsi rəsmi olaraq təsdiq edilib.

Görüşün sonunda isə 2011-ci ilin iyul-dekabr aylarında QDİƏT-də sədrlik funksiyasını yerinə yetirən Rusiya Federasiyası öz səlahiyyətlərini növbəti yarım il müddətinə rəsmi olaraq Serbiyaya ötürüb.